Logo
news content
User
Kateqoriyalar

Analitika

Masallıda pandemiya ilə bağlı şəffaflıq problemi

Həmişə, hər işdə aşkarlığın tərəfdarı olmuşuq, elə pandemiya məsələsində də. Lakin arzu olunan aşkarlıq və şəffaflıq görünmür və bu da çaşqınlıq yaradır.

Pandemiya başlayanda məlumat yayırdılar ki, filan rayonda bu qədər yoluxan, bu qədər sağalan, bu qədər də ölən var. Nə baş verdi ki, sonradan belə məlumatlar gizlədildi?

Bəziləri tövsiyə edir ki, bununla bağlı çoxlu maarifləndirici yazılar, videolar paylaşın. Biz imkan daxilində buna əməl etsək də, əhali gördüyünə inanır.

Rayonda yaşayan bir vətəndaş kimi bilmək istəyirəm: Masallıda koronavirusa neçə nəfər yoluxub, yaxud neçə nəfər ölüb ki, rayonda  belə sərt karantin rejimi tətbiq olunur? Və yoluxma mənbələri hardandır?

Bu gün Masallı rayonunda koronavirus söhbətlərində əksəriyyət ünvan kimi Təzə Alvadı kəndini göstərir. Həmin kəndin sakinlərinin bir neçəsi ilə danışdıq və yoluxmanın necə baş verdiyini aydınlaşdırmağa çalışdıq:

1-ci versiya. Kənddəki yas məclisinə Lənkərandan bir neçə qadın gəlib, onlar yasda olan digərlərini virusa yoluxdurub;

2-ci versiya. Həmin yas məclisində iştirak edənlərdən bir neçəsi sonra kənddə nişan mərasiminə qatılıb, oradakıları da yoluxdurub; 

3-cü versiya. Təzə Alvadıdan onunla həmsərhəd olan Cəlilabadın Həziabad kəndinə çox rahat yol var. Həmin kənddə də kifayət qədər yoluxan olduğu üçün xəstəlik bu ərazilərdə daha çox yayılıb.

Ortada rəsmi məlumat olmadığı üçün hərə bir rəqəm deyir. Biri 20, digəri 45, hələ 60-70 deyən də var.

Təzə Alvadıda yoluxanlar sırasında məktəb direktorundan tutmuş, dövlət qulluqçusuna qədər, müxtəlif sosial statusa sahib insanların adları çəkilir. Ailəlikcə yoluxanlar barədə də məlumat var. Lakin kənd tam karantinə götürülməyib. Halbuki belə gərginlik yarananda Lənkəranın bir neçə kəndi karantinə alınmışdı.

İndi Masallı şəhərinin bir neçə istiqamətində - Digah, Şərəfə, Musaküçə, Ərkivan və sair yerlərdə postlar qoyulsa da, Təzə Alvadı kəndinə qonşu Köhnə Alvadı, Güllütəpə, Böyük Xocavar, Binə Xocavar, Banbaşı, Çaxırlı, Xırmandalı və digər Muğan kəndlərindən rahat gəlmək mümkündür.

Bir ay öncə qonşumuzda bir nəfər koronavirusdan dünyasını dəyişdi. Hamı bildi, biz də, daha bir neçə sayt yazdı. Yaxud, dünən bildirildi ki, İsmayıllıda bu xəstəlikdən bir ailənin 3 üzvü ölüb. Nə faciə baş verdi?! Hər şeyi açıq yazsaq, axı, nə olar?! Deyirlər, əhali vahiməyə düşər. Tutaq ki, bu gün mətbuat yazır: filan-filan kəndlərdə yoluxma çoxdur, filan qədər ölüm halı baş verib, yaxud hər ərazidə filan qədər vətəndaş testdən keçib və sair. Burada qorxulu nə var? Əksinə, bu tip məlumatlardan sonra insanlar daha ehtiyatlı olar, bu bəlanın daha yaxında olduğuna, necə dəhşətlərə səbəb ola biləcəyinə inanar.

Lakin Masallı Mərkəzi Xəstəxanasından bildirirlər ki, TƏBİB-dən icazəsiz bir kəlmə deyə bilmərik. TƏBİB-in Mətbuat Xidmətinin telefonuna isə aramsız olaraq etdiyimiz zənglər cavabsız qalır. Daha dəqiq desək, onlara heç zəng çatmır.

Yerli əhalini maarifləndirmək üçün bir neçə nəfər koronavirusdan sağalmış xəstədən müsahibə almaq istədik, lakin buna şərait yaradılmadı. 

Bu gün Masallı xəstəxanalarında vəziyyət necədir? Çarpayı çatırmı, həkim çatırmı, təcili yardım maşınları kifayət qədərdirmi? Oğul istəyir bu suallara cavab tapsın...

Bir daha qeyd edim ki, pandemiyanın başlamasından 4 ay vaxt keçsə də, hələ də öyrənə bilmirik ki, 230 minlik Masallı rayonunda Operativ Qərargahın üzvləri kimdir, “Qaynar xətt”in nömrəsi necədir? 

Sonra da deyirlər ki, camaat virusun olduğuna inanmır. İnandırıcı şeylər deyin ki, inansınlar. Mətbuat yox, amma abunə pulu yığırlar. Bundansa, ən azı Operativ Qərargahın bir yerli nümayəndəsi çıxsın canlı yayıma, əhalinin suallarını cavablandırsın.

Beş gündür Masallıda sərt karantin rejimi başlayıb. Biri deyir bu, Masallı rayonuna aiddir, o biri deyir, yox, təkcə Masallı şəhərinə. İcra Hakimiyyətində bütün səlahiyyətlilərə zəng etsəm də, dəqiq cavab ala bilmirəm.

Allah hamımıza şəfa versin: həm koronalı, həm koronasızlara...

Zahir Əmənov 

(Cenub.az)