Logo
news content
User
Kateqoriyalar

Analitika

“Mənə dedilər ki, bunu hamı tanıyır, nə istəyir ver, əl çəksin...”
Ata Abdullayevin şantajına məruz qalan şəxs ona “iPhone” alıb, verdiyini deyib 

Bu ilin martında müxtəlif şəxsləri şantaj edib, onlardan pul istəməkdə ittiham olunaraq həbs edilən Ata Abdullayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oktyabrın 19-da məhkəmədə prokuror ittiham aktını elan edərkən məlum oldu ki, Ata Abdullayevin hədə-qorxu ilə pul tələb etdiyi adamlar arasında Bakıda keçirilən beynəlxalq yarışlarla bağlı Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Əməliyyat Komitəsinin mühasibi vəzifəsində çalışmış Elmar Əliyev, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov və sahibkarlar da var.

Cinayət işinin materiallarında yazılıb ki, A.Abdullayev icra nümayəndəsini Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyərək ondan 6000 manat pul tələb edib. Elmar Əliyevi isə Avropa Oyunlarından sonra Atletlər kəndindəki evlərdə olan mebel və başqa məişət əşyalarını mənimsəməkdə, satmaqda suçlayaraq ondan 10000 manat pul istəyib. 

İttihama əsasən Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə günahlandırıb, ondan həmin videonu yaymamaq üçün pul tələb edib. Başqa bir sahibkar Elçin Əliyevi isə Sabunçu rayonu ərazisində qanunsuz tikinti aparmaqda ittiham edərək 15000 manat pul istəyib.

Bu dörd zərərçəkmişdən yalnız biri - Elmar Əliyev məhkəmədə iştirak edirdi. Hakim Ata Abdullayevdən özünü təqsirli bilib-bilmədiyini soruşanda o, öncə suala konkret cavab verməyib, məhkəmə zalından çıxarılmasını tələb edib: 

“Çıxarın məni buradan. Haqqımı sizə halal edirəm, nə hökm istəyirsiniz, oxuyun. Canım sizə fəda olsun...” Bir qədər sonra isə o, ittihamda yazılanları qəbul etmədiyini bildirib.

Daha sonra zərərçəkmiş Elmar Əliyev ifadə verərək bildirib ki, Ata Abdullayev ona zəng edib, aqressiv danışıb: 

“Tez-tez danışırdı, nə dediyini başa düşmək olmurdu. Mənə zəng edəndə onu həyatda görməmişdim, sosial şəbəkələrdən tanıyırdım. O vaxt şərikimlə aramızda problem oldu, ondan sonra Ata Abdullayev zəng eləyib məni hədələdi ki, “sən məmursan, dövlətin malını talayırsan”. Halbuki, mən heç vaxt dövlət qulluqçusu olmamışam, müqavilə ilə işləmişəm. O işə xarici dil bildiyimə görə əcnəbi mütəxəssislərlə ünsiyyət baxımından məni götürdülər, müddətli müqavilə ilə işləyirdim. Mənim mebel və başqa əşyalar mənimsəməyim yalan idi. Ona görə də fikirləşdim ki, nə istəyir, eləsin, ona pul verməyəcəm”.

Zərərçəkmişin sözlərinə görə, bu hadisədən bir müddət əvvəl Tural adlı şəriki ilə aralarında problem yaşanıb. Bu səbəbdən Ata Abdullayevin onu dostunun sifarişi ilə hədələyib, pul istədiyini düşünüb. İkinci telefon danışığında Ata Abdullayev ona dostunu döyməsi, bununla əlaqədar polisə şikayət haqda deyəndə əminlik yaranıb: 

“Birinci dəfə mənə zəng eləyəndə fikirləşdim ki, ictimaiyyət arasında tanınan adam deyiləm, məmur deyiləm, niyə mənə zəng eləsin? Mən adi mühasib olmuşam. Anladım ki, şərikim Turalın sifarişidir. Pulu vermədim. Bir neçə gün sonra canlı yayım açıb, mənim haqqımda danışdı. Özüm baxmamışdım, tanışlar, qohumlar zəng eləyib, xəbər verdi”.

Elmar Əliyev yaranmış qalmaqallarda hüquqi yardım göstərməsi üçün mərhum vəkil Adil İsmayılovla müqavilə bağlayıb. Onun sözlərinə görə, hətta Adil İsmayılovun da onun məsələsi ilə əlaqədar Ata Abdullayevlə telefon söhbəti olub: 

“Ata Abdullayev elə danışırdı ki, sanki nazirəm, nazir müaviniyəm. Canlı yayımdan sonra qohumlarım da mənə dedilər ki, bunu hamı tanıyır, hamı bilir ki, o, pulla sifarişlər icra edir, nə istəyir ver, əl çəksin. Bakı böyük yer deyil, istər-istəməz o videoya baxanlar olur, iş üçün harasa CV verirsən. Ona görə, fikirləşdim ki, verim. Amma 10 min vermək istəmədim. Bu da əvvəl 10 min demişdi, sonra “iPhone” istədi. Dostumdan xahiş elədim, 2400 manata aldı, apardı Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayım videosunu da sildi”.

Ata Abdullayev “hamı bilir” ifadəsinə etiraz edib: “Məni təhqir eləməyin. “Hamı bilir” sözü təhqirdir”.

Həm Ata Abdullayev, həm də vəkili zərərçəkmişdən soruşub ki, 2019-cu ildə şantaj olunduğu halda, niyə 2021-ci ildə DTX-ya şikayət edib? Elmar Əliyev cavabında bildirib ki, Ata Abdullayevin polis idarələrindəki davranışını görəndən sonra onun cəzalanacağına ümid etmirdi. Ona görə də həbsindən sonra DTX-ya şikayət ərizəsi verib: “Gözümün qarşısında polis idarəsinə vəsiqə təqdim eləmədən, yoxlanılmadan girən adam idi...”

Zərərçəkmiş ifadəsinin sonunda Ata Abdullayevə verdiyi mobil telefonun qaytarılmasını tələb edib.

Ata Abdullayev isə zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, şantaj etmədiyini bildirib: “Mən bu gün fəxr edirəm ki, İlham Əliyev ideyalarına qulluq edirəm. Bu gün DTX-da məni qoruyurlar, Allah da onları qorusun”.

Ata Abdullayevin sözlərinə görə, onun Elmar Əliyevdən telefon aldığını təsdiqləyən heç bir sübut yoxdur: 

“Bəlkə müstəntiq Stiv Cobsdan arayış alıb? Heç bir sübut yoxdur. Olmayan video ilə məni ittiham edirlər. Mən günahımı bilirəm. Mənə aydındır ki, niyə buradayam. Hörmətli hakimlər, siz Heydər Əliyev, İlham Əliyev dəyərlərini, Konstitusiyanı müdafiə edirsiz. Mən buradan çıxmaq istəyirəm. Mən Heydər Əliyevin, Zərifə xanımın, şəhidlərimizin, atamın məzarını ziyarət eləmək istəyirəm. Mən 8 aydır 6 kvadrat metrlik otaqda tək qalıram. Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm, kömək edin”.

Ata Abdullayev məhkəmədə bir neçə dəfə ağlayıb.

Məhkəmə prosesi oktyabrın 26-da digər zərərçəkmişlərin dindirilməsi ilə davam edəcək.

Xatırladaq ki, bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, bir neçə il əvvəl də həbs olunmuşdu və online qaydada kartlardan oğurluqda təqsirləndirilirdi. A.Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.

Gülər