Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibə bitməyəcək: Putin “yox” deyir, ABŞ isə geri çəkilir...
Ukrayna münaqişəsi üzrə danışıqlar dayandırılıb

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva yaxın vaxtlarda ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə müharibənin başa çatdırılması üzrə danışıqları bərpa etmək niyyətində deyil. “Bu formatda təmasların keçirilməsi ilə bağlı hazırda heç bir konkret plan yoxdur. Bundan sonra nə olacağı isə bizdən asılı deyil”, – o deyib. Ryabkov nizamlanma üzrə üçtərəfli görüşlərin dayandırılmasına görə məsuliyyəti Ukraynanın üzərinə qoyub, eyni zamanda Moskvanın bu cür təmaslara hələ də açıq olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna arasındakı müharibənin “strateji dalana dirəndiyini”, onun diplomatik yolla başa çatdırılması perspektivlərinin isə hazırda “görünmədiyini” bildirib. O xəbərdarlıq edib ki, yaranmış vəziyyət “münaqişənin eskalasiyası” təhlükəsi yaradır və nəticədə “digər ölkələrə də təsir edə, daha genişmiqyaslı qarşıdurmaya çevrilə bilər”. Bununla yanaşı, Rubio ABŞ-ın sülh sazişinin imzalanmasına yardım etməyə hazır olduğunu vurğulayıb.

Sentyabrın 25-də Vladimir Putin Ukrayna ilə danışıqların bərpasına dair təkliflərin hələ də “masanın üzərində olduğunu” bildirib. Bununla belə, Dövlət Dumasına seçkilərin əsas günündən əvvəlki gecə baş verən kütləvi dron hücumu səbəbindən cavab tədbirləri barədə düşünməli olacağını deyib. Eyni zamanda, dövlət başçısı Rusiyanın səsvermədən sonra dialoqa qayıtmağa hazır olduğunu iddia edib. Onun mətbuat katibi Dmitri Peskov isə oktyabrda ABŞ-ın iştirakı ilə nizamlanma üzrə üçtərəfli görüşün keçiriləcəyinə “ümid etdiklərini” bildirib. Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov da bu formatda danışıqların keçiriləcəyini elan edərək, eyni ayı göstərib.

Lakin ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” haqqında qanunu imzalaması danışıqlar prosesinə təsir edib. Bundan sonra Peskov bildirib ki, bu addım nizamlanma yollarının axtarılması istiqamətindəki səyləri “çətinləşdirir”, “danışıqların sülh məcrasına yönəlməsi üçün heç bir ilkin şərt yoxdur”.

2026-cı ildə Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı üçtərəfli görüşlər yanvar-fevral aylarında keçirilib: iki dəfə Əbu-Dabidə, bir dəfə isə Cenevrədə. Həm İsveçrə, həm də Birləşmiş Ərəb Əmirlikləri diplomatik danışıqlar üçün yenidən meydança təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

ABŞ danışıqları payızda bərpa etmək istəyirdi. Bunun üçün Tramp sentyabrın əvvəlində öz nümayəndələri Stiv Uitkoffu və Cared Kuşneri Moskvaya və Kiyevə göndərib. Lakin Financial Times qəzetinin məlumatına görə, əhəmiyyətli irəliləyişə nail olmaq mümkün olmayıb: Putin Ukraynadan Donbası təslim etməyi tələb etməkdə davam edir, Zelenski isə bu şərti rədd edir.

Bloomberg agentliyinin mənbələri də bildiriblər ki, Putin mövqeyini yumşaltmağa hazır olduğunu nümayiş etdirməyib, əksinə, Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün ölkənin enerji sisteminə və istilik təchizatına zərbələri gücləndirmək qərarına gəlib.

Rusiyanın yüksək vəzifəli rəsmilərinin bütün bu bəyanatları nədən xəbər verir? Axı bu açıqlamalar Moskvanın Ukrayna şəhərlərinə getdikcə daha amansız zərbələr endirdiyi, hər gün onlarla dinc sakinin həlak olduğu bir vaxtda səslənir. Putin rejimi nümayəndələrinin bu cür mülahizələrini belə qanlı mənzərə fonunda necə qiymətləndirmək lazımdır? Onlar ümumiyyətlə, Ukrayna ilə sülh barədə ciddi düşünürlərmi?

Pressklub.az-ın suallarını tanınmış siyasi analitik, Deutsche Welle nəşrinin köşə yazarı Konstantin Eqqert (Vilnüs) cavablandırıb.

Onun sözlərinə görə, heç bir sülhdən söhbət getmir. “Üstəlik, Ukraynanın mülki infrastrukturuna zərbələrin güclənməsinə əsasən, Moskva bu kampaniyanı, bəlkə də, gələn ilin yazına qədər başa çatdırmağı planlaşdırır və Ukraynanın kapitulyasiyasına ümid edir. Buna görə də hazırda Moskva ilə Kiyev arasında danışıqların keçirilməsi və ya daha dəqiq desək, təşkil edilməsi istiqamətində istənilən cəhd uğursuzluğa məhkumdur. İlk növbədə ona görə ki, Moskva indiyədək belə danışıqları heç vaxt istəməyib və indi də istəmir.

Bu baxımdan, Ryabkov (adətən Peskov və Moskvadakı bütün digər rəsmilər kimi yalan danışan şəxs) uzun müddətdən sonra ilk dəfə həqiqəti deyir. Əslində, Putin rejiminin hazırda heç bir kompromisə getmək niyyəti yoxdur. Buna görə də ABŞ-ın nəsə təşkil etmək cəhdlərinin uğursuzluğa düçar olacağını düşünürəm. Başqa məsələ isə Amerika administrasiyasının buna necə reaksiya verəcəyinin hələlik aydın olmamasıdır. Son iki ildə o, nədənsə Moskvaya inanmaqda davam edib”, – Eqqert vurğulayıb.

Rauf Orucov

P.S. Məqalə hazır olandan sonra Tramp və Putin arasında telefon danışığının baş tutduğu, ABŞ prezidentinin Rusiyadan dizel yanacağı alınmasına tətbiq edilən sanksiyaları 2027-ci ilin aprel ayına kimi dayandırdığı, Rusiya prezidentinin isə ABŞ-a dizel yanacağı tədarük etməyə söz verdiyi açıqlanıb...