Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskvanın boynuna biçilməyən missiya...
“Toxunulmaz” Rusiya və Ermənistanda növbəti siyasi böhran: Azərbaycan nə edəcək? 

“Erməni separatçıları Qarabağın işğal altında olan ərazilərində Rusiya sülhməramlılarının müşayiəti ilə silah-sursat daşıyır...” Demək olar ki, Azərbaycan mediasında, sosial şəbəkələrdə hər gün bu cür başlıqlı xəbərlər, ona əlavə olunmuş videoçəkilişlər verilir. Hər dəfə də eyni mənzərə: Rusiya bayrağının sancıldığı BTR öndə, qanunsuz silahlı birləşmələrin hərbi maşınları isə onun arxasınca irəliləyir...

Azərbaycan ordusu bu qanunsuz fəaliyyəti texniki avadanlıqlar vasitəsi ilə lentə alır. Həmin ərazilərin hava sərhədi ordumuzun nəzarətindədir, erməni silahlı dəstələri də bir əl qədər yaxın məsafədə dayanıblar. Di gəl, onlara toxunmaq olmur, Rusiya hərbçiləri onları müşayiət edirlər ki, Azərbaycan ordusu qurudan, havadan vurub məhv etməsin.

Rusiya sülhməramlılarının belə bir öhdəliyi varmı? Onların Azərbaycanda mövcudluğunu rəsmiləşdirən yeganə sənəd 10 noyabr bəyanatıdır, onun da mətnində Rusiyaya belə bir səlahiyyət verilməyib. Diqqət edək:

Maddə 3: Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti 1,960 atıcı silahlı hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilir.

Maddə 4: Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır.

Qeyd olunduğu kimi, bu məlumatları son zamanlar ancaq yerli media yayır, Müdafiə Nazirliyindən hər hansı bəyanat, açıqlama verilmir. Rəsmi Bakı da Rusiya hakimiyyət orqanlarından izahat tələb etmir. Maraqlıdır ki, Qərb strukturlarından, dövlətlərindən Azərbaycanın ünvanına gələn qınaqların, tənqidlərin cavabı dərhal verilir, hətta böyük dövlətlərin səfirləri XİN-ə dəvət olunub nota təqdim olunur. Amma Rusiyaya gəldikdə olduqca ehtiyatlı mövqe nümayiş etdirilir. Bu ehtiyatlılıq təkcə Qarabağ məsələsi ilə bağlı deyil. Məsələn, ötən ay Rusiya hərbçiləri Ukrayna-Rusiya sərhədində tankdan atəş açaraq iki Azərbaycan vətəndaşını qətlə yetirmişdi, amma nə Moskvadakı səfirlik, nə də Azərbaycan XİN bu cinayət haqqında izahat tələb etmədi...

Müharibədən sonra Qarabağın silahsızlaşdırılması Rusiyanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərindən biridir. Sənədin 4-cü maddəsində  qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma Qarabağın dağlıq hissəsində 15-18 minlik erməni hərbi birləşmələri (sayla bağlı müxtəlif rəqəmlər səsləndirilir), onlara məxsus onlarla ağır texnika, HHM vasitələri, reaktiv artilleriya sistemləri və s. qalmaqda davam edir. Üstəlik, bir qədər əvvələ kimi onlar Ermənistandakı Gümrü hərbi bazasından, eləcə də  Rusiyadan Ermənistana daşınan hərbi ləvazimatlarla təmin edilirdi.

Azərbaycan aprelin 23-dən etibarən Laçın yoluna – bu təminatın həyata keçirildiyi sonuncu marşruta nəzarəti təmin edib. Həmin tarixdən 5 aya yaxın vaxt ötür və təbii ki, Laçın yolu vasitəsi ilə əvvəlki qaydada hər hansı təchizat aparılmayıb. O zaman, minlərlə hərbçinin yemək, geyim, zəruri silah-sursat təminatı, rotasiyası necə həyata keçirilir? Bölgəyə yaxından bələd olan ekspertlər bildirirlər ki, bu təminat yenə Rusiya sülhməramlıların üzərinə düşür. Bu dəfə əsasən vertolyotlar vasitəsi ilə... 

Bu gün Azərbaycan cəmiyyəti çoxsaylı dərd-sərini unudub Qarabağ probleminin yekun həllini gözləyir. O Qarabağ ki, 44 günlük müharibədə onun tam azad olunmasına imkan verməyən Rusiya hərbi qüvvələri Xankəndində oturub erməni separatizmini dəstəkləyir, onun qondarma administrasiyasını, silahlı dəstələrini ayaqda saxlayır. Bəli, Ermənistan da onlara maddi, siyasi dəstək verir, amma Qarabağda söz sahibi deyil, oradakı bütün qüvvələr Rusiya hərb kəşfiyyatına bağlıdır, Kremldən idarə olunur. Separatçıların siyasi, ideoloji dayağı Ermənistanda müxalifətdədir – eks-prezidentlər Robert Koçaryan, Serj Sarqsyan onların liderləridir. Rusiya müharibədən sonra bu qüvvələri İrəvanda hakimiyyətə gətirməyə çalışır, hələlik bacarmır, amma bütün gücünü səfərbər edir. 

