Logo
news content
User
Kateqoriyalar

Analitika

Millimizin problemini soruşsalar - Canni de... 
“Pulu yeyib dağıtdılar, futbol bu günə qaldı”

Sentyabrın 9-da futbol üzrə milli komandamız AVRO-2024-ün seçmə mərhələsinin növbəti oyununa çıxacaq. FİFA reytinqində 121-ci pillədə qərarlaşan yığmamızın rəqibi həmin siyahının beşincisi Belçika olacaq.

Hamıya məlumdur ki, 3 ildir italiyalı məşqçi Canni De Byazinin rəhbərlik etdiyi millimiz seçmə mərhələyə uğursuz start verib. Yığma F qrupunun ilk 2 turunda böyük hesabla (Avstriyaya 1:4, İsveçə 0:5) uduzub. Dişimizə görə rəqib saydığımız Estoniya ilə Bakıdakı qarşılaşmada da sevinə bilməmişik. Həmin oyunda bizi qane etməyən heç-heçə (1:1) təkcə ilk xalımızı qazanmağa yarayıb. Qrup sonuncusu olan millimizin "Dalğa Arena"da Belçikanı güclü dalğaya salacağını gözləmək absurd olar. Əksinə, Avstriya və İsveçdən birlikdə 9 qol buraxdığımızı göz önünə gətirəndə Belçika burulğanına düşmək qorxumuz artır…

De Byazinin gəlişi…

2020-ci il. Koronavirus pandemiyasına başımız qarışdığı bir vaxtda başsız qalan milli komandamıza Canni De Byazi gətirilir. Həmin ilin iyulunda AFFA ilə ortaq məxrəcə gələn italyan avqustun 10-da Bakıya səfər edərək, müqavilə qol çəkir. De Byazi bura gələnə qədər də bizə tanış sima idi. Çünki 6 il çalışdırdığı Albaniya yığmasını 2016-cı ildə Avropa çempionatına çıxarmaqla adından söz etdirmişdi. Məhz bu uğuruna görə onun millimizə təyinatı futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdı. Ancaq atalar boş yerə deməyiblər axı, sən saydığını say, gör fələk nə sayır. De Byazi bir müddət sonra etiraf edəcəkdi ki, Azərbaycan futbolu onun təbiri ilə desək, qapalı dünyadır və bundan baş çıxarmaq hər oğulun işi deyil…

İlk fiasko

De Byazinin yığmamızda ilk imtahanı UEFA Millətlər Liqasına təsadüf etdi. Monteneqro, Lüksemburq və Kipr ilə eyni qrupda yer alan millimiz qrupu 6 xalla 3-cü yerdə bitirdi. Yəni qarşıya qoyulan hədəf yerinə yetirilmədi. Bununla belə, pandemiya şəraiti, baş məşqçi təyinatının gecikməsi kimi səbəblər nəzərə alınaraq, De Byazinin komandanı yetərincə tanımaq imkanının olmadığı ön plana çəkildi və onun işinə dünya çempionatının seçmə mərhələsində qiymət veriləcəyi bildirildi. Həmin vaxt De Byazi iddialı danışaraq, DÇ-nin təsnifat mərhələsində fərqli komanda görəcəyimizi qətiyyətlə söyləyirdi. Ancaq verilən vədlərlə reallıq üst-üstə düşmədi.

Növbəti uğursuzluq: 1 xal

Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda yer alan millimiz keçirdiyi 8 oyunun 7-də uduzdu, yalnız İrlandiya ilə səfərdə heç-heçə etməyi bacardı. Millətlər Liqasında De Byazinin komandasından 4 xal alan Lüksemburq dünya çempionatının seçmə mərhələsində hər iki oyunda yığmamıza qalib gəldi. Topladığımız 1 xalın fonunda italyan məşqçi ilə yolların ayrılacağı gözlənilirdi. Di gəl ki, yenə onunla əməkdaşlığa davam edilməsinə qərar verildi…

