Logo
news content
User
Kateqoriyalar

Analitika

Məhkəmə-hüquq islahatlarına dair prezident fərmanından 1 il ötdü

Prezidentin ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman ətrafında səs-küy çox oldu. Hökumət təmsilçiləri bir yana, hətta məhkəmə-hüquq sahəsindəki vəziyyəti tənqid edənlərdə də ümid yaranmışdı ki, 13 bəndlik bu fərmanın ölkədə ədalət mühakiməsinə müsbət təsiri ola bilər. Hərçənd, ən başdan bədbin olanlar da az deyildi. Əsas arqumentləri də bu idi ki, əvvəllər də bənzər normativ-hüquqi aktlar qəbul edilib, amma işləməyib.

Fərmanda nə var idi?

Fərmanda uzun illərdir insanların etirazlarına səbəb olan xeyli məsələlərə toxunulub. Məsələn, Azərbaycanda məhkəmə sistemi ilə bağlı ən çox narazılıq yaradan məqamlardan biri sübutların saxtalaşdırılmasıdır. Söhbət məhkəmə iclaslarında səslənən ifadə və izahatların təhrif edilməsi, protokolda fərqli əks olunmasıdır. Hökm və qərarlarda da həmin ifadələrə istinad edilir. Fərmanın 3.7 bəndində “bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi” nəzərdə tutulub.

Ciddi narazılıqlar yaradan başqa bir məsələ isə ekspert rəyləridir. İnsanlar ekspertiza rəylərindən və onun əsasında çıxarılan məhkəmə hökm-qərarlarından narazı qalır, bununla bağlı heç bir addım da ata bilmirlər. Beynəlxalq təcrübədə isə vətəndaşlara alternativ ekspertiza keçirmək imkanı yaradılır. Alternativ ekspertizaları keçirən özəl mərkəzlər var. Bu fərmanda da Azərbaycanda alternativ ekspertiza institutunun yaradılması nəzərdə tutulub. “Məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə təhlil olunsun və müvafiq təkliflər üç ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin”, - Fərmanın 7.4 bəndində belə yazılıb.

Sənəddə bundan əlavə, iqtisadi mübahisələri araşdıran ayrıca məhkəmələrin yaradılması (bundan öncə həm iqtisadi mübahisələrə, həm də dövlət orqanlarıyla bağlı şikayətlərə eyni məhkəmə – İnzibati-İqtisadi Məhkəmə baxırdı); vətəndaşlara dövlət hesabına hüquqi xidmət göstərən vəkillərə xidmət haqqını birbaşa Vəkillər Kollegiyasının özünün ödəməsi üçün dövlətin hər il ümumi vəsaiti öncədən Kollegiyanın hesabına köçürməsi; “Elektron məhkəmə” sisteminə keçid – bütün məhkəmə qərarlarının saytda yerləşdirilməsi; vahid məhkəmə təcrübəsinin formalaşması (bənzər hadisə və hallarla bağlı fərqli qərarların qəbuluna yol verilməməsi); hakimlərin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının əhəmiyyətli dərəcədə artırılması və s. məqamlar da var.

Məhkəmə-hüquq sahəsindəki acınacaqlı vəziyyətə son qoyacağı düşünülən fərmanın bir ili tamam oldu. Mütəxəssislər indi nə düşünür: fərmanda nəzərdə tutulan dəyişikliklər kağız üzərində qaldı, yoxsa real duruma təsir göstərdi və göstərir?

