Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskva Qafqaz taktikasını niyə qəfildən dəyişib?
Kreml istənilən təxribatlara və cinayətlərə hazırdır, müharibə istiqamətində ilk informasiyaları ortaya atır

“NATO-nun müdaxiləsi Cənubi Qafqazda tam nizamlanmanı uzun müddət geriyə salacaq və regionda vəziyyəti daha da pisləşdirəcək, Rusiya hakimiyyəti buna əmindir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Ermənistanın Pentaqonla təmaslarını şərh edən Zaxarova vurğulayıb ki, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyə Cənubi Qafqaza xüsusi maraq göstərir.

Onun sözlərinə görə, bütün bunlar sabitliyin pozulmasına gətirib çıxaracaq və regionda tam nizamlanmanı uzun müddətə geriyə atacaq.

Heç bir məntiqə sığmasa da, çox maraqlı açıqlamalar. Birincisi, NATO üzvü olan ölkələrin (NATO-nun özünün deyil) danışıqlarda iştirak etməkdən savayı başqa hansı müdaxiləsi var? Zaxarova nədən danışır? Qafqazın üç ölkəsi müstəqilliklərini bərpa etdikdən sonra Şimali Atlantika bloku heç vaxt onların daxili işlərinə qarışmayıb. Amma Zaxarovanın təmsil etdiyi Rusiya Gürcüstan, Ermənistan və Azərbaycanda dağıdıcı fəaliyyətini bir gün belə dayandırmayıb. Gürcüstanda Rusiya ordusu tərəfindən işğal olunmuş iki bölgə, Ermənistanda Rusiya hərbi bazası və Azərbaycan ərazisində “sülhməramlılar” yalnız üzdə olan sübutdur.

İkincisi, “ABŞ və Türkiyə də daxil olmaqla NATO-nun Cənubi Qafqaza xüsusi marağı” nədir? Bu, özünü hansı addımlarda və nədə göstərir? Belə bir şey qətiyyən müşahidə edilmir. Amma buna baxmayaraq, "bütün bunlar sabitliyi pozacaq və regionda tam nizamlanmanı uzun müddətə geriyə atacaq", deyə Zaxarova bizi inandırmağa çalışır. Bunu, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Kremlin regional münaqişələrin tam həllinə və Cənubi Qafqazda sülhün tam bərqərar olmasına imkan verməmək üçün istənilən təxribat və cinayətlərə hazır olduğunu qeyri-ixtiyari etirafı kimi qiymətləndirmək olarmı? Buna hazır olmalıyıqmı?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bunun çox maraqlı və çoxmənalı açıqlama olduğunu qeyd edir. “Görün nə qədər maraqlı hadisə baş verir. Rusiya Federasiyası 2020-ci ilin noyabrından sonrakı bütün dövr ərzində sülh müqaviləsinin bağlanmasının fəal əleyhdarı olub. Əsas arqument ondan ibarətdir ki, əvvəlcə bütün məsələlər həll olunmalıdır, sonra isə müqavilə bağlanmalıdır. Və bu gün isə Moskvada qəfildən sülh müqaviləsinin zəruriliyindən danışmağa başlayıblar. Məncə niyəsini başa düşmək olar. Qərbin vasitəçiliyi ilə real irəliləyiş əldə olunub və sülh müqaviləsi tezliklə reallığa çevrilə bilər. Bunu başa düşən Moskva indi deyir ki, əgər barışmaq istəyirsinizsə, barışın, amma bizim şərtlərimizlə. Şərt isə ümumilikdə eynidir - Rusiya Federasiyasının həm Azərbaycanda, həm də Ermənistanda hərbi mövcudluğunun qorunub saxlanılması. Aydın məsələdir ki, bu, Bakının xoşuna gəlmir. Amma bu, İrəvanın da xoşuna gəlmir. Bax bu bəyanat da İrəvana açıq siqnaldır: bizi istəməsəniz, dəhşətli Türkiyənin timsalında NATO gələcək. Bu, böyük siyasət səviyyəsində artıq uzun müddətdir işləmir, amma ictimai rəyə təsir etmək səviyyəsində hələ də işləyir. Deməli, bu, Moskvanın müharibə istiqamətində atdığı növbəti informasiyadır”, - Vasadze hesab edir.

