Moskva Ermənistanı itirməkdən qorxmur?
Rusiya sonradan geri dönmək üçün geri çəkilir
11 May 2024
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqına sədrlik etdiyi üçün Moskvada Paşinyanın sədrliyi ilə Avrasiya Ali İqtisadi Şurasının iclası keçirilib.
Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə də görüşü olub və bu, daha maraqlı faktdır. Xüsusən də, Ermənistan-Azərbaycan münasibətlərindəki son proseslər fonunda. Azərbaycandakı və xaricdəki ekspertlərin əhəmiyyətli hissəsi belə bir fikirdədir ki, Moskva Ermənistan-Azərbaycan sərhədinin bu yaxınlarda başlayan delimitasiyası və demarkasiyasının uğurlu olmasını istəmir. Çünki onun “parçala və hökm sür” prinsipinə əsaslanan öz maraqları var.
Bu günlərdə Almatıda XİN rəhbərləri Bayramov və Mirzoyan arasında görüş olub və tərəflərin bu görüşdən ciddi gözləntiləri var. Hər iki dövlətin liderləri isə bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağına ümid etdiklərini açıq şəkildə bildiriblər.
Bu arada, Ermənistanın özündə etiraz hərəkatı başlayıb. Etirazçılar Ermənistanın Tavuş rayonunun Azərbaycanın Tovuz və Qazax rayonları ilə sərhədində davam edən delimitasiya prosesinə qarşı çıxırlar. Ənənəvi Rusiyapərəst oriyentasiyaya sadiq olan din xadimləri bu məsələdə xüsusilə fəaldırlar.
Bundan əlavə, “Kremlin nəzarəti altında” Rusiyadan, xüsusilə Soçi və Moskvadan Ermənistana “yüzlərlə cinayətkar element” gəlib. Bu barədə erməni fəal və politoloq Hovsep Xurşudyan məlumat verib. O, ölkənin İctimai Televiziyasının efirində bəyan edib ki, kriminal elementlərin gəlişinin məqsədinin “təxribat, iğtişaşlar salmaq və ölkədə sabitliyi pozmaq” olduğu barədə məlumatı var.
İstisna deyil ki, Putin Paşinyanla təkbətək görüşdə sərhədlərin delimitasiyası və sülh sazişi üzrə danışıqlarda yaranan irəliləyişi pozmağa cəhd edib. Və mümkündür ki, onun Ermənistan baş nazirinə təzyiq etmək və sonuncunu Cənubi Qafqazda başlayan sülh prosesini pozmağa məcbur etmək üçün kifayət qədər güclü arqumentləri və rıçaqları
var.
Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili situasiyanın inkişafını bir qədər fərqli formada görür. O, bu barədə Pressklub.az-a açıqlamasında deyib.
“Hazırda hər şey hərəkətdə olduğundan, yəqin ki, yuxarıda sadalananların hamısı eyni ssenarinin bir hissəsidir. Ona görə də, bütün bunların hansı istiqamətdə hərəkət edəcəyini dəqiq söyləmək mümkün deyil - bir az gözləmək lazımdır”, - ekspert deyir.
Onun sözlərinə görə, hazırda Rusiyanın öz resurslarını Ermənistana sərf etmək istəmədiyini görürük və bu, artıq üçüncü ildir Ukraynaya qarşı aparılan müharibəsinin nəticəsidir. “Rusiya hakimiyyəti xalqa vəd edilən qələbənin heç olmasa bir hissəsini təmin edə bilməyib. Və hesab edirəm ki, buna görə də Moskva qarşısına bütün resurslarını bu müharibəyə sərf etməyi məqsəd qoyub.
Eyni zamanda, Cənubi Qafqaz Rusiya üçün çox mühüm regiona çevrilir. Çünki onun vasitəsilə Türkiyəyə, İrana, Yaxın Şərq ölkələrinə, hətta Hindistana çıxışı təmin edə bilər. Düşünürəm ki, prezident Əliyevin Rusiya Federasiyasına səfəri zamanı baş verən hadisələr bununla bağlıdır. Moskva BAM-ın, indi də Şimal-Cənub nəqliyyat marşrutunun tikintisi ətrafında müəyyən piar effektinin yaradılmasında maraqlıdır. Bu, müəyyən mənada Rusiyanın hazırda Azərbaycanla münasibətlərin səviyyəsindən çox razı olduğunu göstərir”, - Əlili qeyd edib.
