Müttəfiqsiz birlik – Moldova da MDB-ni tərk edir
Bəlkə digər ölkələrin də bu qurumu tərk etməsinin vaxtı çatıb?
24 Mart 2026
Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Sazişin, müvafiq Protokolun və MDB Nizamnaməsinin denonsasiyası (ləğvi) üçün səs verib.
Bu qərarın təşəbbüskarı Xarici İşlər Nazirliyi olub. Nazirlik qərarını MDB-nin əsas dəyərləri və prinsiplərinin yerinə yetirilməməsi ilə əsaslandırıb – xüsusilə də üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanıması və hörmət etməsi ilə bağlı müddəanın pozulmasını qeyd edib.
Bundan əlavə, bu addım ölkənin Avropa İttifaqına inteqrasiya kursu ilə də izah olunur. Ölkə rəhbərliyi MDB-ni “keçmişin qalığı” və “qulpu olmayan çamadan” kimi qiymətləndirərək onun Aİ-yə üzvlük yolunda maneə olduğunu bildirir.
Sənədləri parlamentin plenar iclasında xarici işlər naziri Mihay Popşoy təqdim edib.
Parlament müxalifəti isə bu qanunvericilik təşəbbüsünü tənqid edib. Sosialistlərin (PSRM) deputatı Vlad Batrınça qeyd edib ki, bu qərarlar MDB ölkələri ilə ticarət-iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər. Kommunistlərin (PKRM) deputatı Diana Karaman bildirib ki, denonsasiya MDB ölkələrində çalışan vətəndaşların maraqlarına toxuna bilər. “Alternativa” fraksiyasından deputat Aleksandr Stoyanoqlo isə bu addımların beynəlxalq platformalarda kommunikasiya və əməkdaşlığa təsir edə biləcəyini vurğulayıb.
Qeyd olunur ki, sazişlərin ləğvindən sonra dövlət büdcəsi hazırda MDB büdcəsinə illik ödəniş kimi ayrılan təxminən 3,1 milyon ley vəsaiti qənaət edəcək. Denonsasiyadan sonra MDB üzv ölkələri ilə münasibətlər ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində davam etdiriləcək. Moldova Respublikası isə MDB çərçivəsində, xüsusilə ticarət-iqtisadi və sosial sahələrdə, bəzi müqavilələrin iştirakçısı olaraq qalacaq.
Kişinyovun bu qərarı fonunda MDB-nin gələcək taleyi ilə bağlı suallar yaranır. Bu format hələ nə qədər mövcud ola bilər və ümumiyyətlə onun hansı funksiyası var? Bu gün iştirakçı ölkələr üçün praktiki faydası qalırmı? Yoxsa zaman dəyişib və artıq yeni ittifaqların vaxtıdır?
Belə təəssürat yaranır ki, bu gün MDB artıq müəyyən mənada faydasız formatdır və onun yeganə rolu Moskvanın kifayət qədər mübahisəli post-imperiya ambisiyalarını təmin etməkdən ibarətdir. Bəlkə artıq mahiyyət etibarilə formal xarakter daşıyan bu birliklə vidalaşmağın vaxtıdır?
Pressklub.az-ın suallarını tarix üzrə elmlər doktoru, Kişinyovda yerləşən Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski cavablandırıb.

O qeyd edib ki, Moldova parlamentinin MDB çərçivəsində sazişlərin denonsasiyası ilə bağlı qərarı gözlənilən tənqid dalğası yaradıb.
“Müxalifət iqtisadi risklərdən, miqrantlar üçün mümkün problemlərdən, bazarların itirilməsindən və əlaqələrin qırılmasından danışmağa başlayıb. Bu arqumentlər ciddi səslənir. Amma faktlara diqqətlə baxdıqda aydın olur ki, söhbət daha çox iqtisadiyyatdan deyil, keçmişdən qalan qorxulardan gedir.
