Logo
news content
User
Kateqoriyalar

Analitika

Necə çıxsın qaranlıqlar aydınlığa?..
İşıqlandırılmayan yollar təhlükə və cinayət mənbəyi olaraq qalır

“Bir gün maşınla metronun “Neftçilər” stansiyasından “8-ci kilometr” bazarı istiqamətində gedərkən döngəyə buruldum. Yol o qədər qaranlıq idi ki, döndüyüm anda qarşıma iki nəfər çıxdı. Xoşbəxtlikdən cəld davranıb, geriyə çəkildilər. Yoxsa qəza baş verəcəkdi. Maşının işıqları yansa da döngənin ardını görmək olmur. Bu cür yollar işıqlandırılsa, öncədən görmək olar və qəza təhlükəsi yaranmaz”.

Bu sözləri Bakı sakini Asif Əliyev old.pressklub.az saytının əməkdaşı ilə söhbətində deyib. O, bildirib ki, bəzi yollarda işıq dirəkləri var, amma işıq yoxdur. Bəzilərində isə ümumiyyətlə, dirək də yoxdur. 

Son zamanlarda, ən çox da qış aylarında qaranlıqda qalan yolların sayı artır. Bəzi yollar işıq dirəkləri ilə təchiz olunsa da, işıq verilməsi ya tam dayanıb, ya da “var”la “yox” arasında işləyir - işıq yanır, amma o qədər zəif ki, görmə çətinləşir.

Mövzu ilə bağlı old.pressklub.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat katibi Araz Əsgərli bildirdi ki, axşam saatlarında avtoqəzalara daha çox rast gəlinir və onların nəticəsi də çox ağır olur.

“Yol hərəkətinin təhlükəsizliyi baxımından yolların işıqlandırılması mühüm məsələdir. İşıq dirəkləri bəzən yol nəqliyyat hadisələrində sıradan çıxa bilir. Ona da hüquqi qiymət verildikdən sonra hadisədə zədələnmiş işıq dirəyinin təmin olunması aidiyyəti dövlət orqanına sığorta tərəfindən və ya məhkəmə qərari ilə dəymiş ziyanın ödənilməsi ilə bağlı müəyyən vaxt apara bilir”. 

“Yol hərəkəti haqqında” qanuna əsasən işıqlandırılmış yollardan fərqli olaraq, qaranlıq yollarda sürücülər uzaqvuran işıqlardan istifadə edə bilər. Amma bəzi yollar var ki, olduqca zəif işıqlandırılır. Bəs belə yollarda necə etmək lazımdır?

Araz Əsgərli deyib ki, günün qaranlıq saatlarında, az işıqlanmış yollarda görmə məhdudiyyəti yaranarsa, uzaqvuran işıqlardan istifadə etmək olar. Lakin bunun da özünəməxsus qaydaları var. Çünki uzaqvuran işıq qarşıdan gələn sürücünün birbaşa gözünə düşə bilər. Belə hallarda, sürücü qarşıdan gələn avtomobilə yaxınlaşdıqda, ən azı 20-25 metr məsafədə, uzaqvuran işıq yaxınvuran işığa dəyişilməlidir.  

Qaranlıq yollarda qəzaların baş vermə riski çox yüksəkdir. Hətta statistikaya baxsaq, elə qəzaların çoxunun axşam vaxtı, xüsusən də işıqlandırılmamış ərazilərdə baş verdiyini görərik. Ona görə də həmin yollarda həm sürücülər, həm də piyadalar daha diqqətli olmalı, hətta ehtiyat tədbirləri görməlidir. 

Yeri gəlmişkən, problemlə bağlı bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mətbuata verdiyi açıqlamada piyadaları qaranlıq vaxtı diqqətçəkən geyimlərdən istifadə etməyə çağırmışdı: "Gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür. Nəticədə yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz olur. Piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər".

Azərbaycanda yolların işıqlandırılmasına İcra Hakimiyyətləri (İH) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) nəzarət edir. 

old.pressklub.az mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi Metin Hüseynovla əlaqə saxlayıb. M.Hüseynov bildirib ki, İcra Hakimiyyətinin tabeliyində olan ərazilər çoxdur. Amma hansı ərazilərdə bu cür problem varsa, tezliklə aşkarlanıb, aradan qaldırılacaq.

Metin bəy söz verdi ki, problem həll ediləcək. Bizə də səbirlə gözləmək düşür.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli mətbuata açıqlamasında bildirib ki, ərazidə işıqlandırma yoxdursa, asfalt örtüyünün təmiri zamanı orada işıq dirəyi quraşdıra bilmərik.

“Yenidənqurma həyata keçirilərkən, layihə üzrə həmin yolda işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulubsa, quraşdırılır. Əks təqdirdə, quraşdırılmır”.

