Logo
news content
User
Kateqoriyalar

Analitika

Kütləvi qırğın feykləri: sizi necə aldadırlar?
“Yerlə bir” olan salamat xəstəxana, dirilən “ölülər”, toyuq qəfəsinə salınmış uşaqlar...

HAMAS yaraqlılarının oktyabrın 7-də İsrailə hücumuna və İsrail Müdafiə Ordusunun (İMO) sonrakı cavabına dünyada az adam biganə qaldı. İsrailin tərəfdarları və əleyhdarları baş verənlərin mənzərəsini tam fərqli təsvir edirlər, çox vaxt da öz baxışlarını təsdiq edən istənilən informasiyaya qeyri-tənqidi yanaşırlar (buna confirmation bias deyirlər). Bu, feyklərin yayılması üçün ideal vəziyyətdir, özü də bunu hər iki tərəf edir. The Insider nəşri savaş başlayandan bəri geniş yayılan feyklərin ən bariz nümunələrini araşdırır.

Xəstəxananın vurulması: ikitərəfli dezinformasiya

Oktyabrın 17-də HAMAS İsrail ordusunu Qəzzadakı Əl-Əhli xəstəxanasına zərbə endirməkdə ittiham etdi. İMO isə bildirdi ki, xəstəxanaya terrorçuların özlərinin raketi düşüb. Mövzu bir anda informasiya savaşına səbəb oldu, daha doğrusu, dezinformasiya. HAMAS (və onun nəzarətindəki Qəzza Səhiyyə Nazirliyi) ölənlərin “rəsmi” sayını təqdim etdi: guya 500 nəfər imiş, yaralananlar isə 1000. Dünya mətbuatı və xəbər agentlikləri bu rəqəmləri bəzən “məmurlar”a istinadla, bəzən də istinadsız, fakt kimi təqdim etdilər. 

HAMAS hadisəni bütün ərəb-yəhudi qarşıdurması boyu ən ölümcül hücum kimi təqdim etməyə çalışdı və dinc əhali arasında belə kütləvi qurbanlar barədə xəbərlər bütün dünyada etiraz dalğası doğurdu. 

Əgər KİV HAMAS-ın rəqəmlərini yaymağa tələsməsəydi, fikirləşməyə vaxtları olardı: 80 çarpayılıq xəstəxananın yanındakı dayanacaqda 500 adam necə həlak ola bilərdi, özü də bir halda ki, xəstəxana binası, demək olar, xəsarət almayıb? Məsələn, 2016-cı ildə 350 nəfərin həlak olduğu partlayışdan sonra Bağdaddakı binalar belə görünürdü.  

Bu isə dayanacaqdakı partlayış yerindən fotolardır. Çoxlu maşın yanıb, amma binada təkcə şüşələr tökülüb.

Hospitalın binası, demək olar, zədələnməyibsə, gecə dayanacaqdakı çoxsaylı qurbanlar necə peyda olublar, axı onlar reportajlarda vardı?

Məsələ belədir ki, dayanacağa yaxın 10x15 metr ölçülü bağçada qaçqınlar qrupu yerləşib, onların düşərgəsi mərminin düşdüyü yerin lap yanındadır.

Orada nə qədər adamın olması məlum deyil, amma 500 olmadığı dəqiqdir, bu qədər adam ora yerləşməzdi. Avstraliyalı OSINT mütəxəssisi Natan Ruzer deyir ki, xəsarət sahəsi təxminən 228 metrdir və onun çox hissəsini maşınlar tutub. Orada 500 adam yerləşər, amma bütün maşınlar götürülsə və insanlar çiyin-çiyinə dayansa (özü də onların hamısı ölməlidir).

Bütün bunlar qurbanların sayının HAMAS tərəfindən dəfələrlə şişirdildiyini göstərir. Əgər KİV hadisə yerindən səhər çəkiləcək şəkilləri gözləsəydi, bunu dərhal anlamaq olardı.

Raketin atribusiyası isə bir qədər daha qəliz məsələ oldu. Qəzza hakimiyyətinin mərminin qalıqlarını təqdim etməməsi İsrailin xeyrinə kiçik arqument sayılır. HAMAS-ın rəsmi nümayəndəsi Qazi Həməd “The New York Times” qəzetinin sualına belə cavab verib: “Mərmi suda duz kimi əridi. Yoxa çıxdı. Heç nə qalmadı”.

Amma KİV İsrailin arqumentlərini də çox tələsik və qeyri-tənqidi qamarladı. İMO nümayəndələri “Al Jazeera” kanalının videosundan skrinşot çıxararaq, səmada partlayan hansısa mərmini göstərdilər. Məhz bu raketin xəstəxanaya düşməsi iddia olundu.