Müstəqil azərbaycanlı analitik Rəşad Rzaquliyev isə öz növbəsində hesab edir ki, Zaxarova Ermənistan-Azərbaycan qarşıdurmasının həlli kontekstində ABŞ və Aİ-nin fəal iştirakını nəzərdə tuturdu.

“NATO-nun bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Münaqişə üzərində Mariya Zaxarovanın həmkarları olan Qərb diplomatları işləyir, onun təmsil etdiyi ölkənin bir vaxtlar regionda “əkdiyinin” bu gün verdiyi nəticələri “təmizləməyə” çalışırlar. Onun ölkəsi isə bölgəmizdə son 30 ildə on minlərlə insanın həyatına son qoyan nifrət və nifaq “toxumları” “səpib”. Rusiya Federasiyası bütün bu müddət ərzində qanlı "məhsuldan" kifayət qədər uğurla pul qazanıb”, – ekspert deyir.

Onun sözlərinə görə, bu gün qərbli düşmənləri öz tarixi təsir ərazisinə buraxmaq istəməyən, amma zəifləyən Rusiyanın müqavimətinə baxmayaraq, Vaşinqton və Brüsseldə dinc Cənubi Qafqaz layihəsi qurulur. “Cənubi Qafqazdakı münaqişələrin Qərb diplomatik institutlarının vasitəçiliyi ilə həlli Rusiya Federasiyasının geosiyasi maraqları üçün təhlükəlidirmi? Şübhəsiz təhlükəlidir” Rzaquliyev əminliklə qeyd edir.

Burada, Cənubi Qafqazda Rusiyanın “cənub dənizlərinə” çıxışını əngəlləmək üçün ətrafındakı “anakonda halqası” bağlana bilər və bağlanmalıdır”, o deyir. “Amerikalı kontr-admiral Alfred Mehenin yaratdığı Qərb nəzəri geosiyasi strategiyası bu gün modernləşdirilmiş rejimdə işləyir. Enerji və nəqliyyat infrastrukturunun, logistikanın dünya iqtisadiyyatının “qan damarı” olduğunu təkrar etməyə  gərək yoxdur. Obrazlı desək, onun gələcək Avrasiya buraxılış komponenti məhz burada, Cənubi Qafqazda yerləşir. Qərbin parçalanmış regionumuzu bütövləşdirmək layihəsi sanksiyalar altında olan Rusiyaya və İrana sərf edirmi? Əminəm ki, yox”, - analitik deyir.

O, daha sonra qeyd edir ki, Böyük Yaxın Şərq ABŞ və Britaniyanın mövcud geosiyasi reallıqların yenidən bölüşdürülməsini nəzərdə tutan təşəbbüslərindən biridir. “Artıq burada proseslər gedir ki, bu da Rusiya Federasiyasının müttəfiqlərinin - teokratik İranın, eləcə də regionda bir sıra ərəb monarxiyalarının təsirinin və istifadəsinin zəiflədiyini göstərir. Və türk faktorunun güclənməsi, Güney Azərbaycan və Kürdüstanın gələcək dövlətçiliyi. Belə bir layihə Rusiya üçün sərfəlidirmi? Cavab bəllidir...

Kreml bu cür ssenarilərin həyata keçirilməsinin qarşısını almaq üçün istənilən təxribatlara və cinayətlərə hazırdırmı? Bəli, biz hər şeyə hazır olmalıyıq”, - deyə R.Rzaquliyev yekunlaşdırıb.

Rauf Orucov