Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskvada işçi qrupun iclası yarımçıq qaldı, nazirlər İsveçdə “atışdı”
Ekspert: “Brüsseldə ciddi bir razılaşmanın əldə edilməsi ehtimalı çox aşağıdır, vəziyyətə Rusiya nəzarət edir”

Noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidə keçirilmiş görüşünün yekunlarına dair imzalanmış bəyanatın icrası ilə bağlı prosesə start verilib. Üçtərəfli işçi qrupun Moskvada keçirəcəyi görüşdən sonra əldə olunan razılaşmaların açıqlanacağı bildirilmişdi. Amma dekabrın 1-də baş tutan toplantı yarımçıq qalıb, nümayəndələr geri dönüblər. 

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirib ki, görüşdə razılaşmaları formalaşdırmaq mümkün olmayıb. O, Bakını Moskva görüşünü pozmaqda ittiham edib və yaxın zamanlarda qrupun daha bir görüşünün keçiriləcəyini deyib. Bakıdan isə hər hansı açıqlama verilməyib. 

Dekabrın 2-də İsveçin paytaxtı Stokholm şəhərində keçirilən ATƏT xarici işlər nazirlərinin toplantısında isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri qarşılıqlı ittihamlarla çıxış ediblər. Ceyhun Bayramov görüşdən sonra bildirib ki, ATƏT münaqişədən sonrakı bərpa işlərinə töhfə verə bilər: “Biz ATƏT-ə əməkdaşlıq təklif etmişik və hələ də cavab gözləyirik. Eyni zamanda, münaqişənin başa çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımaları və hörmət etmələri üçün unikal imkan yaradıb”.

Nazirin sözlərinə görə, Bakının münaqişədən sonra bir sıra praktik addımlar atmasına baxmayaraq, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib. O deyib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməli və özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Regionda bütün kommunikasiyaların açılması məsələsinə toxunan Bayramovun fikrincə, bu, tərəflər arasında etimadın bərpasına kömək edərdi: “Zəngəzur dəhlizinin yubadılmadan realizə olunması təkcə Azərbaycan və Naxçıvan arasında insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün yox, həm də Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqəsinin bərpası üçün zəruridir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, Azərbaycanın "təcavüz”ündən sonra Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. Mirzoyan Azərbaycanı üçtərəfli Bəyanatın şərtlərini pozmaqda itiham edərək bildirib ki, Azərbaycan nəinki əsirləri qaytarmır, üstəlik yeni əsirlər götürməyə çalışır. A.Mirzoyan ümid edir ki, ötən həftə Soçidə keçirilən danışıqlarda əldə olunmuş razılaşmalar gərginliyin aradan qaldırılmasına imkan verəcək: 

“Sülh bütün tərəflərin razılığını tələb edir. Ermənistan Cənubi Qafqazda uzunmüddətli və stabil sülhə nail olmaq istəyir və danışıqlara hazırdır. Azərbaycan sülh prosesinin bərpasına nə qədər tez razılaşsa, regionda hərtərəfli və uzunmüddətli tənzimləmənin əldə edilməsi üçün bir o qədər çox imkanlar olacaq. Dağlıq Qarabağın statusunun öz müqəddəratını təyinetmə əsasında reallaşdırılması, köçkün düşən ermənilərin bütün Dağlıq Qarabağ ərazisinə təhlükəsiz və ləyaqətli bir şəkildə qaytarılması danışıqlarda əsas məsələlərdən biri olmalıdır”.

Ararat Mirzoyan deyib ki, Ermənistan Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh prosesinə sadiq qalır.

Beləliklə, Soçi görüşünun nəticələrinin icrası məsələsində müəyyən suallar yaranıb. İşçi qrupun iclasının yarımçıq qalması, Stokholmda nazirlərin "atışması" prosesin heç də rəvan getməyəcəyindən xəbər verir. Qarşıda isə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü var. Bu görüşdən nə gözləmək olar, Avropa Birliyi prosesdə iştirakını gücləndirə bilərmi? 

