Lavrov Paşinyanı geri qaytarmağa gedir...
Moskva Ermənistanda revanşist dairələrlə təmasları gücləndirə bilər
20 May 2025
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana rəsmi səfər edəcək. Bu səfər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi, eyni zamanda hər iki ölkənin Rusiya ilə münasibətlərində diplomatik gərginliyin davam etdiyi dövrə təsadüf edir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri müzakirə ediləcək. Qeyd olunur ki, Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.
Tərəflər ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyəti və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər. Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.
Ekspertlər bu səfəri Moskvanın Cənubi Qafqazda azalan nüfuzunu qorumaq və İrəvanı tamamilə Qərbə uduzmamaq üçün son diplomatik manevrlərindən biri kimi qiymətləndirirlər.
Son illər Paşinyanla Lavrov arasında münasibətlər xeyli soyuyub. Rusiya XİN başçısı Ermənistan rəhbərliyini dəfələrlə “Qərbin oyunlarına alət olmaqda” və “geopolitik balansı pozmaqda” ittiham edib. Lavrov xüsusilə Ermənistanın Qərb müşahidə missiyasına razılıq verməsini, ABŞ və Aİ ilə hərbi əməkdaşlığı genişləndirməsini, həmçinin KTMT-də iştirakını dondurmasını tənqid edib.
Paşinyan isə cavab olaraq, Rusiyanı 2020 və 2023-cü illərdə Qarabağda erməni əhalini qorumaqda aciz qalmaqda, KTMT-ni isə Ermənistanın təhlükəsizliyini təmin etməməkdə günahlandırıb. O, Ermənistanın müstəqil və çoxvektorlu xarici siyasətinə davam edəcəyini dəfələrlə bəyan edib.
Lavrovun İrəvanda əsas gündəmi sərhədlərin delimitasiyası, sülh müqaviləsi prosesi, regional kommunikasiyaların açılması və Ermənistan-Rusiya təhlükəsizlik əməkdaşlığının gələcəyi olacaq. Lakin bu gündəmdə ən mühüm məsələ İrəvanın Rusiya orbitindən çıxmasının qarşısını almaqdır.
Rusiya artıq Cənubi Qafqazda Gürcüstanı itirdiyini, Azərbaycanda isə balanslı münasibətlərlə kifayətləndiyini qəbul edir. İndi əsas diqqət Ermənistanda onsuz da zəifləmiş mövqelərini saxlamağa yönəlib. Lavrovun səfəri bu baxımdan sonuncu sınaq diplomatiyası kimi qiymətləndirilə bilər.
Ermənistan hazırda Avropa İttifaqı ilə təhlükəsizlik dialoqu, ABŞ ilə birgə hərbi təlimlər, NATO ilə strateji yaxınlaşma, həmçinin Fransa və Almaniyadan müasir silah tədarükü ilə bağlı prosesləri davam etdirir. Eyni zamanda Ermənistan hökuməti Rusiya ilə imzalanmış bəzi hərbi və texniki sənədləri yeniləməkdən imtina edib, KTMT missiyalarında iştirakını dayandırıb.
Siyasi müşahidəçilər hesab edir ki, Lavrovun səfəri səmimi qarşılanmayacaq, amma Paşinyan hökuməti diplomatik qapını açıq saxlamaq naminə Rusiya ilə dialoqu formal şəkildə davam etdirəcək. Bu, həm də sülh sazişinin imzalanması fonunda Ermənistanın özünü neytral təqdim etmək cəhdinin bir parçası ola bilər.
Lavrovun səfəri Azərbaycan üçün də diqqətlə izlənilən geosiyasi hadisədir. Bakı üçün əsas məsələ Moskvanın sülh prosesinə maneçilik törətməməsi, xüsusilə də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasından sonra regionda neytrallığını qorumasıdır.
Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın Qərbə yönəlməsi və Rusiya ilə gərgin münasibətləri fonunda Moskva müəyyən revanşist dairələrlə təmasları gücləndirə bilər. Bu isə sərhəd bölgələrində və danışıqlarda əlavə risklər yarada bilər.
Eyni zamanda, Azərbaycan üçün əhəmiyyətli olan məsələ regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı mümkün təzyiqlərdir. Rusiya bu məsələdə açıq şəkildə Ermənistanı dəstəkləməsə də, İrəvanın Rusiya ilə münasibətləri kəskin şəkildə pozacağı təqdirdə Moskva bu məsələdə Bakı ilə daha sıx əməkdaşlığa meylli ola bilər.
Bakı üçün Paşinyanın Rusiya ilə məsafə saxlaması müsbət qarşılanmaqla yanaşı, Ermənistanın Qərblə hərbi əlaqələrinin dərinləşməsi və Cənubi Qafqazda yeni Qərb hərbi mövcudluğu ehtimalı narahatlıqla izlənilir. Bu səbəbdən Azərbaycan həm Moskva, həm də Qərblə balanslı diplomatik xətt yürüdür.
Lavrovun səfəri Ermənistanın geosiyasi kursundakı dönüşü dayandırmaq cəhdi olmaqla yanaşı, Rusiya-Azərbaycan-Ermənistan üçbucağında balansların yenidən qurulduğunun göstəricisidir. Bu dəyişikliklərin fonunda Bakı, öz milli maraqlarını qorumaq üçün daha çevik və çoxşaxəli diplomatik siyasət aparmaq məcburiyyətindədir.
Turqut