Amma Moskva Ermənistanı itirməkdən qorxmur. Çünki bu ölkə Zəngəzur dəhlizi istisna olmaqla, hazırda ona o qədər də maraqlı deyil və Ermənistan hətta bir müddətliyə Rusiyanın təsirindən uzaqlaşa bilər: “Mən Kremldə və ya Kreml ətrafındakı dairələrdə kiminsə Ermənistanın Rusiyanın təsir orbitində qalmasını həqiqətən çox istədiyini görmürəm. Bəli, bu, reputasiya məsələsidir. Lakin “real siyasət” kontekstində Ermənistan regionun küncündə yerləşir. Yəni Ermənistansız da İrandan keçməklə (məsələn, Astara-Rəşt) bəzi nəqliyyat dəhlizlərini təmin etmək olar. Beləliklə, mən düşünmürəm ki, hazırda Rusiya üçün Ermənistanda mövcudluğunu saxlamaq bir nömrəli prioritet vəzifədir.
Lakin hesab edirəm ki, Rusiya sonradan geri dönmək üçün geri çəkilir. İnformasiya kanallarının məlumatına görə, Moskva sərhədçilərini Zvartnots hava limanından və onların 2020-ci ilin sentyabrından sonra yerləşdirildiyi yerlərdən geri çəkməyə razı olub. Bu, təbii ki, Rusiya üçün mövqe itkisidir. Lakin onlar düşünürlər ki, hələlik əsas diqqət Ukraynaya yönəlib və orada müharibə başa çatdıqdan sonra Cənubi Qafqaza qayıtmaq və Ermənistanda itirilən hər şeyi geri qaytarmaq mümkün olacaq.
Eyni zamanda, görürük ki, Ermənistan daxilində müəyyən etiraz potensialı var. Bəzi qüvvələr, xüsusən də kilsə, yaranmış vəziyyətdən istifadə edərək Paşinyana qarşı hansısa kiçik inqilab təşkil etmək istəyirlər. Amma mənə elə gəlir ki, bunun arxasında Kreml yox, Rusiyadakı erməni diasporu dayanır. Biz görürük ki, Rusiya Federasiyasının Ermənistandakı təsirinin zəifləməsi Rusiyadakı erməni diasporunun mövqelərinə də təsir edir. Ona görə də, diaspor fəal şəkildə özünün aktual olduğunu, Ermənistan daxilindəki proseslərə təsir imkanlarına malik olduğunu göstərməyə çalışır və bu resurslar ona Rusiya daxilində müəyyən imtiyazlar verir”.
Analitik eyni zamanda deyir ki, Gürcüstanda da çox maraqlı hadisələr baş verdiyini unutmaq olmaz. “İndi isə belə çıxır ki, Azərbaycan balanslaşdırılmış siyasət aparır və bir çox ölkələrlə əlaqələr qurur. Ərazisində Rusiya bazaları və sabit rusiyapərəst dövlət imicinə malik olan Ermənistan getdikcə daha az rusiyapərəst sayılır. Qərbyönümlü ölkə imicinə sahib olan Gürcüstan isə indi daha az qərbpərəst sayılır. Yəni bu ölkələrin hər ikisi xarici siyasətdə daha balanslı olurlar. Bu o deməkdir ki, hazırda Cənubi Qafqazın hər üç ölkəsinin elitasının daxilində Aİ və ABŞ-la qarşıdurma müşahidə olunur. Azərbaycan öz diplomatiyası ilə hətta neytral balanslaşdırılmış olmağı bacarıb. Amma bütün bu hadisələr hələ də dəyişir və inkişaf edir. Ona görə də, düzünü desəm, bu mövzunun müzakirəsinə bir müddət sonra qayıtmağa üstünlük verərdim”, - deyə mərkəzin direktoru yekunlaşdırıb.
Rauf Orucov