Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibənin dörd ili: “... başqa Ukraynamız yoxdur”
Üfüqdə sülh görünmür, Trampın isə bir gedişi qalıb...

“Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə almağa çalışır. Bu isə əslində müqavimətimiz haqqında çox şeyi deyir. Bu sözlərin arxasında milyonlarla insanımız dayanır. Bu sözlərin arxasında böyük cəsarət, çox ağır əmək, dözüm və 24 fevraldan bəri Ukraynanın keçdiyi uzun yol var”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski bu gün - 24 fevralda işğalçı müharibənin 4-ü ildönümü ilə bağlı xalqa müraciətində deyib. Prezident müharibənin ilk günlərində dünya liderləri ilə danışıqlar apardığı Bankova küçəsindəki bunker kabinetini də nümayiş etdirib.

“Burada Prezident Baydenlə danışdım və məhz burada eşitdim: “Vladimir, təhlükə var, Ukraynanı təcili tərk etməlisiniz. Biz kömək etməyə hazırıq”. Mən isə cavab verdim ki, mənə silah lazımdır, taksi yox. Bu, hamımızın qorxmaz və ya polad olmağımızdan irəli gəlmirdi. Biz canlı insanlarıq və o gün hamımız – bütün ukraynalılar qorxu və ağrı hiss edirdik. Amma hansısa görünməz səviyyədə hamımız bilirdik ki, başqa Ukraynamız yoxdur. Bu bizim evimizdir və nə etməli olduğumuzu anlayırdıq”, – deyə o əlavə edib.

Rusiya-Ukrayna müharibəsi beşinci ilinə qədəm qoyarkən dünya gündəminin əsas hadisəsi olmaqda davam edir. Hər iki tərəfdən yüz minlərlə həbçinin cəlb edildiyi, ən müasir silahların istifadə olunduğu hərbi əməliyyatlar böyük itkilərə səbəb olur. Müharibə təqdiqatları institutlarının, monitorinq kanallarının hesablamalarına görə, Ukrayna tərəfdən dinc əhali və hərbçilər olmaqla 150 minə qədər insan həlak olub. BMT-nin müşahidə missiyası qeyd edib ki, Ukraynada müharibə ərzində təxminən 15 000 mülki şəxs həlak olub və 40 000-dən çox yaralanma baş verib. 

Müharibə nəticəsində təxminən 10 milyon insan öz evini tərk edib, təxminən 5,9 milyonu xaricə, 3,7 milyonu isə Ukrayna daxilində məcburi köçkünə çevrilib. 

Ukrayna iqtisadiyyatı müharibə nəticəsində ciddi dərəcədə daralıb və ÜDM təxminən 30 % azalıb. Dünya Bankı və Ukrayna hökumətinin birgə hesabatına görə, Ukraynanın təmir və bərpa üçün zəruri maliyyə ehtiyacı 588 milyard ABŞ dolları civarındadır. 

Krım da daxil olmaqla bu günə qədər Rusiyanın nəzarətində olan ərazilər ümumilikdə Ukrayna ərazisinin təxminən 19,3 %-ni təşkil edir. 

Rusiyanın itkilərinə gəldikdə isə müharibənin başlanmasından bəri təxminən 1,2 – 1,25 milyon ümumi canlı qüvvə itkisi (ölü, yaralı, itkin)  olduğu təxmin edilir, o cümlədən təxminən 325 000-dək hərbçi öldürülüb. 

Müharibə Rusiyanın iqtisadiyyatına ağır yük gətirib, illik xərclər təxminən 250 milyard avro səviyyəsinə çatıb və sanksiyalar hasilat, sənaye və valyuta ehtiyatlarına mənfi təsir göstərib. 

Ölkə iqtisadiyyatı sanksiyalar, yüksək hərbi xərclər və sərt bazar məhdudiyyətləri səbəbindən davamlı təzyiq altındadır.

Müharibə başlayandan bəri Rusiya energetika sahəsi həm bazar mövqeyi, həm də gəlir və istehsal baxımından ciddi itkilər verib. 

