Logo
news content
User
Kateqoriyalar

Analitika

Müxalifət atəşkəs razılaşmasına nə deyir?

Rusiya prezidentinin təşəbbüsü ilə oktyabrın 9-10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü 11 saata yaxın davam edib. Oktyabrın 10-na keçən gecə başa çatan görüşün yekunu ilə bağlı bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

Məlum olub ki, razılığa əsasən Azərbaycan və Ermənistan arasında 10 oktyabr, saat 12:00-dan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq, hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi, cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın əsas prinsipləri əsasında münaqişənin sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayır. Tərəflər danışıqlar formatının dəyişməzliyini təsdiq edirlər.

Bu razılaşma Azərbaycanda birmənalı qarşılanmayıb. Xüsusən sosial mediadakı müzakirələrdə belə bir sənədin imzalanması prezident İlham Əliyevin son günlər çıxışlarında səsləndirdiyi fikirlərə zidd qiymətləndirilir.

Moskvada imzalanan sənəd haqda müxalifət liderləri nə fikirləşir?

Müsavat başqanı Arif Hacılı bildirib ki, razılaşma ilə bağlı bir sıra suallar açıq qalıb. Oktyabrın 10-da Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən brifinqdə nazir Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev o suallara aydın cavab verməyib. A.Hacılının sözlərinə görə, Türkiyənin bu prosesdən kənarda qalması, danışıqlar formatının və vasitəçilərin əvvəlki kimi saxlanması, humanitar atəşkəsin müddətinin müəyyənləşdirilməməsi kimi məsələlər narahatlıq yaradır. Müsavat başqanı hesab edir ki, indiki məqamda Azərbaycanın atəşkəsə razı olması qarşı tərəfin yenidən ciddi silahlanmasına, qoşunlarının mövqelərini möhkəmləndirməsinə şərait yarada bilər:

“Hakimiyyətin mövqeyində ziddiyyət müşahidə olunur. İstər İlham Əliyevin özü, istərsə də köməkçisi Hikmət Hacıyev son günlərdə tamam fərqli danışırdı. O açıqlamalarla Moskvada imzalanan sənəd arasında kəskin ziddiyyət var. Azərbaycan ordusunun əldə etdiyi nəticələri diplomatik danışıqlar masasının arxasında itirmək olmaz”.

Müsavat başqanı vurğulayıb ki, dövlət başçısı xalqa müraciət edərək, bütün bu məsələlərə aydınlıq gətirməlidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də Moskva razılaşmasının Azərbaycanın maraqlarına cavab vermədiyini düşünür. O, hesab edir ki, atəşkəs razılaşması Rusiyanın təşəbbüsü və təkidi ilə Azərbaycanın maraqları və şərtləri nəzərə alınmadan imzalanıb. Ə.Kərimli bu razılaşmadan cəmi 5 gün əvvəl Azərbaycanın dövlət başçısının atəşkəslə bağlı şərtlər irəli sürdüyünü, amma həmin şərtlərin heç birinə hələ əməl olunmadığını xatırladıb.

Prezident İ.Əliyevin şərtləri bunlar idi:

  • Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdır və Azərbaycana bu barədə cədvəl təqdim edilməlidir;
  • Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır;
  • Paşinyan Azərbaycan xalqından üzr istəməlidir və s...
AXCP sədrinin fikrincə, Moskvada əldə olunan yeni atəşkəs razılaşması Rusiyanın regiondakı mövqeyini daha da gücləndirdi:

“Rusiya Ermənistanda laxlamış mövqelərini bərkitdi. Azərbaycan üzərində nüfuzunu daha da artırdı. Dünyaya açıq mesaj verdi ki, Cənubi Qafqazda müharibə və sülh mövzusunda son söz ona aiddir. Azərbaycan tərəfinin vəd etdiyinin əksinə olaraq, Türkiyə sülh prosesindən kənarda saxlanıldı. Ermənistan öz suverenliyindən bir az da vaz keçməklə, işğal etdiyi Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsini işğalda saxlamağa nail oldu. Azərbaycan ordusu qarşısında daha böyük məğlubiyyətdən canını ən azı bir müddət qurtarmış oldu”.

Gülər