Millətlər Liqasında növbəti cəhd

Millimizdə heç nə ilə yadda qalmayan De Byazinin qarşısına yeni tapşırıq qoyuldu. Yığmamız növbəti dəfə qatılacağı Millətlər Liqasında qrup birincisi olmalıydı. Qazaxıstan, Slovakiya və Belarusla eyni qrupda yer alan komandamız turnirə uğursuz start verdi və ilk 3 oyunda cəmi 1 xal əldə etdi. De Byazi və yetirmələri qrupun 4-cü oyununda ayıldılar ki, artıq iş işdən keçib. Qalan 3 görüşdə 9 xal, ümumilikdə isə 10 xal toplayan yığmamız qrupu 2-ci yerdə bitirdi. Yəni bu dəfə də qarşıya qoyulan missiya yerinə yetirilmədi…

De Byazi hər dəfə verilən tapşırığı yerinə yetirə bilməsə də, AFFA rəhbərliyi üçün onu saxlamaq mənasında qələbə qazanılan son 3 oyundan gözəl fürsət ola bilməzdi. Beyinlərə “De Byazinin komandası gələcək vəd edir” düşüncəsini sırımaq taktikası seçildi. İki ay sonrakı yoldaşlıq görüşlərində Moldova və Şimali Makedoniya üzərində qələbələrin qazanması isə planın rahat işləməsi, hamının ona inanması üçün ikinci “münbit şərait” yaratdı.

Qurbanovu uğursuz adlandıranlar bu dəfə susdular

İki yoldaşlıq matçında və Millətlər Liqasında birinciliyi təmin etmiş Qazaxıstan üçün formal oyunda qeydə alınan qələbələr bəh-bəhlə təbliğ və tərif olundu. Maraqlıdır ki, vaxtilə eyni turnirdə qrup ikincisi olduğu üçün Qurban Qurbanovun yığmadakı fəaliyyəti uğursuz hesab edilmiş və 6 illik müqaviləsi ola-ola onunla yollar ayrılmışdı. İki dəfə Millətlər Liqasında şans qazanan De Byaziyə isə 3-cü və 2-ci olmasına rəğmən, toxunulmadı, güldən ağır söz deyilmədi. Müəmmalı haldır, deyilmi?!

5 qələbədən sonra eyforiyaya qapılan AFFA rəhbərliyi düşünmədi və ya düşünmək istəmədi ki, həmin nəticələr real gücümüzü əks etdirmir. Nəyə qadir olduğumuz Avropa çempionatının seçmə mərhələsində bilinəcəkdi. Onsuz da futboldan anlayışı olanlar əsl gücümüzə bələddirlər və De Byaziyə çoxdan ümidlərini itiriblər. Sadəcə, AFFA və tərəfdarları üçün real mənzərə ortaya çıxacaqdı. Elə də oldu…

Eyforiyadan boğulanları əvvəlcə Avstriya sillələdi və silkələdi. Ardınca İsveç yığmamızı darmadağın etdi. İki oyunda 9 qol buraxmaq azmış kimi, öz meydanımızda Estoniyaya da qalib gələ bilmədik. Amma nə olsun?! AFFA rəhbərliyi yenə De Byazi ilə yolları ayırmağın tez olduğunu düşündü. Guya seçmə mərhələnin qalan görüşlərində italyan sehrli çubuğunu çıxaracaq və qrupdakı vəziyyətimizi düzəldəcək. İnanan daşa dönsün…

Həmin zamanı yerli mütəxəssisə versəydik…

Aydın məsələdir ki, Belçika millisi heyətindəki ulduzlara görə bizdən qat-qat güclüdür. Sentyabrın 9-da bu rəqibə uduzsaq, hətta 2-3 top fərqilə məğlub olsaq belə, bu, adi qarşılanacaq. Böyük ehtimalla, biabırçı hesab qeydə alınmasa, Canni bəy yenə istefaya göndərilməyəcək. Məsələ bunda deyil. Məsələ ondadır ki, Estoniyaya qalib gələ bilməyən məşqçinin Belçikanı üstələyəcəyinə inananlar və ümid edənlər var. Nəyə əsasən? Millinin göstərdiyi oyuna, yoxsa Azərbaycan futbolundan “əla” başı çıxan baş məşqçiyə görə? De Byazi Albaniya kimi, başqa ölkədə də uğurlu ola bilər. Amma bu, faktdır ki, Azərbaycanda bacarmadı, fiasko yaşadı. Ona bu qədər şans verməklə vaxtı itirə-itirə gedirik. Halbuki həmin zamanı yerli mütəxəssisə versəydik, ən azından özümüzünkü təcrübə qazanardı.

