Logo
news content
User
Kateqoriyalar

Analitika

Lavrov kükrədi, Paşinyanı çətin günlər gözləyir
Rusiya bu dəfə separatçılardan Ermənistan hakimiyyətinə qarşı istifadə etməyə çalışır

Rusiya Ermənistan hakimiyyətinə qarşı ritorikanı daha da sərtləşdirib. Görünür, Sankt-Peterburqda Baş nazir Nikol Paşinyanın nümayiş etdirdiyi performans Kremli möhkəm qəzəbləndirib. Təkcə Paşinyanın Putindən məsafə saxlaması deyil, geosiyasi planda İrəvanın son addımları Moskvanı təbdən çıxarıb.

Bu qəzəbin notlarını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın, nazir Sergey Lavrovun dilindən duymaq mümkündür. 

Zaxarova dünən keçirdiyi mətbuat konfransının əhəmiyyətli hissəsini Ermənistan hökumətinə qarşı xəbərdarlıq və təhdidlərə, eyni zamanda Qərbi pisləməyə həsr edib.

 “Xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük. Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bir sıra səbəblərə görə: bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi və regional vəziyyətin sabitliyi. Bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir”, - Zaxarova qeyd edib.

O, xatırladıb ki, Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olan digər ölkələrlə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatı təsirli artım nümayiş etdirir. “Biz öz tərəfimizdən əməkdaşlığın əsas istiqamətləri üzrə planlaşdırılan bütün layihələrin gələcəkdə də həyata keçirilməsinə sadiqik”, - o vurğulayıb.

Bu gün Ermənistana qarşı təhdid estafetini şəxsən nazir Sergey Lavrov ələ alıb. O, yerli mətbuata müsahibəsində bildirib ki, Paşinyan hakimiyyəti Qərbə stavka edir və bu, Ermənistana qarşı böyük təhlükələr yaradır: 

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin vədlərinə uyaraq xarici siyasət xəttini yenidən format etməyə çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaq əlaqələrini Qərbin hətta konkret köməyi ilə də deyil, yalnız dumanlı vədlərilə dəyişir. Strateji kursun dönüşünə haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur...”

Rusiya XİN rəhbəri Qərbə yönəldiyi üçün Ermənistanı gözləyən təhlükələrdən danışıb və dolayısı ilə İrəvanı təhdid edib: “Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı regiondan sıxışdırıb çıxarmaqdır. Ermənistan indi bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Aİ, Rusiyadan fərqli olaraq, Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamamilə fərqlidir - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq".

Lavrov daha sonra İrəvanın NATO ilə əlaqələrinin Rusiyanı narahat etdiyini bildirib və bunun Ermənistanın öz suverenliyini və təhlükəsizliyini itirməsi ilə nəticələnəcəyini deyib: “Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin onun milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyinin itirilməsinə apardığını bilir”. 

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan NATO ilə onlarla birgə tədbirdə iştirak edib. Onun sözlərinə görə, İrəvan öz silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir: “Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək, “parçala və idarə et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”.

Lavrov sonda Ermənistan rəhbərliyinə “çıxış yolu” da göstərib. Bildirib ki, bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirmək lazımdır.

Nazir və onun media üzrə köməkçisinin bu bəyanatları yaxın zamanlarda Rusiyanın cəza alətlərinə baş vuracağını göstərir. Məlumdur ki, Kreml Ermənistanda kifayət qədər təsirli vasitələrə malikdir. Siyasi müxalifət, medianın əhəmiyyətli hissəsi direktivləri Moskvadan alır. Bu kontekstdə Kremlin İrəvandakı əsas emissarlarından biri olan üçüncü prezident Serj Sarkisyanın da Lavrovla səs-səsə verərək Paşinyanı sərt şəkildə qınaması təsadüfi deyil. Eks-prezident jurnalistlərə deyib:

“KTMT ilə münasibətlərimizi davam etdirməsəydik, milyardlarla dollar dəyərində silahlarımız olmazdı. Təbii ki, bugünkü hökumət bu silahları metal qırıntıları adlandırır, lakin biz bu metal qırıntılarının təcrübəli istifadəçilər tərəfindən necə istifadə edildiyini görürük, məsələn, Ukraynada”. 

