
Müharibə qapıdadır: ABŞ-ın İrana mümkün hücumu və Azərbaycan məsələsi
Vaşinqtonun hücum qərarı fonunda İran azərbaycanlılarının taleyi və regionda yaranacaq gərginlik narahatlıq doğurur
28 Mart 2025
ABŞ şəraitdən asılı olaraq İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bununla bağlı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff açıqlama verib.
“Biz bütün məsələləri hərbi yolla həll etməyə məcbur deyilik. Lakin bu, o demək deyil ki, əgər bizi müəyyən həddə çatdırsalar, hərbi əməliyyatlara əl atmayacağıq. Müəyyən şəraitdə biz bunu edəcəyik”, – deyə o, Fox News telekanalına verdiyi müsahibədə bildirib.
Uitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, “İranın nüvə bombası olmamalıdır”. “Biz onların nüvə arsenalı yaratmağa başlamasına imkan verə bilmərik. Bu baş verməməlidir”, – deyə ABŞ liderinin xüsusi nümayəndəsi vurğulayıb.
Bundan ardınca ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus Tehranın Vaşinqtonla danışıqlar masasına oturmalı olduğunu bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyətinin İrana qarşı mövqeyi ciddidir, sonuncunun isə çox da seçim imkanı yoxdur.
“ABŞ prezidentinin niyyəti ciddidir, Marko Rubionun da mövqeyi ciddidir. Onlar razılaşma əldə etmək üçün danışıqlar masasına oturmalı olacaqlar”, – deyə Temmi Bryus Fox News telekanalının efirində bildirib.
Bryusun fikrincə, hazırda Tehranın seçimi yoxdur və İslam Respublikasının rəhbərliyi ənənəvi dünyanın dəyişdiyini qəbul etməlidir. O, həmçinin, ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi güc tətbiq edəcəyi ilə bağlı verdiyi xəbərdarlığı xatırladıb.
“Prezident Tehrana xəbərdarlıq edib. Orada qeyd olunub ki, ya bizimlə danışıqlar aparıb razılaşma əldə edəcəksiniz, ya da hərbi qüvvələr işə düşəcək”, – Bryus əlavə edib.
Buna cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran ABŞ-la birbaşa danışıqlara getməyəcək. O, bunun səbəbi kimi Vaşinqtonun gündəlik ittihamlarını və qəbuledilməz tələblərini göstərib. Lakin o, eyni zamanda “birbaşa olmayan danışıqlar yolu açıqdır” deyə vurğulayıb.
Bu arada, Donald Tramp bəyan edib ki, Yəmən husiləri tərəfindən buraxılan hər bir raket İran raketi hesab ediləcək.
Görünür, bu bəyanatlar əsassız deyil. “Sepah-e Qüds” (İran İnqilab Keşikçiləri Korpusu – SEPAH) qüvvələrinin komandanı general İsmayıl Qaani bu yaxınlarda gizli şəkildə Bağdada səfər edib. O, orada İrana bağlı şiə yönümlü qruplaşmaların rəhbərlərinə ABŞ və İsrail qüvvələrini təxribata çəkməmək, bütün hərbi əməliyyatları dayandırmaq və hər hansı hərbi addımlardan çəkinmək əmri verib.
Ümumilikdə, bu kimi bəyanatlar fonunda dünyanın bir çox ölkələrində ekspertlər ABŞ-ın İrana yaxın zamanda hücum etmə ehtimalını müzakirə edirlər. Əgər bu baş versə, Azərbaycan hansı vəziyyətdə qalacaq? İrandan gələn qaçqın dalğası, yüz minlərlə, bəlkə də milyonlarla insan Azərbaycanı hədəfə çevirməyəcəkmi? Daha təhlükəlisi isə belə bir vəziyyətdə İranın Azərbaycanı hədəfə alıb-almayacağı məsələsidir. Çünki Tehran rəhbərliyi daim Bakını “sionistlərlə yaxın əməkdaşlıqda” ittiham edir.
Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov yaranmış vəziyyəti Pressklub.az üçün şərh edib.

Onun sözlərinə görə, ABŞ-ın İranın nüvə obyektlərinə hücum etməsi halında bir neçə mümkün ssenari var.
“Əgər hücum məhdud miqyaslı olsa və mülki infrastrukturun dağıdılmasına səbəb olmasa, İran rəhbərliyi sadəcə simvolik cavabla kifayətlənə bilər. Bu cavab, Amerikanın regiondakı ikinci dərəcəli hədəflərinə yönələcək. Bu halda belə cavabın təbliğat effekti ayətullahlar üçün yetərli görünə və nəticədə cəmiyyətin xarici təcavüzə qarşı qismən birləşməsi baş verə bilər. Bu mərhələ bitdikdən sonra ABŞ və İran arasında birbaşa olmayan danışıqlar başlayacaq”, – deyə araşdırmaçı vurğulayıb.
Lakin o bildirir ki, hadisələrin bu şəkildə inkişaf etməsi daha çox İran cəmiyyətinin qarşılıqlı zərbələrin nəticəsini necə qiymətləndirəcəyindən asılıdır.
“İsrailin keçmişdə İran obyektlərinə endirdiyi zərbələr zamanı İran və regionun sosial şəbəkələri kinayəli şərhlərlə dolub daşırdı. “Sepah”ın pafoslu qələbə elanları istehza olunurdu. Buna görə də, İran rəhbərliyinin kiçik müharibədəki məğlubiyyəti səssizcə unutdurması ehtimalı azdır”, – deyə Danilov qeyd edib.
Əsas münaqişə bölgəsinin Fars körfəzi ola biləcəyini bildirən ekspert, bunun qlobal enerji infrastrukturu üçün böyük təhlükə yaradacağını deyir. “Əgər hadisələr ən pis ssenari ilə inkişaf edərsə, bu, İran və region üçün fəlakətli ola bilər. Bununla belə, İranda tam miqyaslı quru əməliyyatının və ya mülki şəhərlərə hücumlar ehtimalının çox olunmadığını düşünürəm”, – deyə o əlavə edib.
Danilovun fikrincə, İranın rasional yanaşmadan çıxış edəcəyi təqdirdə, Azərbaycanla yeni bir şimal cəbhəsi açmaqda maraqlı olmamalıdır. “Tehranın Bakıya hansı emosiyalar bəsləməsindən asılı olmayaraq, Türkiyənin belə bir müharibəyə cəlb olunması olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu, İranın Azərbaycan bölgələrində gərginliyin olmayacağı anlamına gəlmir. Müharibə həmişə cəmiyyətin daxili birliyini sınağa çəkir. Biz bunu Ukraynada yaxşı anlayırıq. Eyni zamanda, müharibə cəmiyyətin daxili çatlarını da üzə çıxarır. İran hakimiyyəti və “Sepah” İran azərbaycanlılarına qarşı təzyiqlərdən çəkinə biləcəkmi? Bu, böyük bir sualdır. Əgər çəkinsələr, vəziyyət nəzarət altında qala bilər. Əks halda isə bu siyasət elə proseslərə səbəb ola bilər ki, onların nəticələri region üçün uzunmüddətli və ciddi olacaq”, – deyə Danilov fikrini yekunlaşdırıb.
Rauf Orucov