Logo
news content
User
Kateqoriyalar

Analitika

“Laçından çıxanda 9 yaşım var idi”

Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmaya əsasən dekabrın 1-də Laçın rayonu da Azərbaycana təhvil verildi. Doğrudur, 5 km enində müəyyənləşdirilmiş dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir və Laçın şəhəri də həmin dəhlizin ərazisinə düşür. Bu səbəblə, ordumuz rayon mərkəzinə daxil olmadı və bu fakt sevincimizi bir qədər azaldır. Amma hər halda, rayonun böyük hissəsinin azad olunması ciddi hadisədir.

Laçının azadlığa qovuşduğu gün laçınlılar hansı hissləri yaşadı?

Yazıçı Şərif Ağayar hisslərini belə ifadə etdi:

“Biz tarixi və eyni zamanda da, əfsanəvi günlər yaşayırıq. Biz bunun fərqindəyik. Ancaq elə olur ki, insan bunun tam olaraq fərqinə vara bilmir. Bəlkə bir qədər zaman keçdikdən sonra biləcəyik ki, Azərbaycan üçün necə taleyüklü hadisələr baş verib. Sanki Laçin ərazilərin işğaldan azad olunması prosesinin yekunudur. Sanki filmin sonudur. Bu, strateji mənada tək Azərbaycan üçün yox, türk dünyası üçün çox böyük hadisə idi. Mənim hisslərimə gəldikdə isə Nəsiminin bir sözü var, şərhi bəyana sığmamaq. Belə bir vəziyyətdə idik. Bilirsiniz, nə qədər istedadını gücə salsan, nə qədər çalışsan da, bu, ifadə olunacaq bir duyğu deyil. Sevincimizi bölüşməyə çalışdıq. Biz bilirdik ki, nə vaxtsa Laçın alınacaq. Ancaq rəsmi xəbər veriləndə insanlar emosional hisslərini cilovlaya bilmir. Bu da təbiidir. Çünki 30 il çox uzun bir müddət idi. 30 il insan ömrü üçün böyük bir rəqəmdir. Laçınlılar çox əziyyətlər gördü, özüm çox ağrılı proseslərin şahidi oldum. Param-parça talelər gördüm...”

Hazırda Kanadada yaşayan jurnalist həmkarımız Lalə Musaqızı da əslən Laçın rayonundandır. O, Laçının alınacağına inanmırmış:

“Doğrusu, ikinci Qarabağ savaşı başlayandan Laçının və Kəlbəcərin alınacağına heç inanmırdım. Düşünürdüm ki, ordumuz oraya gedib çıxana qədər Rusiya aranı qatacaq. Əsgərlərimiz düşmənin dizini yerə gətirdikdən sonra dekabrın 1-nə kimi yenə səksəkədə idim, yenə düşünürdüm ki, nəsə ola bilər. Dekabrın 1-də Laçından gələn xəbərlərdən sonra çox qarmaqarışıq, möhtəşəm hisslər yaşadım. Gah sevindiyimdən ağlayır, gah gülürdüm. Bir də, gözümün önünə nənəmgilin həyəti gəlirdi. Nə vaxtdır yadıma salmadığım, artıq xəyallarından belə vaz keçdiyim həyətimizdə oynayacağımı xəyal etməyə başladım. Laçından çıxanda 9 yaşım var idi. Mənə elə gəlir ki, oraya qayıtsam, yenə uşaq olacağam. Yenə nənəmgilin xırmanında alban qəbirlərinin ətrafında xalalarımla (aramızda yaş fərqi çox azdır), bacımla gizlən-qaç oynayacağam. Yenə nənəmin bişirdiyi yuxadan isti-isti götürüb gizlincə Alabaşa, toyuq-cücəyə atacağam. Qısacası, kəndimizi xəyal edəndə çox xoşbəxt bir uşağın çöhrəsi gəlir gözlərimin önünə. O, mənəm. Uşaqlığımı mənə qaytaran qəhrəman qazilərimizə təşəkkür edir, şəhidlərimizin ruu qarşısında baş əyirəm”.

Ülviyyə Şahin