Logo
news content
User
Kateqoriyalar

Analitika

Müttəfiqlərin küskünlüyünün 3 səbəbi
Ərdoğan Azərbaycan-İsrail ticarətinə problemlər yarada bilərmi?

Türkiyə və Azərbaycan hökumətləri arasında qapalı danışıqlarda çözülə bilməyən narazılıqlar, fikir ayrlıqları artıq mətbuat səhifələrinə çıxır. Paralel olaraq, dövlət başçıları səviyyəsində yaxın aylara qədər müşahidə olunmayan əks addımlar, bəyanatlar səsləndirilir. Şəxsi təmaslarda əvvəlki mehribanlığı da diplomatik sözlər, jestlər əvəzlməyə başlayıb. 

Türkiyə və Azərbaycan təbii strateji müttəfiqdir, regionda və dünya siyasətində hər iki ölkənin milli maraqları üst-üstə düşür. Dövlət institutları – silahlı qüvvələr, kəşfiyyat orqanları, xarici işlər nazirlikləri, müşavirlər, habelə ölkə başçıları daim təmasdadırlar. 

Müxtəlif məsələlərlə bağlı iki müttəfiq ölkə arasında fikir ayrılıqlarının, narazılıqların olması da təbiidir. Çünki maraqlar, mənafelər, strateji baxış bəzən fərqlənir. Yaxud, digər ölkələrə, regional proseslərə münasibətdə fərqli yanaşmalar üzə çıxır. 

Bu gün məlum olur ki, Azərbaycanın İsraillə yaxın hərbi-siyasi əlaqələri, bu ölkə ilə siyasi-diplomatik, hətta ticarət əlaqələrini dayandırmış Türkiyədə qıcıq doğurur. Eləcə də Azərbaycanla 44 günlük müharibədən sonra sülh bağlamamış, Qərb müttəfiqlərinin dəstəyi ilə hərbi gücünü bərpa etməyə çalışan Ermənistana münasibətdə Bakı ilə Ankara arasında fikir ayrılıqları var. Türkiyə hakimiyyəti Ermənistanla quru sərhədlərinin açılmasında, ikitərəfli münasibətləri bərpa etməkdə maraqlıdır, bu istiqamətdə Birləşmiş Ştatlarla sıx dialoq içərisindədir. Azərbaycan isə müttəfiqnə təyiq göstərir, çünki sülhdən əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Bakının qarşı tərəfə təzyiq imkanlarını azaldır. Azərbaycan və Gürcüstanla sıx əlaqələr qurmuş Türkiyə Ermənistanla da sərhədləri açıb,  bütövlükdə Cənubi Qafqazda söz sahibi olmaqda maraqlıdır. Ankarada hesab edirlər ki, Rusiyanın regionda zəifləməsi fonunda Qərbin, İranın qonşu Ermənistanda möhkəmlənməsi Türkiyənin milli maraqlarına ziddir. Ona görə də Ankara və İrəvan arasında yüksək səviyyəli təmaslar intensivləşdirilib, sərhədlərin qeyd-şərtsiz açılması barədə prezident Ərdoğan və Baş nazir Paşinyan arasında razılıq əldə olunub. 

Azərbaycanın İsraillə münasibətləri Türkiyə, eləcə də yəhudi dövlətinin əsas düşməni roluna iddialı olan İrana qarşı yönəlməyib. Bakıda rəsmilər bunu dəfələrlə bəyan ediblər, amma Netanyahu hökumətinin Azərbaycanın coğrafi və s. imkanlarından rəqibinə qarşı istifadə etmək arzusu əbədidir. İsraildə başa düşürlər ki, Azərbaycan İranla açıq qarşıdurmaya gedəcək addımlar atmaz, bu, Bakının maraqlarına uyğun deyil, həm də Türkiyə öz müttəfiqini bundan çəkindirər. Bakı ilə Ankara arasında münasibətlərin təbii axarından çıxması Təl-Əvivdə məmnunluqla qarşılanır. Hətta sonuncu qalmaqal od üstünə yağ tökməyə bənzədi…

Artıq məlumdur ki, İsrail prezidenti İsaak Hersoqun COP29 beynəlxalq iqlim konfransına qatılmaq üçün əvvəlcədən elan olunmuş səfəri Türkiyənin müdaxiləsi səbəbindən baş tutmayıb. Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbə “Caliber.az” saytına bildirib ki, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. “Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə vermədi. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət bizim ölkədən asılı olmayan səbəblərdən yaranıb”, - sayt diplomatik mənbəyə istinadla yazıb. Maraqlıdır, israil prezidenti Bakıya gəlmək üçün başqa marşrutları nədənsə nəzərdən keçirmək istəməyib, problemin həllini Azərbaycanın üzərinə qoyub...

Aradan bir neçə gün keçsə də, nə Bakı, nə də Ankara bu barədə rəsmi açıqlama verməmişdi. Amma Prezident Ərdoğan Braziliyada keçirilən G-20 zirvəsində hər şeyi təsdiqlədi:

“İsraillə bütün əlaqələrimizi, o cümlədən ticarəti kəsmişik. Son olaraq İsrail prezidentinin COP29 zirvəsində iştirak etmək üçün Azərbaycana səfəri zamanı Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik. Daha fərqli məkanlar, imkanlar var, onlardan istifadə etməsini söylədik. Daha bilmirəm, COP29-a gedə bildi, ya yox...”