Bu video əvvəldən suallar doğurdu: əgər raket havada partlayıbsa, dayanacaqda necə yenidən partlayıb? Bununla belə, bir çox KİV və bloqerlər bu videonu İsrailin haqlı olduğunun birmənalı sübutu kimi paylaşdılar. Oktyabrın 25-də “The New York Times” bu videonun ətraflı təhlilini dərc etdi. Həmin təhlilin məlumatlarına görə, videoda görünən raket İsrail tərəfindən Qəzzaya atılıb, amma səmada, Əl-Əhli xəstəxanasından 3,2 km məsafədə partlayıb və sözügedən hadisəyə heç bir dəxli yoxudr. 

Sosial şəbəkələr öndə gedir: Dağlıq Qarabağın prezidenti İsrail generalı rolunda

İndiki müharibə əvvəlkilərdən onunla fərqlənir ki, birincisi, bütün Qərb cəmiyyətini iki düşərgəyə parçalayıb, ikincisi, sosial şəbəkələrdəki qısa videolar sutka ərzində milyonlarla baxış toplayır, buna görə də hər bir mikrobloqer informasiyanı ətraflı yoxlayan KİV ilə bərabər auditoriya əldə edə bilər. Beləcə, “müdafiəsiz qadınlar və uşaqlar” haqqında emosional şərh kifayətdir ki, həmin düşərgəyə rəğbət bəsləyən milyonlarla şəxs onu repost etsinlər. 

Məsələn, HAMAS-ın İsrail ərazisinə hücumundan bir neçə saat sonra İan Maylz Çonq, ifrat sağçı amerikalılar arasında çox populyar malayziyalı bloqer guya HAMAS döyüşçülərinin İsrail ailəsinin evinə soxulduğu videonu paylaşdı. “HAMAS ev-ev gəzir, içəridəki adamları, o cümlədən zirzəmidə gizlənən qadın və uşaqları öldürür. Təsəvvür edin, bu sizin qonşuluqda baş verir, sizin ailənizlə baş verir”, - şərh etdi. Çarxa təkcə həmin akkauntda beş gün ərzində 13 milyon nəfər baxdı. Amerikalı komik Terrens Uilyams özünün iki milyonluq auditoriyası üçün onu ayrıca paylaşdı, bütün dünyada xeyli adamlar da eyni şeyi etdilər. 

Əslində isə videoda israilli polislər əks olunub, onlar oktyabrın 7-də İsrailin cənubundakı Ofakim şəhərində HAMAS-ın “İzəddin Qəssam” briqadası döyüşçülərinin ələ keçirdikləri girovların azad edilməsi əməliyyatında iştirak edirlər. Video ilkin olaraq İsrailin “Yediot News” teleqram kanalında “Terrorçular təhlükəsizlik zabitlərinə atəş açırlar” şərhi ilə paylaşılıb. 

Videoda evin ətrafındakı silahlı şəxslərin İsrail polisinin qara formasını geyindikləri görünür. “Qəssam” briqadasının yaraqlıları isə, bir qayda olaraq, hərbi kamuflyaj geyinirlər, başlarında isə xarakterik yaşıl sarğılar olur. 

Antiisrail düşərgənin də belə feykləri az deyil. Pakistanlı TikTok ulduzu, özünü londonlu jurnalist kimi qələmə verən Harim Şah əvvəllər də şübhəli paylaşımları ilə məşhur idi. Məsələn, deyirdi ki, Pakistan kriket millisi bu il hidistanlılara “qara magiya”ya görə uduzub, pakistanlı siyasətçilər haqqında qalmaqallı videosuna görə isə atası üzr istəməli oldu. İsrail-HAMAS savaşının ilk günündən bu qız Yaxın Şərqdən videolar paylaşmağa başladı. Xeyli hissəsi feyk idi, amma məhz onlar ən çox auditoriya topladılar. Harim oktyabrın 7-də “Dəhşət! İsrail HHQ Qəzza sektorundakı hədəfləri bombalayır” yazdı və “Sky News” tərəfindən bu ilin mayında dərc edilən videonu paylaşdı. 

Harim ertəsi gün təxminən eyni mətnlə video paylaşdı və Qəzzanın şimalının atəşə tutulduğunu qeyd etdi. Amma həmin video Əlcəzairdə çəkilib və savaşdan bir həftə əvvəl TikTokda paylaşılıb. Video “Reuters” komandası tərəfindən verifikasiyadan keçib və Əlcəzairin paytaxtında çəkildiyi nöqtə tapılıb. Ehtimal ki, həmin videoda “Beluizdad” futbol klubunun qələbəsi əks olunub. Onun azarkeşləri hər önəmli hadisəni yüzlərlə qırmızı fayerlə qeyd edirlər. 

