
Müqaviləsiz sülh çıxış yoludurmu?
“Dövlətlər qədər, cəmiyyətlərin də sülhə gəlməsi vacibdir”
16 İyul 2024
Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan konstitusiyasında dəyişikliyin edilməsidir. Rəsmi Bakı və şəxsən ölkə rəhbəri son aylarda verdikləri açıqlamalarda bunu bəyan edirlər. Bildirilir ki, Ermənistan Konstitusiyasında Azərbaycana və digər qonşu ölkələrə qarşı ərazi iddialarının olması sülh müqaviləsini gecikdirən amillərdən biridir.
Ermənistan tərəfi isə hələ də bu məsələ ilə bağlı dəqiq mövqe ortaya qoymayıb. Baş nazir Paşinyan öz çıxışlarında Ermənistan konstitusiyasında dəyişiklik etməli olduqlarını bildirsə də, bununla bağlı heç bir addım atmır.
Tarixdə müqaviləsiz sülh təcrübəsi də var. Qarşı tərəflər hərbi əməliyyatları dayandırıb, müqavilə imzalanmasa da, diplomatik münasibət qura, əlaqələri qaydaya sala biliblər.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadan münasibətləri normallaşdırmaq mümkündürmü?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında deyib ki, hazırda Azərbaycanla Ermənistan arasında silahlı qarşıdurma yoxdur və bu situasiya sülhün ilk elementi sayıla bilər, amma dayanıqlı və davamlı deyil: “İki ölkə arasında nəqliyyat-kommunikasiya maneələri aradan qaldırılmayıb, dövlət sərhədlərinin tam müəyyənləşməsi prosesi də 4 kəndin təhvil verilməsindən sonra dayanmış kimi görünür. Sülhün sənəd üzərinə köçürülməsi mövcud problemləri tədricən həll edə bilər. Amma sülh müqaviləsi imzalanmadan da iki ölkə arasında münasibətləri qismən normallaşdırmaq mümkündür. Çünki beynəlxalq praktikada belə hallar var”.
Ekspertin fikrincə, hətta bu formada diplomatik əlaqələr yaratmaq belə mümkündür. Düzdür, Ermənistan-Azərbaycan münasibətlərində qarşıdurmanın çoxillik tarixi və özünəməxsusluğu tezliklə belə bir əməkdaşlığın yaranmasını istisna edir. Amma böyük sülh müqaviləsi olmadan da razılaşmalar başqa bir sənəddə əksini tapa bilər.
Müsahibimiz deyir ki, indiki mərhələdə Ermənistanda konstitusiya dəyişikliyi real görünmür. Bunun üçün ölkənin daxilində siyasi qarşıdurmanın, gərginliyin azalması vacib şərtdir ki, bu da hazırda Ermənistan cəmiyyətində mövcud deyil. Üstəlik, referendum xeyli zaman alan bir prosesdir və nəticənin mütləq “hə” ilə bitəcəyi də şübhəlidir. Bu səbəbdən də tərəflər arasında çərçivə sülh razılaşması sənədinin imzalanması və bu sənəddə böyük sülh müqaviləsinin əsas prinsipləri, istiqamətləri, o cümlədən konstitusiya dəyişikliyi barədə öhdəlik şərtləri öz əksini tapmalıdır.
“Bundan sonra kommunikasiya xətlərinin açılma şərtləri müzakirə oluna bilər. Hesab edirəm ki, ABŞ-də çox qalmaqallı keçən və daha artıq qalmaqal vəd edən prezident seçkiləri bitəndən sonra sülh proses daha intensiv xarakter ala bilər” - İ.İsmayıl qeyd etdi.

Digər müsahibimiz, hərbi-siyasi ekspert Azad İsazadənin fikrincə, sülh müqaviləsinin imzalanması üçün iki tərəf hazır olduğunu desə də, konkret hərəkət və addım görmürük: “Söhbət, əlbəttə, Ermənistan tərəfdən gedir. Bakı dəfələrlə bəyan edib ki, konstitusiyasında bizə və bizimlə müttəfiq olan digər qonşu ölkəyə ərazi iddiaları olan dövlətlə sülh müqaviləsi imzalamayacağıq. Çünki konstitusiyanın hüquqi qüvvəsi müqavilədən daha üstündür. Bu dəyişməsə, istənilən vaxt Ermənistan Konstitusiya Məhkəməsi sülh müqaviləsini ləğv edə bilər ki, imzalanan müqavilə konstitusiyaya ziddir. Xarici ekspertlər isə deyir ki, guya Azərbaycan ultimatum və şərt qoyur. Biz nə ultimatum, nə də şərt qoyuruq. Biz sadəcə bildiririk ki, qol çəkilən müqavilə Ermənistan konstitusiyası ilə uyğun olsun. Bu ziddirsə, deməli, bu müqavilə uzunömürlü olmayacaq və onu imzalamağın mənası yoxdur”.
Ekspert deyir ki, iki dövlət arasında hamını qane edən müqavilə bağlansa da, cəmiyyətlər arasında qeyri-rəsmi, mental sülh müqaviləsinə ehtiyac var. Ermənistanda sülh istəməyən qüvvələr və insanlar var. Yeri gəlmişkən, belə qüvvələr Azərbaycanda da var, amma onlar Azərbaycanın indiki siyasətinə heç bir təsir göstərmir. Ona görə də Ermənistanda Paşinyan məcburdur ki, onları eşitməsə də, sakitləşdirməyə yönəlik addımlar atsın. Cəmiyyət sülhə hazır deyilsə, sülh müqaviləsi müvəqqəti olacaq. Gec-tez iki cəmiyyət arasında yenidən müharibə başlaya bilər. Sülh müqaviləsi sadəcə ilkin mərhələdir. Sonrakı dövrdə bu iki cəmiyyəti də bir-birinə yaxınlaşdırmaq istiqamətində iş görməliyik.
“Paşinyanın COP-29-da iştirak üçün Bakıya gəlməsi və ya sərhəddə görüş məsələsinə gəldikdə isə bunlar texniki və rəmzi xarakter daşıyan addımlardır. COP-29-a gələ bilər, amma gəlməsə, bu o demək deyil ki, müharibə başlayacaq. Təbii ki, sərhəd boyu xeyli problemlərimiz var. Sülh müqaviləsi bağlandıqdan sonra da sərhəd boyu delimitasiya və demarkasiya prosesi uzun müddət davam edəcək. Yada salaq ki, Gürcüstanla sərhədimiz belə yüz faiz delimitasiya olunmayıb” – ekspert bildirir.
A.İsazadə Rusiya-Yaponiya təcrübəsinə toxunaraq deyir ki, bu iki ölkə arasında heç bir müqavilə və heç bir sərhəd razılaşması yoxdur. Rusiyada olan bəzi adaları Yaponiya öz ərazisi kimi qəbul edir və rəsmi sərhədi tanımır. Amma diplomatik münasibətlər var, turistlər gedib-gəlir, iqtisadi əməkdaşlıq edirlər. İndi sülh bizə də lazımdır, amma Ermənistan üçün daha vacibdir. Çünki sülh müqaviləsindən sonra kommunikasiyaların açılması Ermənistanın iqtisadi maraqları baxımından mühüm hadisədir.
Mədinə Useynova