Bu arada Qarabağdakı hərbi xuntanın başçısı Araik Arutyunyanın istefası onları sevindirir. Çünki o “miatsum” ideologiyasına sidq-ürəkdən bağlı olmayan orta-statistik korrupsioner idi, Qarabağda yardımları mənimsəyib xeyli varlanmışdı. Ermənilər yazır ki, yüzlərlə şirkət, obyekt sahibdir. Son vaxtlar Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun açılmasına tərəfdar idi, amma digər separatçılar qəbul etmədilər. Robert Koçaryan isə onun istefası ilə bağlı BBC radiosuna açıqlamasnda “Arutyunyanın gedişinə ürəkdən şadıq” demişdi...

Rusiya ilə birgə nəfəs alan erməni müxalifəti, Qarabağ separatçılarının liderləri haqqında uzun-uzadı yazmağa ehtiyac yoxdur. Onları bir sözlə ifadə etmək olar: Azərbaycanın qatı düşmənləri. Kreml Xankəndində onların hakimiyyətini təmin edib, indi də Ermənistanda buna çalışır. Paşinyanın vəziyyəti heç də ürəkaçan deyil, ekspertlər 17 sentyabrda İrəvanda keçiriləcək mer seçkilərini uduzacağını təxmin edirlər... 

Mübaliğəsiz yazmaq olar ki, bu gün Azərbaycanın bir nömrəli məsələsi Ermənistanla sülh müqaviləsi deyil. Bu əslində “quyruğu” qapı arasında qalmış Paşinyana hava-su kimi lazımdır. Azərbaycanın prioriteti isə Qarabağda suverenliyini təmin etməkdir, buna isə Rusiya imkan vermir. Bu həqiqəti əvvəlcə çılpaq şəkildə demək, daha sonra hərəkətə keçmək lazımdır. Azərbaycan Rusiyadan öhdəliklərini yerinə yetirməyi tələb etməlidir. Fransaya, başqa ermənipərəst ölkələrə qarşı sərgilənən münasibət hansısa formada Kremlə qarşı da nümayiş etdirilməlidir. Qərb dairələrinin separatizmə dəstəyi sözdədirsə, Rusiyanınkı əməldədir. Bakı bu reallığı dilinə gətirmədikcə kənardan səsləndirilən ittihamlar ona yapışır. Erməni və Qərb siyasətçiləri, ekspertləri Azərbaycanı Rusiya ilə birləşib Ermənistana qarşı təzyiq göstərməkdə ittiham edirlər. Təsəvvür edin, Azərbaycan dolayısı ilə onun ərazisinə nəzarəti həyata keçirən, Ukraynanın isə ərazisini birbaşa işğal edən və buradakı barbarlığına görə izqoy dövlətə çevrilmiş Rusiya ilə müttəfiqlikdə qınanılır...

Bu gün Rusiya ilə Ermənistan arasında qarşıdurma açıq fazaya keçir. Baş nazir İtaliya mətbuatına deyir ki, “bir gün yuxudan durub Rusiyanın Cənubi Qafqazda olmayacağını görəcəyik”. Putin də Peskovun dili ilə onu hədələyir ki, heç yerə gedən deyilik, Qafqaz Rusiya ilə vahid orqanizmdir. Lazım gəlsə, Rusiyadakı erməniləri Ermənistana göndərib sənin hakimiyyətini devirərik.

Gedişat onu göstərir ki, yaxın zamanlarda müttəfiqlərin söz atışması gerçək davaya çevrilə bilər, müharibədən sonra Ermənistandakı böhran yenidən təkrarlana bilər. Paşinyan indi xeyli zəifdir, rəqibləri isə bir qədər də gücləniblər. Belə situasiyada Ermənistan cəmiyyətinə ən böyük təsir imkanları olan Azərbaycan necə hərəkət edəcək? İlk siyasi böhranda dolayısı ilə Paşinyana dəstək verildi (hərbi əsirlərin mina xəritələri ilə dəyişdirilməsi və s.). Bu dəfə hansı addımlar atılacağını yaxın zamanlarda görəcəyik. 

Amma Azərbaycanın milli maraqları Rusiyadan dəstək alan qatı düşmənlərinin iqtidara qayıtmamasını tələb edir...

Turqut