33 oyunda cəmi 7 qələbə

Yeri gəlmişkən, Belçika ilə qarşılaşma Canni De Byazinin yığmamızdakı 34-cü oyunu olacaq. O, indiyədək millimizi çıxardığı 33 matçda 7 qələbə qazanıb, 8 heç-heçə edib, 18 dəfə isə uduzub. Onun gəlişindən sonra 27 qol vuran komandamız 48 dəfə mərkəzə dəvət olunub. Statistika real mənzərəni ortaya qoyur.

Bu oyun millimizin Belçika ilə 5-ci dueli kimi tarixə düşəcək. Buna qədər qarşılaşdığımız 4 görüşün yalnız birində “qırmızı şeytanlar”dan xal almışıq:

11.10.2006. Belçika – Azərbaycan - 3:0

21.11.2007. Azərbaycan – Belçika - 0:1

29.03.2011. Belçika – Azərbaycan - 4:1

02.09.2011. Azərbaycan – Belçika - 1:1

“Allah eləsin, proqnozum bu dəfə də səhv çıxsın”

Yığmamızın qarşıdakı oyunu və qrupdakı vəziyyəti haqda futbol mütəxəssisi Vidadi Rzayevlə söhbətləşdik. Azərbaycan millisinin ilk rəsmi qələbəsinə (31.08.1996. Azərbaycan - İsveçrə - 1:0) vurduğu qolla töhfə verən “Vidoş” old.pressklub.az saytına açıqlamasında maraqlı fikirlər səsləndirdi. O, Belçika ilə matçda uğurlu nəticə arzuladığını, lakin millinin son oyunlarının yaxşı hesaba ümid vermədiyini bildirdi: “Komandamızın Belçikaya qalib gəlməsini istərdim. Amma yığma Millətlər Liqasında qrupda birinci ola bilmədi. Bu seçmə mərhələyə də uğursuz start verdi, ilk 2 oyunda qapısından 9 top buraxdı. Bu nəticələri nəzərə alanda Belçika ilə qarşılaşmada millimizdən uğurlu nəticə gözləmək olmur. Ən yaxşı halda heç-heçəyə ümid bəsləmək olar, lakin o da inandırıcı gəlmir. Mənim proqnozlarım həmişə səhv çıxır. Allah eləsin, bu dəfə də səhv çıxsın, yığmamız qalib gəlsin”.

“Mütləq səfərdə Estoniyaya qalib gəlməliyik”

Rzayev millimizin seçmə mərhələni, heç olmasa, Estoniyadan öndə bitirməli olduğunu düşünür: “Düzdür, futbolda bəzən sürpriz nəticələr qeydə alınır. Buna görə, qrupu neçənci yerdə bitirəcəyimizlə bağlı dəqiq təxmin etmək olmur. Heç olmasa seçmə mərhələni Estoniyadan öndə bitirmək lazımdır. Təəssüf ki, biz öz meydanımızda estonlara qalib gələ bilmədik, heç-heçə etdik. Qrupda onlardan öndə olmaq istəyiriksə, mütləq səfərdə Estoniyaya qalib gəlməliyik”.

“5 qələbəni əllərində bayraq etməsinlər”

Sabiq “18 nömrə” də milli komandada legioner məşqçiyə ehtiyac olmadığı qənaətindədir. Onun fikrincə, bu posta yerli mütəxəssis təyin edib, onunla futbolun inkişafını fikirləşmək lazımdır: “Düzdür, De Byazi Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxarda bilmişdi. Məhz bu nəticəyə görə onu Azərbaycana gətirdilər. Amma Albaniya Avropanın göbəyindədir, çoxlu legioner həyatı yaşayan futbolçuları var. Bizə gələn məşqçi isə əlini-qolunu çırmalayıb, fundamental iş görməliydi. Ardıcıl 5 oyunda qələbə qazanmağımızı çox hallandırdılar. Onların ikisi yoldaşlıq görüşü idi. Millətlər Liqasında qrupun sonuncu turunda Qazaxıstana qalib gəldik, halbuki həmin görüş rəqib üçün formal xarakter daşıyırdı, qrupda birinciliyi təmin etmişdilər. Yəni 5 qələbəni əllərində bayraq etməsinlər. Yaxşı, Millətlər Liqasında birinci ola bilməməyi bir kənara qoyaq. Avropa çempionatının seçmə mərhələsində 1 xal qazanmağımıza, qrupda sonuncu olmağımıza, 2 görüşdə 9 top buraxmağımıza nə ad qoyaq?! Həmin oyunlardan sonra De Byazi çıxıb dedi ki, Azərbaycanda futbolçu qıtlığı var. Gələndə xəbəri yox idi ki, futbolçu yoxdur? De Byazi razılaşanda hara gəldiyini bilmirdi? Ən azı 50 dəfə demişəm ki, o qədər pul xərcləyib milliyə əcnəbi məşqçi gətirməyin, milyonları ona dağıtmayın. Ondansa yerli mütəxəssis təyin edin, vaxt verin, işləsin”.

