Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibə üçün uyğun zaman yetişib?

Əslində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası çoxdan iflasa uğrayıb. Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibənin indiyə qədər olmaması sülh danışıqlarından gözləntilərlə bağlı deyil. Bu missiya faktiki olaraq, yoxdur, onun həmsədrlərinin ayrı-ayrılıqda mövqeləri var.

Mövqelərə və real situasiyaya təsir imkanlarına gəldikdə, ABŞ və Avropa Birliyi prosesdən müəyyən qədər kənarda qaldığını qəbul edir, bununla belə, tərəfləri eskalasiyadan kənar durmağa çağırır. Rusiya isə ənənəvi siyasətində müəyyən korrektlər etməyə hazırlaşır. Bölgədəki yeni ab-hava Kremli hərbi-siyasi üstünlüyünü legitimləşdirməyə vadar edir. Ermənistanda və Azərbaycanda getdikcə güclənən anti-Rusiya əhval-ruhiyyəsi, Türkiyənin Cənubi Qafqazda fəallaşması da Kremli bir qədər tələsdirir.

Münaqişə tərəfləri daxili və regional situasiyadan irəli gələn səbəblərdən müharibəni ertələyib. Azərbaycan üçün status-kvo qəbuledilməzdir: torpaqlar işğaldan azad edilməli, ölkənin ərazi bütövlüyü, suverenliyi bərpa olunmalıdır. Münaqişə 30 ildən çoxdur davam edir və zaman Bakının əleyhinə işləyir. Neft milyardlarına, Ermənistanın sosial-iqtisadi çöküş yaşayaraq yola gələcəyinə, Rusiyanın öz mövqeyini dəyişəcəyinə olan ümidlər öləziyib. Əksinə, Moskva ötən müddətdə Bakının bütün reveranslarına baxmayaraq, Ermənistanla hərbi-siyasi müttəfiqliyini möhkəmləndirib.

Azərbaycan cəmiyyətindən də hakimiyyətə təzyiqlər güclənib. 12-14 iyulda sərhəddə baş verən hərbi toqquşmalar göstərdi ki, nəsillərin dəyişməsi Qarabağ tələbini arxa plana atmayıb. Əhalinin əksəriyyəti hərbi qələbələr istəyir. Bu tələbi həyata keçirməyin böyük risklər yarada biləcəyi dərk olunsa da, onu qulaqardına vurmaq mümkün deyil. Yəni Qarabağ məsələsi daxildə hakimiyyəti dalana dirəyib, imitasiya dövrü bitib, sülh danışıqları dayanıb, Türkiyə isə hərbi dəstək vəd edir. Bütün bunlardan sonra hərəkətsiz qalmaq iqtidar üçün çox çətindir.

Ermənistan isə hər gün iki tərəfdən (Azərbaycan və Türkiyə) güclü zərbəyə məruz qalacağı qorxusu ilə yaşamaq istəmir. Məhdud resursların davamlı olaraq münaqişə üçün səfərbər olması ölkəni əldən salır. Üstəlik, regionda Türkiyənin hərbi-siyasi müdaxiləsinin genişlənməsi işğalçının narahatlığını birə-beş artırır. Ona görə, məhz indilərdə  Qarabağın "Qordı düyünü" mütləq kəsilməlidir, qüvvələr nisbəti bilinməlidir, situasiya tam aydınlaşmalıdır.

Azərbaycan hökuməti son addımları ilə balans siyasəti yeritmək və Kremlin müəyyən maraqlarını təmin etməklə, Rusiyanın loyallığını “satın almaq” siyasətindən əl çəkdiyini və ya ən azı bu haqda ciddi düşündüyünü göstərir. Paralel olaraq, Türkiyə ilə hərbi-siyasi əlaqələr dərinləşdirilib, birgə hərbi təlimlər keçirilib, hazırda Azərbaycanda Türkiyə hərbi bazalarının, yaxud təlim mərkəzinin qurulması ilə bağlı gözləntilər var. Təlimlər üçün Azərbaycanın müxtəlif hərbi obyektlərinə gətirilən Türkiyə aviasiyası, pilotsuz aparatları və hərbi texnikası Azərbaycan ordusu ilə vaxtaşırı birgə fəaliyyətlər icra edir. Bu gün səhərdən etibarən Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb.

Azərbaycanda isə ehtiyatda olan hərbi vəzifəlilərin təlim və toplanışlara cəlb olunmasına start verilib. Rəsmi məlumatlara görə, təxribatların önlənməsi üçün qoşunların dislokasiyasında yerdəyişmələr həyata keçirilir. Sentyabrın 21-i gecə saatlarında Şəmkirdə Ermənistana məxsus pilotsuz aparatın vurulması, səhər tezdən bir hərbçimizin şəhid olması, digərinin yaralanması da irimiqyaslı toqquşmaların hər an başlaya biləcəyini göstərir.

Turqut