Müharibədən sonrakı Tehran: Xameneisiz İran və yeni güc balansı
Azərbaycan üçün risklər və reallıq nədən ibarətdir?
03 Mart 2026
ABŞ və İsrailin birbaşa hərbi əməliyyatı nəticəsində İran və onun ətrafında proseslər tammiqyaslı regional münaqişə mərhələsinə daxil olub.
Tehran ali lider Əli Xameneinin hava zərbəsi nəticəsində həlak olduğunu rəsmi şəkildə təsdiqləyib. Ölkədə matəm elan olunub, ali idarəetmə müvəqqəti olaraq şuraya keçib. Prezident Məsud Pezeşkian baş verənləri “bütün müsəlmanlara müharibə elan edilməsi” kimi qiymətləndirib.
ABŞ və İsrail fevralın 28-də İranın nüvə obyektlərinə, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) qərargahlarına (o cümlədən Bəndər-Abbasa) və Tehrandakı dövlət KİV-nin binalarına kütləvi zərbələr endiriblər.
Buna cavab olaraq Tehran İsrailə və regiondakı ABŞ hərbi bazalarına – Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına – kütləvi ballistik raket buraxılışları həyata keçirib. Həmçinin Kiprdə yerləşən Britaniya bazaları istiqamətində də raket atıldığı bildirilir.
Fars körfəzi bölgəsində eskalasiya riski xüsusilə böyükdür. ABŞ-ın BƏƏ-də yerləşən Əl-Dafra aviabazası İran raketləri ilə vurulub. BƏƏ hakimiyyəti “İranın bu addımına cavab veriləcəyini” bəyan edib.
Xameneinin ölümündən sonra ölkədə ali səviyyədə hakimiyyət boşluğu yaranıb, varislə bağlı mümkün namizədlər müzakirə olunur.
İranda 2025-ci ilin dekabrından davam edən kütləvi iğtişaşlar da səngiməyib. Etirazlara rekord inflyasiya və rialın kəskin ucuzlaşması (1 dollar – 1,4 milyon rial) səbəb olub. Tələbə aksiyaları tədricən islam hökumətinin devrilməsi tələblərinə çevrilib.
İranın hava məkanı bağlanıb. Müharibə Yaxın Şərqdə mülki aviasiya əlaqələrinin demək olar, tam şəkildə dayanmasına gətirib çıxarıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda rejim dəyişikliyi “baş verə biləcək ən yaxşı hadisədir” və İslam Respublikası ilə ticarət edən ölkələrə qarşı yeni tariflər tətbiq edib. Regionun bir sıra ölkələrində anti-Amerika etiraz aksiyaları keçirilir.
Mövcud vəziyyət son dərəcə mürəkkəbdir və çoxsaylı suallar doğurur. Bizi maraqlandıran əsas sual ondan ibarətdir ki, bundan sonra İranı və onunla həmsərhəd ölkələri, o cümlədən Azərbaycanı nə gözləyir? Hadisələrin inkişafının ən real ssenariləri hansılardır?
Geosiyasət və təhlükəsizlik üzrə amerikalı ekspert, “The Washington Outsider” nəşrinin baş redaktoru İrina Tsukerman bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, hazırda əsas sual İranda ali liderin öldürülməsindən və ABŞ-la İsraillə birbaşa müharibədən sonrakı şok mərhələsindən hansı tip dövlətin çıxacağıdır.
“İslam Respublikası onilliklər boyu elitalar balansının qurulduğu mərkəzi sabitləşdirici elementini itirib. Fərdi arbitrin olmadığı dövrdə sistem daxilində yenidən bölüşdürmə başlayır. Bu isə resurslara, sərt idarəetmə vertikalına və öz iqtisadi şəbəkələrinə malik olan SEPAH-ın və onunla bağlı strukturların rolunu kəskin şəkildə artırır.
Böyük ehtimalla, qısamüddətli perspektivdə İran güc yolu ilə konsolidasiya modelinə doğru hərəkət edəcək. Xarici hərbi təzyiq və daxili silkələnmə şəraitində belə sistemlər adətən liberallaşmır, əksinə qapanır. Repressiyalar güclənir, iqtisadiyyat üzərində nəzarət mərkəzləşir, informasiya məkanı məhdudlaşdırılır. Bu, dövlətin bütövlüyünü qorumağa imkan verir, lakin daxili qütbləşməni dərinləşdirir və rejimin uzunmüddətli dayanıqlığını zəiflədir.
Müharibədən əvvəl inflyasiya və rialın devalvasiyası fonunda başlayan daxili etirazlar isə yoxa çıxmır. Hərbi amil küçəni müvəqqəti susdura bilər, lakin narazılığın sosial-iqtisadi səbəblərini aradan qaldırmır. Nəticədə ikili reallıq formalaşır: dövlət nəzarəti gücləndirir, cəmiyyət isə daha çox siyasiləşir və radikallaşır. Bu isə hakimiyyəti qorusa belə, uzunmüddətli qeyri-sabitlik üçün zəmin yaradır.
