Münhendə Moskvaya ünvanlanan sərt mesaj: Əliyevin tonu hansı siqnalı verir?
Azərbaycan prezidenti yeni reallıqları səsləndirdi...
17 Fevral 2026
Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında keçirilən panel müzakirəsi zamanı bəyan edib ki, Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinə üç dəfə zərbə endirib və bunu “diplomatik nümayəndəliyə qarşı qəsdən həyata keçirilmiş hücum” adlandırıb.
Prezidentə Vladimir Putinlə görüşləri zamanı Rusiyanın Ukraynaya hücumları nəticəsində Azərbaycan şirkətlərinə məxsus enerji obyektlərinin də zərər görməsi məsələsini qaldırıb-qaldırmadığı ilə bağlı sual ünvanlanıb.
Azərbaycan Prezidenti cavabında bildirib ki, bu məsələ “xarici işlər nazirlikləri və prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb”. O vurğulayıb ki, Azərbaycan enerji infrastrukturuna yönəlmiş hücumlarla yanaşı, Ukraynadakı Azərbaycan səfirliyinə qarşı da üç hücum qeydə alınıb:
“Birinci hücumdan sonra bunun təsadüf olduğunu ehtimal edə bilərdik və biz Rusiya tərəfinə konsulluq şöbəsi, mədəniyyət mərkəzləri və səfirlik daxil olmaqla Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin koordinatlarını təqdim etdik. Buna baxmayaraq, daha iki hücum baş verdi. Deməli, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı qəsdən həyata keçirilmiş hücum idi”.
Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi yalnız diplomatik üsullarla hərəkət edə bilər və bununla bağlı bütün zəruri addımları atıb. “Lakin, bu, Azərbaycana qarşı qeyri-dost addım hesab olunur”, – dövlət başçısı qeyd edib.
Rusiyanın reaksiyası gecikməyib. Elə həmin gün Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Əliyevin “guya raket zərbələrinin məqsədli xarakter daşıması” ilə bağlı bəyanatları “reallığa uyğun deyil”. Rusiya diplomatik qurumu qeyd edib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Moskvadakı səfirinə Kiyevdəki diplomatik missiyanın bina və ərazisinə dəyən zərərlə bağlı “səmimi təəssüf” ifadə olunub və bu, “Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-korrekt fəaliyyəti” ilə izah edilib.
Bundan əlavə, Rusiya XİN-də bəyan ediblər ki, Rusiya hərbçiləri “qanuni hərbi hədəflərə zərbələr endirirlər” və bu zaman xarici dövlətlərin diplomatik nümayəndəliklərinin yerləşdiyi məkanlar nəzərə alınır.
Xatırlatmaq yerinə düşər ki, 2025-ci ilin iyulunda Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin yerləşdiyi əraziyə bitişik binalara raket zərbəsi endirib. Həmin vaxt ölən və yaralananlar olub (səfirlikdəki şəxslər arasında itki olmayıb).
Bir ay sonra – avqustun 28-nə keçən gecə – Rusiyanın Kiyevə növbəti hücumu zamanı raketlərdən birinin partlayışı nəticəsində yaranmış zərbə dalğası Azərbaycanın səfirliyinin binasına ziyan vurub. Binanın bəzi pəncərələri sınıb, konsulluq şöbəsinin damında çatlar əmələ gəlib.
Daha sonra – noyabrın 14-nə keçən gecə – Rusiyanın hücumu zamanı düşən qəlpələr nəticəsində səfirlik binası yenidən zədələnib.
Beləliklə, Prezident Əliyev Münhen Təhlükəsizlik Konfransının tribunasından verdiyi bəyanatla Moskvaya hansı siqnalı göndərir? Bakı bununla münasibətlərin tam normallaşması görüntüsü yaratmaq niyyətində olmadığını nümayiş etdirir? Ümumiyyətlə, Azərbaycan rəhbərliyi hansı üzrxahlıq, hansı məsuliyyətin etirafı və hansı kompensasiya səviyyəsindən sonra Kreml ilə əvvəlki münasibətlərə qayıtmağa razı ola bilər?
Pressklub.az-ın suallarını cavablandıran müstəqil analitik Rəşad Rzaquliyevin fikrincə, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin sürətli enişinin xronikası Yeni dövrün qlobal geosiyasi mübarizəsinin ümumi konturlarını aydın şəkildə nümayiş etdirir.

“Burada söhbət Rusiyanın konkret olaraq Azərbaycana münasibətdə “qaydasız oyununun” ayrı-ayrı epizodlarından getmir. Biz anlamalıyıq ki, Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzə başlamasından sonra həmin dövlətlə ortaq sərhədlərə malik digər beynəlxalq aktorlar kimi Azərbaycan da belə qonşuluğun yaratdığı bütün risk və təhlükə faktorlarını qabaqlayıcı şəkildə nəzərə almağa məcburdur.
Yeni dövrün “güc hüququ” bu gün böyük həcmdə nüvə silahı arsenalına malik olanların davranışının proqnozlaşdırılmasını vəd etmir. Bu səbəbdən Kreml rəhbərliyinin həm Azərbaycan, həm də digər ölkələr, xüsusilə postsovet məkanındakı dövlətlərlə münasibətdə keçmiş sülhpərvər siyasətinə qayıdacağına ümid etmək kifayət qədər sadəlövhlük olardı. Mövcud rəhbərliyin dövründə Rusiyanın təzyiqi yalnız artacaq”, – ekspert əmindir.
Onun sözlərinə görə, fərq ondadır ki, müasir Azərbaycanın Rusiya militarizminin təzyiqinə qarşı qoyacaq arqumentləri və imkanları var.
“Bu, ilk növbədə, ölkə prezidentinin qurduğu və dünya geosiyasi mərkəzləri ilə münasibətlərdə formalaşdırdığı çevik hərbi-siyasi sxemlər sayəsində mümkündür. Söhbət Azərbaycanın əsas suveren aktivindən – dövlətin müstəqil xarici və daxili siyasətindən gedir. Böyük və kiçik məsələlərdə milli maraqların qətiyyətlə müdafiəsi müasir dünyada dövlətin yaşama formatıdır və millətin “mental” sağlamlığının göstəricisidir.
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı zamanı səsləndirdiyi bəyanatlar açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Respublikası layiqli hörmət tələb edir və istənilən xarici təzyiq cəhdini – istər birbaşa, istərsə də dolayı – neytrallaşdırmaq üçün bütün zəruri addımları atacaq”, – Rzaquliyev yekunlaşdırıb.
Rauf Orucov