
NATO sammiti: Hamı Azərbaycanı gözləyir!
Rəsmi Bakı alyansın dəvətini hələ də cavablandırmayıb
08 İyul 2024
NATO-nun Vaşinqtonda keçiriləcək sammiti yaxınlaşdıqca Azərbaycan strateji qərar qəbul etmək seçimi ilə üz-üzə qalıb: alyansın xarici işlər nazirləri səviyyəsində keçiriləcək tədbirdə iştirak etmək dəvətini qəbul etməlidirmi? ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin iyunun 28-də Azərbaycana səfəri zamanı təqdim etdiyi dəvət 30 tərəfdaş ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın nümayəndələrinin iştirakını nəzərdə tutur.
Ermənistan artıq iştirakını təsdiqləsə də, Azərbaycan hələ də rəsmi qərar qəbul etməyib. Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev iyulun 2-də Bakıda NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının Baş Qərargah rəisinin müavini Ştefan Fiks ilə görüşüb. Vəliyev görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlığın üstünlüklərini vurğulayıb və səmərəli qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə söz verib.
Amma Azərbaycanın sammitdə iştirakı NATO ilə ikitərəfli münasibətlərdən kənara çıxır. Bəzi ekspertlər xəbərdarlıq edirlər ki, sammitdə iştirak Rusiya və İran kimi regional güclərin reaksiyasına səbəb ola bilər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov hesab edir ki, Azərbaycanın belə bir sammitdə iştirakına NATO qarşısında öhdəlik kimi baxmaq lazım deyil. “Düşünürəm ki, Azərbaycan sammitdə iştirak edə bilər və etməlidir”, - Musabəyov Turan agentliyinə bildirib. O, vurğulayıb ki, Azərbaycan NATO-ya üzv olmağa can atmır və sammitdə qərarların qəbulunda iştirak etməyəcək.
Musabəyov Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında və nümayəndə heyətimizin NATO Parlament Assambleyasında iştirakını da xatırladıb.
“Atlas” tədqiqatlar mərkəzinin rəhbəri Elhan Şahinoğlu da bu fikri bölüşərək bildirib ki, Azərbaycanın xarici və təhlükəsizlik sahəsində siyasəti Rusiya və İranın potensial etirazları üzərində deyil, milli maraqlar üzərində qurulmalıdır. “Əgər biz NATO ilə əməkdaşlığa üstünlük veririksə, əməkdaşlıqda maraqlıyıqsa, o zaman bu tədbirlərdə iştirak etməliyik”, - Şahinoğlu bildirib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif proqramlarında iştirak edərək, uzun müddətdir NATO ilə əməkdaşlıq edir. E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan NATO-ya daxil olmaq niyyətində olmasa da, alyansla birgə planlaşdırmaya və fəaliyyətə sadiqdir.
Rusiya Xarici İşlər Nazirliyi iyulun 3-də bu məsələ ilə bağlı açıqlama verib. İnformasiya Departamentinin direktor müavini Andrey Nastasin iddia edib ki, Qərb bu yolla Moskvanın müttəfiqlərini Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır. Bu açıqlama Azərbaycanın beynəlxalq münasibətlərdə tarazlıq əldə etməsinin necə çətin olduğunu göstərir.
NATO Xarici İşlər nazirlərinin iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək Sammiti Azərbaycan üçün dönüş nöqtəsi olacaq. İştirak etmək qərarı ölkəmizin beynəlxalq əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyəcək. Amma eyni zamanda güclü qonşularımızla əlaqələr potensial olaraq gərginləşə bilər. Sammitin keçirilmə tarixi yaxınlaşdıqca, bütün diqqət Bakının hansı yolu seçəcəyinə yönələcək.
Bakının bu vəziyyətdə hansı qərar daha doğru ola bilər? Alyansla əməkdaşlığı təsdiq etmək üçün Vaşinqtona getmək lazımdır, yoxsa Moskva və Tehranı “incitməmək” üçün dəvətdən yayınmaq?
Latviyalı politoloq, filologiya elmləri doktoru, müstəqil jurnalist, Amerika Milli Demokratik Beynəlxalq Münasibətlər İnstitutunun (NDI) keçmiş əməkdaşı Aleks Qriqoryevs bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O xatırladıb ki, prezident Heydər Əliyev vaxtilə Azərbaycan üçün Rusiya və Qərbdən bərabər məsafədə uzaqlaşmaq (yaxud onlara bərabər yaxınlıq) siyasəti seçib.
“Burada əsas söz “bərabərdir”. Bir əsr ərzində həm Rusiya imperiyasının, həm də Sovet İttifaqı adı altındakı imperiyanın tərkibində olduğuna görə, Azərbaycanın müstəqilliyin ilk illəri Rusiyadan uzaqlaşmağa, Qərbə və onun təşkilatlarına yaxınlaşmağa həsr olunub. Zaman keçdikcə elə həmin Rusiyanın köməyi ilə itirilmiş ərazilər üzərində suverenliyin bərpası zamanı Rusiya ilə əməkdaşlığa, daha doğrusu onun neytrallığına ehtiyac yarandı”, - deyə analitik qeyd edib.
O, deyir ki, qərarların qəbulu və əməkdaşlıq zamanı reallıq hissini itirməmək vacibdir. “Rusiya bu torpaqdan Azərbaycan güclü olduğuna görə yox, əsasən Ukraynaya qarşı müharibə nəticəsində zəiflədiyinə görə çıxdı. Moskvanın, Paşinyanın Ermənistanın lideri seçilməsindən narazılığı nisbətən az rol oynayıb. Azərbaycan nə edirsə etsin, o, həmişə Rusiyanın maraq zonasında olacaq. Rusiyanın təcavüz üçün təxribata ehtiyac yoxdur – Moskvanı Qərblə yaxınlaşma deyil, qurbanın zəifliyi təhrik edir”, - deyə politoloq qeyd edir.
Onun fikrincə, Azərbaycanın NATO sammitində iştirakdan imtina etməsi Rusiya üçün təhrikedici ola bilər. “Rusiya belə bir imtinanı zəiflik əlaməti kimi qəbul edəcək. Amma ümumiyyətlə Rusiyadan danışarkən təxribat və eskalasiya sözlərini işlətmək mənasızdır. Rusiya Azərbaycan ərazisini öz ərazisi hesab edir və bu əraziyə nəzarəti bərpa etmək üçün təxribata ehtiyac duymur. İran da eyni niyyətdə və fikirdədir. Baş verə biləcək ən pis şey, Stalin və Hitlerin 1939-cu ildə Polşanı bölməsi kimi, ölkənin iki yırtıcı arasında bölünməsidir. Bölgədə belə bir nəticədə marağı olmayan yeganə böyük dövlət Türkiyədir. Bu baxımdan, sammitdə iştirakla bağlı müzakirələrdə Türkiyənin adının ümumiyyətlə çəkilməməsi təəccüblüdür”, - Qriqoryevs yekunlaşdırıb.
Rauf Orucov