Belə ki, Avropa İttifaqı və müttəfiqlərinin sanksiyaları nəticəsində Rusiya qazı Avropanın enerji tədarükündə əsas payını əhəmiyyətli dərəcədə itirib. 2022-ci ilə qədər Avropaya qaz ixracı Rusiya qazının qlobal satışının təxminən 70-80 %-ni təşkil edirdisə, hazırda bu rəqəm 60 faizdən çox azalıb. Başqa formada desək, 2022-ci ildə qitənin qaz tələbatının 40-43 fazini “Qazprom” təmin edirdisə, hazırda bu rəqəm 5-7 faiz aralığında dəyişir. Avropa Komissiyası 2027-ci ilin yanvar ayından bu ölkədən qaz idxalını tamamilə məhdudlaşdıracağını bəyan edib. 2025-ci ilin açıqlanan rəqəmlərinə görə, artıq Avropa İttifaqının Rusiyadan qaz idxalı sıfıra yaxındır. Bu, Rusiya qaz sənayesinin gəlirlərində yüz milyardlarla dollar azalmaya səbəb olub.

Dünyanın ən böyük neft istehsalçısı olan Rusiya sanksiyalar və digər məhdudiyyətlərə görə bu strateji məhsulunu satmaqda da çətinliklərlə üzləşib. 

Alıcılar yüksək risklərə görə onu qara bazarda daha ucuz qiymətə alırlar. Dünya Bankı və analitiklərin proqnozlarına görə,

2022-2025-ci illərdə Rusiya neftindən əldə olunan gəlirlər orta hesabla 25-30 %-dək aşağı düşüb. Bu isə hər il Rusiya büdcəsi üçün on milyard dollar zərər deməkdir. 

Müharibə zamanı neft emalı zavodları, borular və terminal sistemləri, anbar bazaları Ukrayna dronlarının hədəflərinə çevrilib. Müxtəlif araşdırmalara görə, nəticədə Rusiya energetika kompleksinin istehsal və ixrac gücü 20 faiz civarında zəifləyib. Paralel olaraq, neft-energetika sisteminin effektivliyini zəiflədib və uzunmüddətli iqtisadi planlaşdırmaya ciddi mənfi təsir göstərir.

Məlumdur ki, Rusiya dövlət büdcəsində enerji gəlirləri ən böyük payı təşkil edir və ekspertlər bunu “müharibənin əsas sponsoru” adlandırırlar. 

Müharibə başlamazdan əvvəl energetika gəlirləri büdcənin 40 %-dən çoxunu təşkil edirdisə, 2023-2026-cı illərdə bu pay aşağı düşərək, təxminən 25-30 %-ə çatıb. Hətta bəzi illərdə - xüsusilə neft qiymətlərinin aşağı olduğu perodlarda daha aşağı göstəricilərə malik olub. 

Bu azalma, eləcə də yüksək hərbi xərclər Rusiya iqtisadiyyatının digər sahələrinə təzyiqi artırıb və büdcə planlamasını çətinləşdirib. Əlbəttə, Rusiya energetika sektorunun müharibə səbəbilə itkiləri yalnız kəmiyyət göstəriciləri ilə ölçülmür, bu, həm də bazar mövqeyinin yenidən qurulması, etibarlı müştəri bazalarının itirilməsi və daxili infrastruktur xərclərinin artması deməkdir.

Beləliklə, müharibənin 4 ili hər iki ölkəyə ağır zərbə vurub, amma hərbi əməliyyatların dayandırılması, atəşkəs hələ ki, üfüqdə də görünmür. Birləşmiş Ştatların vasitəçiliyi ilə baş tutan danışıqlarda texniki, humanitar irəliləyişlər əldə olunsa da, diametral ziddiyyətlər qalır. Rusiya Ukrayna ordusunun Donbasdan tamamilə çıxarılmasını tələb edir, Ukrayna Prezidenti V.Zelenski isə bunun mümkün olmadığını, xalqa və dövlətə xəyanət olduğunu bəyan edir. 

