Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibə başlayandan məktəbə getmək üçün müraciətlərin sayı artıb

Sentyabrın 27-dən bəri işğalçı Ermənistan ordusu cəbhə xəttinin yaxınlığında yerləşən Azərbaycan yaşayış məntəqələrini atəşə tutur. Düşmənin artilleriya atəşi nəticəsində Naftalan şəhərində bir ailənin bütün üzvləri həlak oldu. Həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri idi...

Belə bir dönəmdə məktəblərin fəaliyyətinin dayandırılması, dərs cədvəllərində dəyişikliklər və ya internetlə bağlı yaranmış çətinliklərə görə ənənəvi dərslərin müddətinin artırılması gözlənilirmi?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, indiki halda ümumiyyətlə, məktəblərin hamsının açılması mümkün deyil:

“Çünki müharibə şəraitidir. Digər “müharibə” şəraitimiz də davam edir, altı aydan artıqdır ki, pandemiya ilə də savaşdayıq, sağlamlığımızla bağlı mübarizə aparmaqdayıq. Belə olduğu təqdirdə, dövlətin müvafiq qurumları məktəblərin tam bərpasını uyğun hesab etmir. Bu, bizi əlavə risklərlə üzbəüz qoya bilər. Müddət keçdikcə, açılmalara gedirik. Bu, əvvəl iki gün idi, indi isə üç gündür və s...”

Təhsil eksperti Kamran Əsədov xatırlatdı ki, Nazirlər Kabinetinin müvəqqəti qaydalarına görə, 15 sentyabrdan etibarən ilk növbədə 640 min şagirdi əhatə edən ibtidai siniflərdə tədris bərpa edildi:

“Belə ki, Bakı, Sumqayıt və Abşeronda dərslər iki gün, digər bölgələrdə üç gün bərpa edilib. Oktyabrın 1-dən isə artıq V-IX sinif şagirdlərinin yenə eyni qayda ilə məktəblərə qəbulu həyata keçirilir. Amma bunun maraqlı bir tərəfi odur ki, istər Bakı, istərsə də bölgələrdə şagird sayı 200-dən az olan məktəblərdə dərslər beş gün olaraq müəyyənləşdirilir”.

Ekspert onu da əlavə etdi ki, 27 sentyabrdan etibarən Azərbaycanın tarixi torpaqlarında növbəti müharibə başlayıb:

“Müharibəyə qədər valideynlərin müəyyən qədər narahatlıqları var idi. Təhsil Nazirliyi hər gün şagirdlər arasında koronavirusa yoluxmayla bağlı statistik rəqəmlər paylaşırdı. 640 min uşaqdan on minə yaxınının valideyni övladının virusa yoluxmasından narahat olduğuna görə ərizə yazaraq onları məktəbə göndərməkdən imtina etmiş və onlayn dərslərə qatılacaqları barədə iltizama imza atmışdılar. Amma maraqlı bir məqam var ki, Qarabağ müharibəsi başlayandan məktəblərə getmək üçün müraciətlərin sayı kəskin şəkildə artıb. Müharibə şəraitinə görə internetin verilməsində məhdudiyyətlər var. Müəllimlər “Zoom”, “Skype” kimi proqramlardan istifadə edə bilmirlər və bu da təhsilin əlçatanlığına mənfi təsir göstərir. Amma çox maraqlıdır ki, bir nəfər valideyin belə, müharibədən narahat olduğuna görə övladını məktəbdən yayındırmaq istəmir, əksinə, artım müşahidə edilir. Bu gün biz məktəblərin qarşısında əlində bayraq olan balaca fidanları görürük. Valideynlər övladlarını yalnız koronavirusdan qorumaq üçün məktəbə göndərməkdən çəkinirdilər. Amma indi belə bir hal yaşanmır”.

Ülviyyə Şahin