Logo
news content
User
Kateqoriyalar

Analitika

Milli Məclisdə yeni rəhbərlik

Ülviyyə Şahin

Altıncı çağırış Azərbaycan Milli Məclisi fəaliyyətə başladı. Martın 10-da keçirilən ilk iclasda yeni sədr, müavinlər və komitə sədrləri seçildi.

Sədr vəzifəsində Oqtay Əsədovu Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova əvəzlədi. YAP-ın namizədi Əli Hüseynli I vitse-spiker, bitərəflərin namizədi Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Fəzail İbrahimli isə vitse-spiker oldular.

MM-in yeni rəhbərliyindən gözləntilər nədir? Bu şəxslər parlamentin işində hansı keyfiyyət dəyişikliyi yarada bilər? Bu sualları iqtidar və müxalifət təmsilçilərinə ünvanladıq.

MM-in üzvü Aydın Mirzəzadə adı çəkilən şəxslərlə uzun müddətdir bir yerdə fəaliyyət göstərdiyini və hər birinin potensialına, qabiliyyətinə, dövlətçiliyə bağlılığına yaxından bələd olduğunu söylədi:

“Hesab edirəm ki, seçim düzgündür və onlar parlamentin işinin bugünkü tələblərə uyğun şəkildə qurulmasına öz töhfələrini verəcəklər. Cənab prezidentin deputatlar qarşısındakı çıxışında qoyduğu məsələlər bu gün parlamentin daha effektli işləməsinə, seçicilərlə sıx əlaqə qurmasına və ən əsası, Azərbaycanı xaricdə daha yaxşı təqdim etməsinə kömək edəcək. Yeni rəhbərliyin bütün bu məsələlərlə bağlı kifayət qədər potensialı, bacarığı və iş təcrübəsi var.”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, keçmiş sədr müavini Fuad Qəhrəmanlı isə Milli Məclisin yeni rəhbərliyinin sadəcə zahirən, forma etibarilə dəyişikliyi ehtiva etdiyini bildirdi: “Mahiyyətcə heç bir dəyişiklikdən söhbət gedə bilməz. Necə ki, MM-in tərkibi əsasən əvvəlkilərdən ibarətdir, cəmi 40%-ə yaxın yenilik oldu. Ancaq bu yenilik MM-in nə fəaliyyətində, nə işinin səmərəsində hər hansı dəyişikliyə gətirib çıxara bilər. Çünki MM müstəqil qurum deyil, prezident hakimiyyətindən birbaşa göstərişlə idarə olunur. Müstəqil qanunvericilik təşəbbüsü yoxdur. Belə bir qurumun başında duran şəxslərdən, kimliyindən asılı olmayaraq, hər hansı dəyişiklik gözləməyə dəyməz.”

F.Qəhrəmanlının sözlərinə görə, MM-in bütün tərkibi saxta yolla seçilib: “Hakimiyyət tərəfindən hazırlanmış siyahı əsasında adamlar parlamentə təyin olunublar.  İndi fərq etməz həmin siyasətin, yəni prezident hakimiyyətinin siyasətinin icraçısı kimlərdir: əvvəlki tərkibdən qalan şəxslər, yoxsa yenilər? Hazırkı rəhbərlik nə dünyagörüşü, nə də indiyəqədərki fəaliyyəti baxımından əvvəlkilərdən heç nə ilə fərqlənmir. Sadəcə olaraq, Prezident Administrasiyasında müəyyən olunan siyasətin icraçıları dəyişib. Bu baxımdan hər hansı pozitiv dəyişiklik gözləntiyə dəyməz.”