Logo
news content
User
Kateqoriyalar

Analitika

Masallıda həyəcan siqnalı: üç gündə koronavirusdan 3 nəfər ölüb

Koronavirus, necə  deyərlər, canlar ala-ala gedir. Bəzən yanlış, bəzən doğru addımlar və qərarlarla hakimiyyət strukturları pandemiyaya qarşı mübarizəni davam etdirirlər. Reydlər, yoxlamalar, cərimələr, mobil təbliğat qrupları, dezinfeksiya, yas və toy məclislərinə qadağalar və sair... Hamısı işdir.

İcra Hakimiyyətinin masalli-ih.gov.az saytı, insaf naminə deyək ki, ən azından qonşu rayonların rəsmi saytları ilə müqayisədə daha fəaldır, daha çox yazılar yerləşdirir. Bu, çox yaxşı haldır. Lakin təbliğat işi ala-yarımçıq qurulduğu üçün adama elə gəlir ki, sayt “çox danışıram ki, az deyim” prinsipi ilə işləyir. Hər gün saytda “Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə” başlığı altında xəbərlər yerləşdirilir. Lakin ilk abzas standartdır: filan yerlər dezinfeksiya olundu, filan qədər adam cərimələndi, filan qədər mobil qrup təbliğat işi apardı...

Bu başlıq altında gedən məlumatların ən çox diqqət çəkən hissəsi yoluxanlar, sağalanlar və ölümlər haqqında informasiyadır. Bir neçə dəfə irad bildirildikdən sonra həmin məlumatların sayta yerləşdirilməsi yaxşıdır. Lakin xəbərlər elə ümumi şəkildə verilir ki, bəzən bilinmir son gün nə olub. Məsələn, iyulun 6-dakı məlumatda ölüm sayı 6 göstərildiyi halda, 3 gün sonra ölənlərin sayının 9 olduğu qeyd edilib. Yəni, rəsmi məlumata inansaq, bu müddətdə Masallıda hər gün 1 adam koronavirusdan ölür. Təsəvvür edin ki, mart ayından bəri 4 ayda cəmi 6, son 3 gündə isə 3 nəfər! Yəni, bu günlərdə ölkə üzrə ölənlərin 10-12 faizi Masallının payına düşür. Bu, olduqca yüksək göstəricidir.

Saytda yazmasalar da, ölüm faktının qeydə alındığı ərazilər bəllidir – Həsənli, Tüklə kəndləri və şəhər mərkəzi. Hərəsi rayonun fərqli, əks qütbləri. Ölüm halları rayonun hər istiqamətində var.

Amma nə olar ki, hər şey açıqlığı ilə yazılsın: bu gün Masallıda, filan yerdə 1 nəfər ölüb, 5 nəfər yoluxub, 10 nəfər də sağalıb. Onsuz da həmin kəndlərin sakinləri bunu bilir, qonşu kənddəkilər biləndə nə olar? Yəqin ki, həmin kəndlərlə təmasdan qaçarlar.

Yaxud, yazırlar ki, filan qədər adamdan yaxma götürülüb. Xəstəxanadan aldığım məlumata görə, sağlam adamlardan, hətta onlar könüllü müraciət etsələr belə, yaxma götürülmür. Yaxma ancaq Təcili Yardımla gətirilən, qızdırması və digər koronavirus əlamətləri olan xəstələrdən götürülür. Bəs, bunun nəyi “görülən işlərə” aiddir?

Belə həssas məqamda insanlara daha real, daha inandırıcı, daha ətraflı məlumatlar vermək ancaq işin xeyrinə olar. Şablon, yorucu məlumatların faydası yoxdur. Bir də, bu gün təkcə xəbər vermək yox, həm də həmin xəbəri jurnalistikanın müasir formalarından faydalanmaqla yaymaq qat-qat səmərəli olur.

Hər dəfə irad tutulandan-tutulana “Qaynar xətt” nömrələrini sayta qoyub götürməkdənsə, onları saytın bir bölümündə pandemiya dövrü üçün daimi yerləşdirmək faydalı olmazmı? Burada yerləşdirilmiş 3 telefon nömrələrinin hamısı bir mobil operatora aiddir, ancaq digər mobil operatorların da nömrələri olmalıdır ki, zəng edənlərə çətinlik yaranmasın.

Pandemiyanın başlamasından 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də ictimaiyyətə bəlli deyil ki, Masallıda Operativ Qərargahın üzvləri kimdir?

Ümid edirik, sözlərimizə həsaslıqla yanaşıb, onları qərəzli tənqid kimi yox, konstruktiv təklif kimi dəyərləndirəcəklər. Biz də öz növbəmizdə, belə çətin məqamda hər cür təbliğati dəstək göstərməyə hazırıq.

Müəllif: Zahir Əmənov, (Cenub.az)