Nemət Kərimli: “Ədalət mühakiməsinə birbaşa təsir göstərəcək bəndlərin hələ real nəticəsi yoxdur”

Vəkil Nemət Kərimli bildirdi ki, fərmanın tamamilə icra olunmadığını demək olmaz. Çünki orada nəzərdə tutulan məsələlərin icrası məqsədilə qanunvericiliyə xeyli dəyişikliklər edilib, layihələr hazırlanıb, ayrı-ayrılıqda inzibati və kommersiya məhkəmələri fəaliyyətə başlayıb, dövlət hesabına vəkilliklə əlaqədar ödənişlər Vəkillər Kollegiyasının səlahiyyətinə verilib və s... Amma ədalət mühakiməsinə birbaşa təsir göstərəcək bəndlərin hələ real nəticəsi yoxdur. N.Kərimli qeyd etdi ki, vəkil kimi onun özü də məhkəmə iclası protokollarında ifadələrin təhrif olunması, ekspertizanın yanlış rəy verməsindən əziyyət çəkir. Məhz bu məsələlərin qismən də olsa, həllinə ümid edirdi:

“Saxta ekspertiza rəyləri əsasında nə qədər insanın həyatı qaralıb. Yaxud qanunsuz, əsassız hökmləri əsaslandırmaq üçün əksər hallarda ifadələr təhrif olunur. Məhz bu baxımdan vəkil olaraq, bu məsələlər mənim üçün çox vacibdir. Təəssüf ki, hələlik real nəticəni görmürük. Bildiyimə görə, alternativ ekspertiza ilə bağlı hüquqi bazanın yaradılması istiqamətində addımlar atılıb. Hələ ki proses yekunlaşmayıb. Səsyazma məsələsinə gəlincə, bu gün ondan əziyyət çəkirik. Elə son olaraq, Tofiq Yaqublunun işi üzrə birinci instansiya məhkəməsində prorokolların saxtalaşdırılmasıyla bağlı şikayət vermişik”.

Vəkil əlavə etdi ki, bəzən hakimlər prosesin audioyazısını aparır, amma son nəticədə müdafiə tərəfi o səs yazısını əldə edə bilmir: “Əgər mən o yazını əldə edə bilməyəcəmsə, ifadələrin təhrif olunmasının sübutu kimi ortaya qoymayacağamsa, hakim də protokolu saxtalaşdırıb, istədiyi hökmü çıxaracaqsa, o səs yazısının mənə, yaxud müdafiə etdiyim şəxsə nə faydası oldu?!”

Yalçın İmanov: “Bu problemlər ancaq siyasi iradə olsa, həllini tapa bilər”

Əsasən ictimai-siyasi fəalların hüquqlarının müdafiəsi ilə məşğul olan Yalçın İmanov da o fikirdədir ki, ədalət mühakiməsinin səmərəliliyi baxımından fərmanın real nəticəsi yoxdur: “Bundan əvvəl qəbul edilmiş oxşar sənədlər kimi ya tam icra edilməyib, ya da təhriflərlə icra edilib. Ədliyyə Nazirliyinə bir sıra normativ hüquqi aktların layihələrini qısa zamanda hazırlayıb, təqdim etmək tapşırılmışdı. O istiqamətdə görülən işlərlə bağlı cəmiyyətə vaxtaşırı və ətraflı məlumat verilmədi. Düzdür, ixtisaslaşmış məhkəmənin -  kommersiya məhkəmələrinin yaradılması artıq baş verib, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıyla bağlı qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edilib”.

Hüquqşünasın sözlərinə görə, məhkəmədə iştirak edən tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqları genişləndirilib. Ancaq özəl qurumların ekspertiza keçirmək mexanizmi, özəl ekspertiza fəaliyyətinin necə qurulması, hansı üsullarla işlək vəziyyətə gətirilməsi kimi problem və suallar isə qalır.

Y.İmanovun fikrincə, Azərbaycanın məhkəmə-hüquq sisteminin düzəlməsi üçün ilk növbədə siyasi iradə ortaya qoyulmalıdır: “Bütün bunlar hansısa bir sənədlə yox, yalnız sabit siyasi iradə və məhkəmə hakimiyyətinin müstəqilliyinin özünə qaytarılması və tam təmin edilməsi ilə reallaşdırıla bilər. Məhkəmələrin fəaliyyətindəki sistemli xarakter daşıyan nöqsanlar, məhkəmələrin özündən yox, hazırkı siyasi sistemin təbiətindən qaynaqlanır. Siyasi sistem islah olunmayınca, hədəfə çatmaq mümkün deyil”.