Bu gün MDB-ni Moldovanı qoruyan iqtisadi qalxan kimi təqdim etməyə çalışırlar. Halbuki reallıqda bu nə bazardır, nə ticarət ittifaqıdır, nə də vahid qaydaları olan inteqrasiya birliyidir. Bu, SSRİ dağıldıqdan sonra yaradılmış siyasi konstruksiyadır və artıq çoxdan praktiki məzmununu itirib. Təsadüfi deyil ki, MDB-ni “keçmişin qalığı” və “qulpu olmayan çamadan” adlandırırlar.
Ticarət MDB ilə yox, konkret ölkələrlə aparılır. O da MDB-nin nizamnamələri ilə deyil, ikitərəfli razılaşmalar və Ümumdünya Ticarət Təşkilatının normaları ilə tənzimlənir. Bu isə sadə bir həqiqəti göstərir: MDB-dən çıxmaq öz-özlüyündə nə rüsum yaradır, nə qadağa, nə də məhdudiyyət. Bütün real iqtisadi mexanizmlər bu strukturdan kənarda yerləşir.
Buna baxmayaraq, cəmiyyətə əks fikir aşılanmağa çalışılır. Əsasən də ixrac mövzusunda, xüsusilə şərab məsələsində. Guya MDB olmadan Moldova şərabı bazarlarını itirəcək. Amma bu arqument ən sadə yoxlamaya belə tab gətirmir. Tarix artıq buna cavab verib.
2006-cı ildə Rusiya Moldova şərabının idxalını qadağan etdi. Moldova o zaman MDB üzvü idi. Üstəlik, hakimiyyətdə Moskvaya yaxın qüvvələr var idi. Amma bu, bazarın sadəcə bağlanmasına yox, nümayişkaranə aksiyaya çevrildi: şərablar rəflərdən yığışdırıldı, anbarlardan çıxarıldı və məhv edildi. Zərər yüz milyonlarla dollar oldu. 2013-cü ildə bu vəziyyət yenidən təkrarlandı. Yenə də MDB üzvlüyü heç bir müdafiə təmin etmədi.
Bu təcrübə mühümdür. O göstərir ki, bazar siyasi alətə çevrildikdə, heç bir formal birlik işləmir.
Eyni hal Moldova almaları ilə də baş verdi. İstehsalçılar illərlə Rusiya bazarına güvənirdilər. Amma siyasi gərginlik yaranan kimi qadağalar, məhdudiyyətlər və “sanitar iddialar” ortaya çıxırdı. Yük maşınları sərhəddə geri qaytarılır, müqavilələr pozulur, fermerlər zərər görürdü. Yenə də MDB üzvlüyü heç nəyi dəyişmirdi.
Bir bazardan asılılıq strateji zəifliyə çevrildi. İnkişaf və şaxələndirmə əvəzinə, davamlı risk və təzyiq yarandı. Yalnız böhranlar Moldovanı yeni istiqamətlər axtarmağa məcbur etdi: Avropa İttifaqı, Yaxın Şərq, alternativ logistika. Bu çətin və ağrılı proses idi, amma dayanıqlı iqtisadiyyat məhz belə qurulur.
Digər geniş yayılmış qorxu – sərbəst hərəkət imkanının itirilməsi ilə bağlıdır. Amma bu da reallığa uyğun deyil. MDB ölkələri arasında vizasız rejim MDB sayəsində yox, ikitərəfli razılaşmalar sayəsində mövcuddur. Hətta MDB-dən çıxdıqdan sonra belə bu razılaşmalar qüvvədə qalır. Sözsüz ki, əgər ayrıca ləğv olunmazsa. Üstəlik, Moldovanın artıq daha vacib vizasız rejimi var – Avropa İttifaqı ilə. Məhz bu, vətəndaşlara real imkanlar yaradır: hərəkət azadlığı, təhsil, əlaqələr, iş. Buna görə də MDB-ni sərbəst hərəkətin təminatçısı kimi təqdim etmək ya yanlış anlama, ya da manipulyasiyadır.
Eyni yanaşma miqrantlar məsələsinə də aiddir. Onların hüquqları MDB tərəfindən yox, konkret əmək miqrasiyası, sosial təminat və pensiya hüquqları üzrə razılaşmalarla qorunur. Belə razılaşmalar olan yerdə onlar işləyir. Olmayan yerdə isə MDB üzvlüyü heç nəyi dəyişmir. Son illərin təcrübəsi göstərir ki, vətəndaşların hüquqları Aİ ölkələrində daha yaxşı qorunur.