“300, 500 manata kim uşaq futbolunda işləyər?”

Rzayev futbolumuzda köklü dəyişiklikləri labüd sayır. O, uşaq futboluna güc verilməsini, inkişaf üçün ayrılan dövlət vəsaitinin düzgün xərclənməsini istəyir: “Hamı deyir ki, filan yerlərdə akademiya tikilir. Bəs hanı o akademiyalardan çıxan futbolçular? O qədər akademiyadan barmaqla sayılası qədər futbolçu çıxır. Uşaq məşqçilərinə normal maaş verilməlidir. Uşaq futboluna heç kim getmək istəmir, gedənlər də əlacsızlıqdan gedirlər. 300, 500 manata kim uşaq futbolunda işləyər? Uşaq futbolundan çətin iş yoxdur. 5 oyunda qələbə qazanmaqla öyünmək yox, bu çatışmazlıqları düzəltmək lazımdır. Elə də danışırdılar ki, guya De Byazi ardıcıl 5 qələbəni seçmə mərhələdə qazanıb. Burada udmaq lazımdır e... Bizim vaxtımızda, pulsuz dönəmdə FİFA reytinqində 91-ci pilləyə qalxmışdıq, indi 121-ci yerdəyik. Bütün zəif millilər inkişaf edirlər, biz isə geri gedirik. Dövlət başçımız 10 illik dövlət proqramı zamanı futbolun inkişafına pul ayıranda həmin pulu səmərəli istifadə etmədilər. Qarışqa şirəyə yığışan kimi, hamı yığışdı o pulun başına və başladılar yeyib dağıtmağa. Yadımdadır, 1990-cı ildə “Qalatasaray” və “Fənərbağça” ilə oynamaq üçün Türkiyəyə getmişdik. “Qalatasaray”la 2:2 hesablı heç-heçə etdik, sonra 20 Yanvar faciəsinə görə təcili ölkəyə qayıtmalı olduq, “Fənərbaxça” ilə oynaya bilmədik. Onda türkiyəlilər deyirdilər ki, əvvəl dövlət futbolun inkişafına, məsələn, 10 lirə ayırırdısa, onun 9-nu yeyib, 1-ni futbola xərcləyirdik. Sonra gördük ki, belə düzəlməz, başladıq 1-ni yeyib, 9-nu futbola xərcləməyə. Nəticədə qısa müddətdə “Qalatasaray” UEFA Kubokunu qazandı, Türkiyə yığması dünya üçüncüsü oldu. Bizim futbola dövlət başçımız, idmana qayğı göstərən insan 10 il ərzində o qədər pul ayırdı, amma hələ də milli düzəlməyib. Çünki futboldakılar 10 manatdan 9,5 manatı yeyib, 0,5-ni futbola xərclədilər. Buna görə də futbol bu günə qaldı”.

Deyilənlərdən bu nəticəyə gəlinir ki, Azərbaycan millisini uğura aparan yol əcnəbi məşqçilərdən keçmir. Elə olmasaydı, yetərincə vaxt verilən Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç və ya Canni De Byazi ilə hansısa ciddi nailiyyət qazanmış olardıq. Deməli, milyonları xərcləyib xarici mütəxəssis gətirməklə deyil. İlk növbədə, milli səviyyəsində futbolçular yetişdirmək lazımdır. Bunun üçün isə bütün diqqət uşaq futboluna yönəldilməli, sərmayə oraya yatırılmalıdır. Yalnız bu halda, illər sonra yığmamızın davamlı yaxşı nəticələrinə şahidlik edə bilərik…

Rizvan BABAYEV