Ərdoğanın dediklərindən belə məlum olur ki, o, Bakıdan ən yüksək səviyyədə edilən xahişə müsbət cavab verməyib. Türkiyənin sərt mövqeyi gələcəkdə Azərbaycan-İsrail əməkdaşlığının başqa sahələrinə də təsir edə blər. Məlumdur ki, Türkiyə hava məkanı ilə təkcə İsrail rəsmiləri gəlib-getmir, hərbi müqavilələrə uyğun olaraq, yüklər də bu yolla daışınır. Habelə, Azərbaycan neftinin iki əsas alıcısından biri olan İsrail şirkətlərinin tankerləri Türkiyənin Ceyhan limanında doldurulur. Xatırladaq ki, müttəfiq ölkədə bəzi radikal islamçı qruplar Türkiyə üzərindən İsrailə neft satışın dayandırmaq tələbi ilə SOCAR-ın bu ölkədəki nümayəndəliyi qarşısında bir neçə etiraz aksiyaları da keçiriblər. Ərdoğan isə deyir ki, İsraillə bütün ticarət əlaqələrini kəsiblər. Sabah bu qadağanın Türkiyə üzərindən həyata keçirilən Azərbaycan-İsrail ticarətinə yönələcəyi istisna deyil... 

Bakı Türkiyə rəhbərliyinin bu mövqeyini ölçülü-biçili addımlar atmaqla cavabsız qoymur. Məsələn,Prezident İlham Əliyev Türkiyənin ana müxalifət partiyasının lideri Özgür Özəlin Zəfər günü ilə bağlı telefon zəngini qəbul edir, “keçmişdə olan anlaşılmazlıqların keçmişdə qaldığı” bəyan edilir, gələcək əməkdaşlıq imkanları müzakirə olunur. Yaxud, Türkiyədə növbəti prezident seçkilərində potensial namizədlərdən biri, Ərdoğanın qatı əleyhidarı olan İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu COP-29 sammitinə dəvət edilir, ona rəsmi protokol müəyyən edilir. Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun dili ilə ona, əslində Ərdoğana bu mesaj çatdırılır: 

“Siz Türkiyənin tanınmış dövlət adamısınız, siyasətçisisinz. Sizin fəaliyyətinizi maraqla izləyirik, bizdə böyük maraq doğurur... Bir sözlə, xoş gəlmisiniz, birinci dəfədir, amma axırıncı dəfə olmasın. Hesab edirəm ki, biz daha tez-tez görüşməliyik. Bizim strukturlarımız arasında da əməkdaşlıq olmalıdır”.

Beləliklə, müttəfiqlər arasında əsas ziddiyətlərin İsrail-Azərbaycan, Türkiyə-Ermənistan əməkdaşlığından qaynaqlandığı məlum olur. Hər iki tərəf öz mövqeyində, üçüncü tərəflə əməkdaşlığı davam etdirməkdə qərarlıdır, deməli, münasibətlərdə problemlər də arta bilər. Hətta Türkiyənin Bakıdakı səfirliyinin müxalifət partiyaları ilə çoxdan kəsilmiş əməkdaşlığı da bərpa etməsi gözləniləndir. 

Siyasi münasibətlərdə soyuqluq iqtisadi əlaqələrdən də yan keçməyib. Məlumdur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əsas infrastruktur layihələri Türkiyə tərəfindən həyata keçirilib. Son üç ildə Türkiyə iqtidarına yaxın olan holdinqlər yüz milyonlarla dollarlıq sifarişlər alıblar. Amma bu ildən etibarən türk podratçılarına verilən layihələrin həcmində kəskin azalma var. 

Türkiyə Podratçılar Birliyinin məlumatına görə, 2024-cü ildə Türkiyə tikinti şirkətləri Azərbaycanda müxtəlif layihələr çərçivəsində 333 milyon dollar həcmində xidmət göstəriblər. Bildirilir ki, bu xidmətlərin 300 milyonluq hissəsi yanvar-fevral aylarının payına düşüb.

O da qeyd olunur ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda tikintiyə 3,8 milyard manat ayrılmışdı. Başqa sözlə, o dövrdə tikintiyə ölkə üzrə ayrılan vəsaitin 14%-i türkiyəli podratçıların payına düşüb. Amma ilin ikinci yarısında bu xidmətlərin həcmi birdən-birə 10 dəfə azalaraq, 33 milyon dollara enib. Bu azalmanın səbəbləri açıqlanmayıb, amma bəzi Türkiyə firmalarının artıq Azərbaycanı tərk etdiyi barədə xəbərlər yayılır. 

Gələn ilin dövlət büdcəsindən işğaldan azad edilmiş bölgələrin bərpa olunmasına 4 milyard manat ayrılması nəzərdə tutulub. Görək, bu məbləğdən qardaş ölkələrin şirkətlərinə nə qədər pay düşəcək, yaxud, ümumiyyətlə, düşəcəkmi?

Turqut