Sarkisyanın sözlərinə görə, əgər Ermənistan Avrasiya İqtisadi ittifaqının (Aİİ) üzvü olmasaydı, indi ölkənin iqtisadiyyatı çökərdi:

“Düz iki il mən əvvəlcə Gömrük İttifaqına, sonra Aİİ-yə, üzv ölkələrə İrəvanı bu struktura qəbul etməyi xahiş etdim, çünki əks halda bu, Moldovada, Gürcüstanda və Ukraynada yaranmış vəziyyətə gətirib çıxarardı. O vaxt iqtisadiyyatımızın ən böyük sahəsi kənd təsərrüfatı idi və biz konyakımızı, əriklərimizi hara satmalı idik? Bu qədər istixanalar var idi, bəlkə Türkiyəyə satmaq üçün pomidor apara bilərdik? Avrasiya İttifaqındakı tərəfdaşlarımız bundan xəbərdar idilər. İctimaiyyət yaxşı bilirdi ki, biz iki il ərzində Gömrük İttifaqı, həm də Aİİ ilə danışıqlar aparmışıq”.

Sarkisyan “bir tərəflə iqtisadi, digər tərəflə təhlükəsizlik məsələlərində əməkdaşlıq etmək olarmı” sualına belə cavab verib: “Xeyr, bir yerdə təhlükəsizlik, başqa yerdə isə iqtisadi mühit ola bilməz”.

Son günlər Qarabağda qaçmış qondarma rejim təmsilçilərinin aktivləşməsi də təsadüfi deyil. Xatırladaq ki, dekabrın 26-da Samvel Şahramanyan “hökumət” üzvlərini toplayaraq, “Artsax”ın ləğv olunmadığını elan edib. Paşinyan komandasının üzvləri dərhal onun bəyanatını kəskin pisləyərək, özbaşınalıq adlandırıblar. Bu gün isə yerli media onlara qarşı tədbirlərə başlanılması barədə xəbər yayıb. 

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyinin patrul dəstələri Samvel Şahramanyanın avtomobil kortejini saxlayıb. Polis əməkdaşları Şahramanyana bildiriblər ki, qanuna görə onun kortejlə, silahlı cangüdənlərin müşayiətilə gəzmək hüququ yoxdur.

Ermənistan Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləyib və qeyd edib ki, sözügedən şəxslər yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar. Onlara protokol tərtib edilməsə də, xəbərdarlıq olunub.

Bu arada, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvana qaçmış Qarabağ separatçılarının keçmiş liderlərini sorğu-suala çəkməyə başlayıb. “Hraparak” qəzetinin mənbələri bildiriblər ki, onlara qarşı bütün bu təzyiqlər qondarma qurumun ləğvinin mümkünsüzlüyünə dair ictimai çıxışları ilə bağlıdır. MTX-ya dəvət olunanlar arasında Artak Beqlaryan, Vladimir Qriqoryan, Qaqik Baqunts da var.

Xatırladaq ki, Paşinyan hakimiyyəti Ermənistanda Qarabağ adında hər hansı qurumun fəaliyyətinə imkan verməyəcəklərini bəyan edib. Baş nazir bildirib ki, bu cür fəaliyyət Ermənistanın milli təhlükəsizliyinə problemlər yaradır. 

Bundan əvvəl Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi Ermənistandan separatçıların yığışdırılmasını tələb edib. Təsadüfi deyil ki, Şahramanyanın “Artsax” haqqında bəyanatından dərhal sonra Azərbaycanda yerli media “Qərbi Azərbaycan Respublikasının elan olunmasının vaxtı çatıb” başlıqlı məqalələr yaymağa başladı. 

Əlbəttə, Bakı fərqindədir ki, İrəvanda separatçıların fəallaşdırılması üçüncü qüvvənin diqtəsi ilə mümkündür, ona görə, xəbərdarlıqla kifayətləndi və Paşinyan iqtidarı da dərhal onlar barəsində tədbirlər görməyə başladı.

Bununla belə, “üçüncü qüvvənin” bu istiqamətdə fəaliyyətini dayandıracağı gözlənilən deyil. Sergey Lavrovun hədələri ondan xəbər verir ki, Rusiya bu məsələni Ermənistanın daxili probleminə çevirə bilər. Necə ki, bu gün Azərbaycandan deputat Zahid Oruc bunu “Qarabağ indi Azərbaycanın deyil, Ermənistanın içərisində yad cismə, inzibati-siyasi minaya çevrilib” şəkildə ifadə etmişdi. 

Beləliklə, Ermənistan hakimiyyətini Rusiyada açıq qarşıdurmada çox çətin günlər gözləyir. Həm daxildən, həm xaricdən ciddi həmlələr, təxribatlar ola bilər. Azərbaycan bu prosesdə Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasından yana olmalıdır. 

Turqut