Moskvanın humanizmi, yoxsa... – Paşinyan Qarabağ ermənilərinə yardımdan imtina etdi
Ekspert: Bu addım ölkə daxilində böyük və potensial təhlükəli xarici təsir kanalını bağlayır
14 Mart 2026
Ermənistan “Rus humanitar missiyası”, “Avrasiya” və “Rossotrudniçestvo” xətti ilə Qarabağı tərk etmiş ermənilərə dəstəyin davam etdirilməsindən imtina edib. Bu yardım proqramı 2025-ci ilin iyun–iyul aylarında erməni ictimai təşkilatlarının müraciətinə cavab olaraq başlanmışdı.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bu müddət ərzində respublikanın demək olar, bütün iri şəhərlərində, eləcə də uzaq və əlçatmaz icma və kəndlərində təxminən 7 min ailəyə yardım göstərilib”, – o qeyd edib.
Onun sözlərinə görə, “Rusiya heç vaxt həmin regionun insanlarını köməksiz qoymayıb və Ermənistanda yaşayan Qarabağ ermənilərinin taleyinə laqeyd qalmayıb”.
Zaxarova xatırladıb ki, hələ vaxt İrəvanda Rusiya köməyinə münasibətin birmənalı olmamasına baxmayaraq, Moskva respublikaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub.
“Hətta rəsmi kanallar vasitəsilə belə deyilirdi: “təşəkkür edirik, lazım deyil”. İndi isə Qarabağ ermənilərinə dəstəyin davam etdirilməsindən növbəti dəfə imtina edilib”, – o bildirib.
Zaxarova qeyd edib ki, bu müddət ərzində təxminən 140 ton yük – ərzaq, zəruri tələbat malları və uşaqlar üçün xüsusi dəstlər – çatdırılıb. Onun sözlərinə görə, insanların əsas ehtiyaclarının təmin olunması Ermənistan hakimiyyətinə daha ciddi məsələlərə – mənzil, məşğulluq və sosial reinteqrasiya problemlərinə diqqət ayırmağa imkan verirdi. Bundan əlavə, bəzi mallar və ərzaq məhsulları Ermənistanın özündə satın alınırdı, bu isə yerli istehsal və kiçik biznes üçün əlavə stimul yaradırdı.
“Əgər bu yardıma artıq ehtiyac olmasaydı, İrəvanın belə bir qərarı müəyyən qədər anlaşıla bilərdi. O halda Rusiya tərəfi də təbii ki, belə yardım təklif etməzdi. Bununla yanaşı, vətəndaşlardan daxil olan müraciətlərin sayı artırdı. İrəvanın növbəti humanitar yükün göndərilməsindən imtina etmək üçün göstərdiyi əsas isə “cavablardan daha çox suallar doğurur”, – Zaxarova bildirib.
Zaxarova brifinq zamanı rəsmi İrəvanın cavabını da oxuyub: “Ermənistan qanunvericiliyinə görə, seçkiqabağı dövrdə ianələrin və xeyriyyə yardımının göstərilməsi məhdudlaşdırılır” və əlavə edib ki, Rusiya tərəfi bunun konkret olaraq nə demək olduğunu dəqiqləşdirməyə çalışsa da, heç bir izah verilməyib.
O vurğulayıb ki, Yerevanın “heç bir siyasi məzmun daşımayan humanitar yardımdan” imtinası hakimiyyətin seçkiqabağı dövrdə Rusiyanın adının mümkün qədər az çəkilməsini istəməsi ilə bağlıdır.
Doğrudan da maraqlıdır: Ermənistan niyə Rusiya humanitar yardımından imtina etdi? İrəvan burada özü üçün hansı təhlükələri görür? Bu yardımlar Qarabağ erməniləri üçün həqiqətən də əhəmiyyətli olubmu?
Tanınmış erməni analitiki və publisisti İşxan Verdyan mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun fikrincə, Qarabağdan köçənlərə humanitar yardım məsələsində Ermənistan əvvəldən yanlış mövqe tutub.
“Ermənistan hökuməti ölkəyə daxil olan, tələb olunmamış humanitar yardımlara ciddi əhəmiyyət vermədən faktiki olaraq onları görməzlikdən gəlirdi. Halbuki, Qarabağ ermənilərinə göndərilən tələb olunmamış humanitar yardımların qarşısını alınması təcrübəsinin olmadığını demək düzgün olmaz: Azərbaycanın göndərdiyi ərzaq dolu yük maşınlarının Qarabağ erməniləri tərəfindən qəbul edilməməsini hamımız yaxşı xatırlayırıq. Eyni yanaşmanın niyə Rusiya ilə bağlı tətbiq edilmədiyi isə aydın deyil. Amma fakt odur ki, Rusiya öz strukturlarının (“Rossotrudniçestvo”, “Avrasiya” fondu və s.) təşəbbüsü ilə ölkəyə tələb olunmamış humanitar yardım gətirirdi və bunu faktiki olaraq rəsmi hakimiyyət orqanlarını kənara qoyaraq həyata keçirirdi”, – ekspert xatırladıb.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Mariya Zaxarovanın açıqlamaları müəyyən mənada başadüşüləndir. Çünki Ermənistanda bu gün dövlət quruluşunun əsaslarından biri sayılan seçki hüququ Rusiyada eyni dərəcədə dəyişməz dəyər kimi qəbul olunmur.
“Buradan da dəyərlər sistemində uyğunsuzluq və fikir ayrılığı yaranır. Bu yardım Qarabağ erməniləri üçün nə dərəcədə əhəmiyyətli idi? Mümkündür ki, müəyyən əhəmiyyət kəsb edirdi. Lakin bu, son dərəcə qapalı məlumatdır və erməni jurnalistlər üçün belə əlçatmazdır, baxmayaraq ki, bununla bağlı araşdırma cəhdləri olub. Burada maraqlı bir paradoks da var. Əgər erməni hakimiyyətinin fikrincə humanitar yardım seçki prosesinə təsir göstərə bilərsə, onda onun dayandırılması da eyni dərəcədə təsir edə bilər. Çünki insanların aldıqları sosial imkanlar azaldıqda, onların adətən bu yardığımı azaldanlara qarşı münasibətləri də yaxşılaşmır. Bununla belə, strateji baxımdan Ermənistan hakimiyyətinin bu qərarını müsbət qiymətləndirmək olar. Çünki bu addım ölkə daxilində böyük və potensial təhlükəli xarici təsir kanalını bağlayır”, – Verdiyan yekunlaşdırıb.
Rauf Orucov