Ortamüddətli perspektivdə İranda hakimiyyətin mahiyyətinin transformasiyası mümkündür. Ruhani institutlar və prezident vertikalı da daxil olmaqla formal strukturlar qalacaq, lakin faktiki idarəetmə dar güc dairəsində cəmlənəcək. Belə hibrid rejimlər zahirən sabit görünür, amma daxilində gərginlik toplayır və bu, böhran dalğaları şəklində üzə çıxır.
Tramp administrasiyası dövründə ABŞ-ın siyasəti ideoloji rejim dəyişikliyi ətrafında deyil, praqmatik razılaşma üzərində qurula bilər. Əvvəlki böhranların təcrübəsi tədrici dəyişmə yanaşmasına meyli göstərir. Təzyiq danışıqlara məcburetmə aləti kimi istifadə olunur, daha sonra isə yeni güc balansını təsbit edən məhdud saziş təklif edilir. Bu, Venesuela modelini xatırladan razılaşma ssenarisini mümkün edir.
Belə sxem o deməkdir ki, Vaşinqton konkret məhdudiyyətlərə razılıq veriləcəyi halda böhrandan sonra ortaya çıxacaq sərt rejimlə də işləməyə hazır olacaq. Söhbət nüvə proqramının dondurulmasından, raket aktivliyinin azaldılmasından və regional proksi-mexanizmlərin qismən demontajından gedir. Əvəzində sanksiyaların qismən yumşaldılması və tam normallaşma olmadan sabitləşməyə imkan verən iqtisadi kanallar mümkündür”, – redaktor proqnozlaşdırıb.
Onun sözlərinə görə, bu, ətraf ölkələr üçün uzunmüddətli qeyri-müəyyənlik dövrü deməkdir. “Fars körfəzi dövlətləri müdafiəni gücləndirəcək və eyni zamanda Tehranla dialoq kanallarını qoruyacaqlar. Onların marağı İranın tam məğlubiyyətində deyil, infrastrukturun, energetikanın və ticarətin qorunmasına xidmət edən idarəolunan sabitləşmədədir. Buna görə də regional siyasət sərt cilovlama ilə qapalı diplomatiyanın vəhdətini təşkil edəcək.
Türkiyə manevr imkanlarını qorumağa və böhrandan vasitəçi rolunu gücləndirmək üçün istifadə etməyə çalışacaq. Ankara ənənəvi olaraq bir düşərgəyə sərt şəkildə bağlanmaqdan qaçır və qeyri-sabitlikdən strateji dividendlər əldə etməyə cəhd göstərir. Bu, ona Qərb, regional oyunçular və böhrandan sonrakı Tehran arasında balans saxlamağa imkan verəcək.
Azərbaycan üçün nəticələr qarışıq olacaq. Bir tərəfdən, enerji daşıyıcılarının qiymət artımı qısamüddətli iqtisadi üstünlüklər verə bilər. Alternativ enerji marşrutlarının rolunun artması ölkənin strateji əhəmiyyətini yüksəldir. Digər tərəfdən, İranla coğrafi yaxınlıq təhlükəsizlik və diplomatiya sahəsində yüksək ehtiyatlılıq tələb edir.
İranla Azərbaycan arasında münasibətlər böyük ehtimalla əvvəlki xarakterini saxlayacaq. Tarixən bu münasibətlər rəqabət, qarşılıqlı ehtiyatlılıq və praqmatik əməkdaşlığın vəhdəti ilə səciyyələnib. Tehranda hakimiyyət konfiqurasiyası dəyişsə belə, fundamental amillər aradan qalxmır. Coğrafiya, etnosiyasi məsələlər, regional marşrutlar və güc balansı münasibətlərin çərçivəsini müəyyən etməyə davam edir.
Əsas nəticə ondan ibarətdir ki, hazırkı hadisələr sürətli dönüş nöqtəsi deyil, uzun keçid mərhələsi açır. İran böyük ehtimalla sərt daxili konsolidasiya fazasına daxil olacaq və ardınca xarici razılaşma axtarışına çıxacaq. Region isə hərbi epizodların sabitləşmə cəhdləri ilə növbələşdiyi yüksək turbulensiya rejimində yaşayacaq. Qonşu ölkələr üçün əsas məsələ düşərgə seçimi deyil, uzunmüddətli qeyri-sabitliyə və sürətlə dəyişən güc balansına uyğunlaşmaq bacarığı olacaq”, – Tsukerman hesab edir.
Rauf Orucov