Logo
news content
User
Kateqoriyalar

Analitika

Müəllimlərin peyvəndlənməsinə başlanıb

Martın 3-dən etibarən Bakı şəhərinin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin peyvəndlənməsinə başlanıb. Pedaqoji və texniki heyət üçün nəzərdə tutulan vaksinasiya prosesinə ilk olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub. Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfər peyvənd edilir.

Bəs, müəllimlərin vaksinasiyası üz-üzə təhsil prosesinin tezliklə bərpasına, ümumən ölkə üzrə yoluxmanın azalmasına kömək edəcəkmi?

Təhsil eksperti Qoşqar Məhərrəmov “Press Klub”a bildirdi ki, vaksinasiyanın ümumi yoluxma sayını aşağı salacağı gözlənilir:

“Bugünün statistikasına baxanda görürük ki, yoluxma sayında azalma müşahidə edilmir. Əksinə, artım görürük. İctimai nəqliyyatın fəaliyyəti, insanların küçələrdə hərəkəti, bir-biri ilə daha çox təmasda olması yoluxma sayının artmasına səbəb olur. Yoluxmanın artmasında məktəblərin rolunun olmadığını düşünürəm. Əgər yoluxma sayı artarsa, məktəblər qapadılmalıdır kimi fikirlər olmamalıdır”.

Ekspertin sözlərinə görə, əgər vaksinasiya statistik göstəricilərə təsir edərsə,  yoluxma sayı 10-15 nəfərə qədər düşərsə, 10-11-ci siniflərin də məktəbdə dərslərə başlayacağı ehtimalı var:

“Bununla bağlı nazirlik rəsmiləri də ictimaiyyətə məlumat vermişdilər. Bundan sonra yoluxma sayında azalma müşahidə olunarsa, 10-11-ci sinif şagirdləri də ənənəvi tədrisə başlaya biləcəklər. Amma hazırkı statistika bizə onu deməyə əsas vermir ki, məktəblər açılacaq”.

Həkim-farmakoloq Müşfiq Hüseynov isə qeyd etdi ki, müəllimlərin vaksinasiyaya cəlb

olunması nəticəsində sürətli dəyişiklik gözləmir:

“Çünki peyvəndin effektivliyi üçün azı 28 gün ərzində 2 dəfə vurulmalı, bundan sonra 1 ay müddətinə immunitet formalaşmalıdır. Əgər bu günlərdə müəllim peyvənd olubsa, gələn dəfə ortalama aprelin 5-15-i aralığına düşür. Onda sonrakı 1 ay müdddət də hesablansa, tədris ilinin sonuna gəlirik. May ayında yuxarı sinif şagirdlərinin məktəbdə təhsilə başlamasının bir mənasını görmürəm. Düşünürəm ki, 9-11-ci siniflərdə tədrisə başlamaqdansa, aşağı siniflərdə təhsil olan günlərin sayını artırmaq daha məqsədəuyğundur”.

“Peyvəndləmə prosesi ümumən ölkə üzrə müsbət nəticəsini yaxında göstərəcəkmi” sualına cavab verən həkim bildirdi ki, vaksinasiya prosesi ölkə üzrə nəticəyə ümumi olaraq təsir göstərməyəcək:

“Çünki temp aşağıdır və yaya kimi əhalinin heç 20 faizinin də peyvəndlənməsi mümkün görünmür. Bu da o anlama gəlir ki, pandemiya bizimlə təxminən il sonuna kimi gedəcək. Bununla belə, şübhəsiz ki, apreldən sonra saylarda ciddi azalma olacağını təxmin edirəm. Amma əhaliyə məsləhətim odur ki, sıx toplaşma yerlərində, marketlərdə, bazarlarda mütləq maskadan istifadə edib, gigiyena qaydalarına əmək etsinlər. Yəni qorunma rejiminə hələ 6-7 ay mütləq əməl etməliyik”.

Ülviyyə Şahin