Siyasi şərhçi Rauf Mirqədirov “old.old.pressklub.az”a şərhində bildirdi ki, Avropa Birliyi və ABŞ Minsk Qrupu vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində rol almağa çalışır: "Düşünürəm ki, onlar bu istiqamətdə səylərini davam etdirəcəklər. Amma biz nəzərə almalıyıq ki, onların bu prosesə aktiv qatılmaq imkanları bir qədər məhduddur. 

Birincisi, ona görə ki, regionda qüvvələr nisbəti dəyişib. 44 günlük müharibənin nəticəsi olaraq sülhməramlı missiya adı altında Azərbaycana Rusiya qoşunları gətirilib və onlar vəziyyətə nəzarət edirlər. Rusiya Avropa Birliyi və ABŞ-ın münaqişənin nizamlanması prosesinə fəal qatılmasında maraqlı deyil. Hazırda Moskvanın əlində Azərbaycana və Ermənistana ciddi təzyiq vasitələri var. Kreml sərhəddə və qoşunların təmas xəttində sabitliyin qarantıdır. Bu halda başqa qüvvələrin prosesə qatılması kifayt qədər problematikdir. 

İkincisi, Qərblə Rusiya arasında kifayət qədər ciddi problemlər var. Onların ən böyüyü Ukraynada baş verən proseslərdir və Qərb-Rusiya toqquşmasının mərkəzi bu münaqişədir. Bu da Qərbi bütün diplomatik resurslarını həmin bölgəyə yönəltməyə məcbur edir. Tərəflərin verdikləri bəyanatı diqqətlə oxusaq, bunu aydın görərik". 

Moskvada işçi qrupun görüşünün yarımçıq qalmasına gəlincə, təhlilçi qeyd etdi ki, Soçidə imzalanmış bəyanatda aydın müddəalar yoxdur, qismən aydınlıq delmitasiya və demarkasiya prosesi ilə bağlıdır: 

"Onun necə yerinə yetiriləcəyini isə biz yaxın zamanlarda görəcəyik. Kommunikasiyaların açılması məsələsində mövqelərin müxtəlifliyi qalır. Burada Azərbaycan kommunikasiyalar deyəndə dəhlizlərin açılmasını nəzərdə tutur, Ermənistan isə məhz yolların açılmasını qeyd edir. Təəssüf ki, indiyə qədər imzalanmış sənədlərdə nəqliyyat dəhlizlərindən yox, məhz kommunikasiyalardan söhbət gedir. Azərbaycan XİN-in bəyanatlarını diqqətlə oxumuşam. Onun etirazlarının bir qismi tamamilə aydın göstərilib. Söhbət məcburi köçkünlərin, qaçıqnların geri qayıtmasından gedirsə, Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etməlidir. Bu, dünya praktikasidır, biz onu tələb etməliyik və qarşı tərəf də yerinə yetirməlidir. Bunun üçün bütün diplomatik vasitələrdən, təzyiq üsullarından, o cümlədən beynəlxaq təşkilatların imkanlarından da yararlanmalıyıq. Mina xəritələrinin verilməməsini, faktiki olaraq, Ermənistan tərəfindən müharibənin davam etdirilməsi kimi dəyərləndirə, mülki əhaliyə qarşı yönəldilmiş hərbi cinayət hesab edə bilərik. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və kifayət qədər güclüdür".

R. Mirqədirov təəssüflə qeyd etdi ki, imzalanmış bəyanatlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması ilə bağlı dəqiq müddəalar yoxdur: "Eyni zamanda, Qarabağ ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi haqqında da dəqiq tələb mövcud deyil. Bu məsələlərdə Ermənistan tərəfi vaxtı uzada, əlavə şərtlər irəli sürə bilər".

R. Mirqədirov dekabrın 15-də Brüsseldə keçiriləcək görüşdən elə də ciddi gözləntiləri olmadığını söylədi:

"Çünki regionda vəziyyətə Rusiya nəzarət edir. Ən yaxşı halda humanitar məsələlərin həlli istiqamətində müəyyən razılaşmalar əldə edilə bilər. Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin canlandırılması da gündəmə gətiriləcək bilər. Bütövlükdə Brüsseldə ciddi bir razılaşmanın əldə edilməsi ehtimalı çox aşağıdır".           

Turqut