Qarşıdakı dövrdə müharibənin bitməsi üçün hansı ssenarilər real görünür? Birləşmiş Ştatların, Avropa müttəfiqlərinin Ukraynaya tammiqyaslı hərbi dəstək verərək münqaişənin hərbi yolla həllinə üstünlük verəcəkləri rel görünmür. Çünki Tramp administrasiyası əks mövqedədir. Yaxud, Ukraynaya ciddi təzyiqlər etməklə güzəştlərə vadar etmək - bu da real deyil. Əvvəla, Ağ Ev bir neçə dəfə bu yola əl atmağa cəhd etsə də Ukrayna Avropa müttəfiqləri ilə müqavimət təşkil etdi və mövqelərini qorudu. İkincisi, noyabrda ABŞ-də Konqresə seçkilər olacaq, bu ərəfədə Trampın xarici siyasətdə ictimai rəyin əleyhinə olduğu qeyri-populyar qərarlar verməsi inandırıcı deyil. Onsuz da Respublikaçılar Partiyası müxtəlif ştatlarda keçirilən aralıq seçkilərin hamısında məğlub olublar və bu, hakim partiya üçün SOS siqanlı hesab olunur. 

Böyük Britaniyanın keçmiş Baş naziri, Ukraynanın qatı tərəfdarı Boris Conson Qərbi daha sərt və təcili hərəkətə çağırıb. Conson bildirib ki, Vladimir Putin sülh istəmir və bu müharibəni yalnız daha böyük təzyiqlərlə dayandıra bilər: 

“Putin bu müharibəni sona çatdırmaq istəmir. O, sülh istəmir. Putin yalnız daha böyük təzyiq hiss etdikdə qırğınları dayandıracaq. Ona görə də, hərəkətə keçək”. 

Keçmiş baş nazir Qərbi bir sıra konkret tədbirlər görməyə çağırıb: 

Rusiyanın bütün “gizli donanmasını” müsadirə etmək; 

Dondurulmuş aktivləri Ukraynaya vermək; Ukraynaya rus dron istehsalı fabriklərini məhv etmək üçün lazım olan silahları təmin etmək. Conson vurğulayıb ki, Putin yalnız məcburiyyət qarşısında səmimi danışıqlara başlaya bilər: “O, yalnız seçim imkanı olmadığını hiss etdikdə danışıqlara hazır olacaq. Bu an yaxın gələcəkdə gələ bilər. Rusiya iqtisadiyyatı sarsılıb, insan itkiləri böyükdür”. 

Keçmiş baş nazir Qərbi Ukrayna ilə daha fəal şəkildə əməkdaşlığa və müharibəni bu il bitirməyə çağırıb: “Ukraynalılar qəhrəman kimi döyüşür, biz isə Qərbdə dolaşıq addımlar atırıq və gecikirik. Dayandırmasaq, bu il müharibəni sona çatdırmaq mümkündür”. 

Bu bəyanat Avropanın ümumi mövqeyinə yaxın olsa da ABŞ-nin yürütdüyü siyasətlə uzlaşmır. Beynəlxalq mediann yaydığı məlumata görə, Tramp administrasiyası Rusiyanın Ukraynaya qarşı müharibəsini ABŞ-nin müstəqilliyinin 250 illik yubileyinə – iyulun 4-nə qədər başa çatdırmaq üçün intensiv diplomatik səylər göstərir. Trampın komandası bu tarixi simvolik fürsət kimi qiymətləndirir – Trampın ev sahibliyi ilə keçiriləcək genişmiqyaslı bayram tədbirləri fonunda “sülh qələbəsi” elan etmək niyyətindədir. Lakin yüksək rütbəli Avropa və NATO rəsmiləri Putinin əsas tələblərindən (Şərqi Ukraynanın ərazilərinin tanınması, Zaporojye AES-ə nəzarət, Ukraynanın NATO-ya qoşulmasının qadağan edilməsi) geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət görmədiklərini vurğulayırlar.

Hazırda nə Tramp administrasiyası, nə də Kreml tərəfindən yeni detallar açıqlanmayıb. Danışıqların növbəti raundu bu həftənin sonuna planlaşdırıla bilər.

Turqut