Ələsgər Məmmədli: “Əvvəlkilərin taleyini yaşayacaq”

Başqa bir hüquqşünas Ələsgər Məmmədli də fərmanın imzalanmasından ötən bir il ərzində Azərbaycanın məhkəmə sistemində baş verənləri yada salaraq, nikbin olmadığını söylədi: “Bu gün də məhkəmələrdə şəffaflıq məsələsi problem olaraq qalır. Bu istiqamətdə real addım atılmır. Ümumiyyətlə, ciddi dəyişiklik baş verməyib. Şəxsən özüm monitorinq aparmışam. Məhkəmələrin heç 50 faizi elektron məhkəmə portalına inteqrasiya eləməyib. Halbuki elektron məhkəmə portalına inteqrasiya hələ prezidentin 2014-cü ilin fevralında imzaladığı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamda nəzərdə tutulmuşdu. Yaxud da 2017-ci ilin fevralında imzalanan cəza siyasətinin humanistləşdirilməsi haqqında sərəncam... Düşünürəm ki, bu fərman da dərin mənada əvvəlkilərin taleyini yaşamaqda davam edir”.

Əlməmməd Nuriyev: “Bir hissəsi icra olunub, bir hissəsi ilə bağlı işlər davam edir”

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, keçmiş deputat Əlməmməd Nuriyev isə fərqli düşünür. O bildirdi ki, fərmanın icrası çərçivəsində xeyli iş görülüb, 40-a qədər normativ-hüquqi aktın layihəsi hazırlanıb, onların əksəriyyəti qəbul edilib. Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt” yaradılıb, məhkəmələrdən gələn şikayətlər operativ şəkildə araşdırılır. Hakimlərin maaşı da artırılıb. Amma Ə.Nuriyev hesab edir ki, hakimlərin sosial müdafiəsini bundan sonra da gücləndirməyə ehtiyac var. O, fərmanın əsas faydalarından biri kimi, məhkəmə qərarlarının ümumiləşdirilməsi - vahid məhkəmə təcrübəsini qeyd etdi:

“Fərmanda göstərilən məsələlərin bir hissəsi icra olunub, bir hissəsinin icrası istiqamətində işlər davam edir. Məsələn, alternativ ekspertiza ilə bağlı qanuna dəyişiklik edilib, bu istiqamətdə başqa lazımi addımlar atılır. Yəqin ki, praktik olaraq da bu institutun işləməsinin şahidi olacağıq. Bu, çox mühümdür. Dövlət orqanı tərəfindən keçirilən ekspertizanın nəticələrinə bir çox hallarda şübhələr yaranırdı. Yaxud məhkəmə qərarlarının ümumiləşdirilməsi. Oxşar işlərlə bağlı tamamilə bir-birinə zidd qərarların çıxarılması məhkəmə sisteminə inamsızlıq yaradırdı. Vahid məhkəmə praktikasıyla bu problem də aradan qalxır.”

Anar Bağırov: “Bəzi vəkillərimiz pulunu ala bilmirdi”

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə prezidentin sözügedən fərmanını vəkilliyin maliyyə müstəqilliyi istiqamətində addım kimi qiymətləndirir. Onun sözlərinə görə, dövlət hesabına göstərdiyi hüquqi yardıma görə vəkillərə vəsaitin ödənilməsində süründürməçilik halları vardı, şəffaflıq təmin olunmurdu: “Bəzi vəkillərimiz dövlət hesabına göstərdikləri hüquqi yardıma görə bir ildən çox keçsə də, vəsaiti ala bilmirdilər. Bəzi şəhər və rayonlarda belə hallar da, ödəniləcək məbləğ də kifayət qədər çox idi. Bu da bizi narahat edirdi. Ona görə Nazirlər Kabinetinə müraciət etmişdik. Dövlətimiz narahatlığımızı nəzərə aldı, məsələ həllini tapdı”.