Onun sözlərinə görə, yolun kənarında quraşdırılan işıq dirəkləri həmin rayon üzrə İcra Hakimiyyətlərinin cavabdehliyindədir. Nəcəfli deyir ki, AAYDA yeni yollar inşa etdikcə işıqlandırma sistemini də quraşdırır. Amma agentliyin mövcud yolların təmiri zamanı işıq dirəklərini quraşdırmaq, kommunikasiya xətləri çəkmək ixtiyarı yoxdur.

Problem o səviyyəyə çatıb ki, ölkə Prezidenti İlham Əliyev də münasibət bildirməli olub. Bir neçə il əvvəl Nazirlər Kabinetində keçirilən iclasda dövlət başçısı bildirmişdi ki, küçələrin işıqlandırılması hələ də lazımi səviyyədə deyil, bütün yollar işıqlandırılmalıdır: “Şəhərin mərkəzi, təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

5 ilə yaxındır ölkə rəhbəri bu barədə göstəriş versə də problem hələ tam şəkildə həllini tapmayıb. Yəni, bəzi yollar gündüz kimi aydın, bəziləri isə zülmət olur.

Göz gözü görməyən zülmət yollarda insanlar qorxuya düşür. Gedəcəyi yeri unudub, “təki bu yol bitsin, başqa heç nə istəmirəm”,- deyirlər.

Mövzu haqda old.pressklub.az-a fikrini bildirən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, aidiyyəti qurumlar məsələyə hələ də səhlənkar yanaşır.

“Azərbaycan enerji istehsal etdiyi halda, enerji problemi yaşayan ölkə olmağa başlayıb. Halbuki istədiyimiz zaman bu problemi aradan qaldıra bilərik. Bəzi məmurlar yeyintidən, korrupsiyadan uzaq dursalar, bu işlər tam başa çatacaq. 100 minlik iş görüb, 300 min pul siləndə məlum olur ki, 3 küçənin yerinə 1 küçənin problemi həll edilib. Yerli icra hakimiyyətləri bu məsələyə ciddi yanaşmalıdır. Dövlət büdcəsindən bu sahəyə pul ayrılarkən işıq məsələsi də nəzərə alınmalıdır”.

Ekspert deyir ki, yolların işıqlandırılması, infrastrukturun qurulması üçün İH-nin həmişə pulu var. İstəsələr, məsələni həll edə bilərlər, sadəcə, maraq göstərmirlər. Yaxud da hansı küçənin sakinləri narazılıq edirsə, yalnız həmin küçələri düzəldirlər. 

“İşıq problemi tezliklə aradan qaldırılmalıdır. Ən böyük biabırçılıq da odur ki, işıqlandırılan küçələrdə gecə saat 12-dən sonra işığı söndürürlər. Bu, təəssüf ki, Bakı şəhər İcra Hakimiyyətində hələ Hacıbala Abutalıbovun dövründən qalan problemdir. Məgər saat 12-də həyat sönür? Heç sovetin dövründə camaat saat 12-də evinə girmirdi. Saat 5-6 dan küçələrdə hərəkət başlayır. Bəs niyə işıqlar yandırılmır? Gürcüstan bizdən işıq alır, onlarda hər yer işıqlandırılır. Biz isə saat 12-dən sonra söndürürük”. 

Ekspert qaranlıq yollarda uzaqvuran işıqlardan istifadə edən sürücülər haqqında da fikir bildirib.

O, deyir ki, işıqsız yollarda bəzi sürücülər eqoistlik edir. Uzaqvuran işıqlardan düzgün istifadə etməyərək problem yaradır, qarşıdan gələn sürücülərin gözlərini qamaşdırırlar. Bu da qəzaya səbəb olur. Qanuna əsasən, sürücü qarşıdan gələn avtomobilə yaxınlaşdıqda uzaqvuran işıqları yaxınvuran işıqlara keçirməlidir. Onun sözlərinə görə, təəssüf ki, qanunu pozan xeyli sürücü var.

Problemin başqa bir tərəfi də var. Qaranlıq küçələrdə cinayətə meylli ünsürlər formalaşır, oğurluq halları baş verir, narkomanlar toplaşır, maşınlara ziyan vurur. Həmçinin insan bu cür qaranlıqda itlərin yanından keçə və onların hücumuna məruz qala bilər. Təbii ki, insanların gecə vaxtı işıqlı yollarda hərəkəti daha rahat, təhlükəsiz olur və yol qəzasının yaranma  riski minimuma enir. 

Belə bir deyim var ki, “gecənin xeyirindənsə, gündüzün şəri yaxşıdır”. Bu deyimdən də məlum olur ki, qaranlıq həmişə insanlar üçün təhlükəli hesab edilib. Ona görə də insanlar gedəcəyi ünvana müxtəlif alternativlər olduqda, yəni qaranlıq yolla gedib tez çatmaqdansa işıqlı yolu seçib, gec çatmağa üstünlük verirlər. Eynilə Cırtdanın işıq gələn tərəfi seçdiyi kimi...

Yolunuz işıqlı olsun...

Günay Elşən