Bir vacib məqam da var ki, nadir hallarda qeyd olunur: MDB sabitlik təmin etmir. Avropa İttifaqından fərqli olaraq, burada aydın qaydalar, mübahisələrin həlli mexanizmləri və institusional müdafiə yoxdur. MDB-də qərarlar siyasi və birtərəfli qaydada qəbul edilə bilər. Bu gün bazar açıqdır, sabah bağlanır. Bu gün giriş var, sabah yoxdur. Və buna təsir etmək mümkün deyil. Əsas paradoks da bundadır: MDB sabitlik aləti kimi təqdim olunur, amma əslində nə iqtisadiyyatı, nə biznesi, nə də vətəndaşları qoruyur.
Bununla yanaşı, şərq bazarları ilə bağlı böhranlar Moldovaya müsbət təsir də göstərdi. Ölkəni dəyişməyə məcbur etdi: məhsul keyfiyyətini artırmaq, yeni bazarlara çıxmaq, milli brendlər formalaşdırmaq. Bu gün Moldova şərabının əsas bazarı artıq MDB yox, Avropa İttifaqıdır. Bu, nəzəriyyə yox, faktdır.
Ona görə də MDB-dən çıxışın “iqtisadiyyatı dağıdacağı” barədə fikirlər analiz deyil. Bu, ölkəni keçmişin məntiqində saxlamaq cəhdidir.
Dünya dəyişib. İqtisadiyyat dəyişib. Moldova isə artıq dəyişməyə başlayıb.
Əsas nəticə sadədir: bazarlar təşkilat üzvlüyü ilə təmin olunmur. İxrac rəqabət qabiliyyətindən asılıdır. Bir istiqamətdən asılılıq isə həmişə riskdir.
Moldova MDB-də olub və bu, onu qorumayıb. Ona görə də məsələ MDB-dən çıxmaq və ya çıxmamaq deyil. Məsələ ondadır: illüziyalarla yaşamaq, yoxsa reallığa əsaslanan iqtisadiyyat qurmaq?
Və bu reallıq belədir: Moldovanın iqtisadiyyatı üçün təhlükə MDB-dən çıxmaq deyil. Əsl təhlükə – siyasətin bazarı əvəz edə biləcəyinə inanmaqdır”, – alim hesab edir.
Onun fikrincə, MDB artıq inteqrasiya birliyi funksiyasını yerinə yetirmir. “Bu, inersiya ilə mövcud olan formatdır. O nə qədər davam edəcək? Çox güman ki, uzun müddət – amma “yarıcanlı” vəziyyətdə.
Onun “yaşamasının” daha bir səbəbi var. MDB hələ də Rusiyaya lazımdır – postsovet məkanına yumşaq nəzarət aləti kimi. Sərt mexanizmlərlə yox, ümumi çərçivə, simvolik “birlik”, təsir kanalları və daimi iştirak vasitəsilə. Bu, artıq iqtisadi və siyasi baxımdan parçalanmış olsa belə, vahid məkan illüziyasını qoruma üsuludur.
Bu gün MDB nəyə lazımdır? Əslində – postsovet məkanı üçün diplomatik qabıq kimi. Əlaqələr, protokol və formal dialoq platforması kimi. Amma real iqtisadiyyat və siyasət üçün yox.
Praktiki faydası varmı? Minimal və dolayı. Bütün real mexanizmlər – ticarət, miqrasiya, nəqliyyat, energetika – çoxdan ikitərəfli razılaşmalar və ya digər formatlarla tənzimlənir. MDB nə zəmanət verir, nə qoruma təmin edir, nə də inkişaf alətləri təqdim edir.
Əsas nəticə: MDB artıq gələcəyin aləti deyil. Bu, hamı üçün lazım olduğu üçün yox, hələ də bir güc mərkəzinə – təsiri saxlamaq üçün – lazım olduğu üçün mövcud olan keçmişin qalığıdır”, – Andriyevski yekunlaşdırıb.
Rauf Orucov