Qız həm də “Dağlıq Qarabağın prezidenti” Bako Saakyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tutulmasını HAMAS-ın İsrail generallarını tutması kimi təqdim edib. Hətta hərbçilərin formasındakı Azərbaycan bayrağı da onu utandırmayıb. Harim Şah Qəzzanın apreldə atəşə tutulmasnı İsrailin Sderot şəhərində “güclü partlayış”a çevirib. Sentyabrda Qərb sahilində İsrail patrul maşınının yandırılmasını Qəzza yaxınlığında baş verən təzə xəbər kimi təqdim edib. Suriyanın 2020-ci ilin fevralında atəşə tutulması Tel Əviv hava limanının atəşə tutulmasına çevrilib. Harimin X (keçmiş Twitter) şəbəkəsində paylaşdığı feyklər minlərlə şərh və milyonlarla baxış toplayıb. 

Ən məşhur feyki isə yəqin ki, Britaniyanın ifrat sağçı partiyası və nifrət qrupu “Britain First”in sədri Eşli Saymon paylaşdı. Onun X şəbəkəsində izləyiciləri nisbətən azdır – 55 minə yaxın. Oktyabrın 8-də paylaşdığı videoda toyuq qəfəsində oturan uşaqlar görünür. Kadrarxası səs gülür və ərəbcə danışır. Eşli belə bir başlıq yazdı: “İsrailli uşaqlar HAMAS tərəfindən oğurlanıb və toyuq qəfəsində saxlanılırlar. Barbarlıqdır, vəhşilərdən başqa nə gözləmək olar”. Təkcə öz akkauntunda videoya 2 milyon dəfə baxıldı, amma başqa akkauntlar da onu eyni başlıqla bütün sosial şəbəkələrdə onminlərlə dəfə paylaşdı. Bəzi akkauntlar da uşaqların fələstinli olduğunu və qəfəsə israillilər tərəfindən yerləşdirildiyini iddia edirdi. Əslində isə həmin video savaşın başlamasından 3 gün əvvəl TikTokda paylaşılıb və müəllifi qəzzalı ərəbdir. 

Antiisrail bloqerlər arasında Suriyada çəkilən videolar xüsusilə populyardır. Əsəd Putin rejiminin köməyi ilə bombardmanla bütöv şəhərləri yer üzündən siləndə sosial şəbəkələr bunu görmürdü. Əvəzində həmin köhnə videolara indi xeyli tələbat var. Məsələn, X şəbəkəsində özünü araşdırmaçı jurnalist adlandıran Süleyman Əhməd kimyəvi silah tətbiqi ilə Qutada öldürülən suriyalı uşaqların şəklini paylaşıb və belə yazıb: “Fələstində uşaqların genosidi. İsrail işğal qüvvələri tərəfindən 614 fələstinli uşaq öldürülüb”. Fotonu öz səhifələrində təxminən 20 min adam repost edib ki, aralarında ABŞ Konqresinin üzvü İlhan Omar və amerikalı basketbolçu Enes Kanter Fridom da var. Süleyman Əhmədin digər feykləri kimi, həmin paylaşım da çoxmilyonlu auditoriya toplayıb.

 

Suriya şəkillərindən ibarət feykləri çoxmilyonluq auditoriyaları olan danimarkalı həkim Anastasiya Mariya Lupis, sahibkar şoumen Mario Naufal, adı çəkilən Harim Şah və yüzlərlə daha az populyar sosial şəbəkə istifadəçiləri paylaşıb. Suriyalı fəal Kərim Rifai Qəzzadan görüntülər kimi paylaşılan foto və videoların çoxlu nümunəsini toplayıb. Onlar göy verifikasiya işarələri və populyar həştəqlər sayəsində milyonluq auditoriyalar toplayırlar. 

İsraildəki savaş haqqında feyk yayıcıları arasında rusiyalı bloqerlər də az deyil. Aleksandr Nevzorov oktyabrın 30-da guya Fələstində ölənlərin cəsədləri göstərilən videonu paylaşdı. Görüntüdə “ölülər”dən bir nəfər qəfildən tərpənməyə başlayır.

Nevzorov və digər bloqerlər bunu Qəzzada ölənlər haqda xəbərlərin həqiqətə uyğun olmamasının sübutu kimi paylaşırlar. Gerçəkdə isə video 2013-cü ildə Misirdə, Qahirənin Əl-Əzhər universiteti tələbələrinin nümayişi zamanı çəkilib. Həmin videonu eyni niyyətlə Bəşər Əsədə loyal olan KİV-lər 2018-ci ildə paylaşırdılar. 

İordan çayının qərb sahilindəki Fələstin muxtariyyətinin şimalında yerləşən Cenin şəhərində çəkilən videonu Nevzorov Qəzzadan video kimi təqdim edərək, “elektrik enerjisi var” yazıb, yəni rabitənin olmaması haqda şikayətlərə əhəmiyyət verməmək lazımdır.

 Fələstinin kino sənayesi haqqında 2017-ci ildə buraxılan filmi də Nevzorov “fələstinlilərin iztirablarının saxta olması” kimi təqdim edib.

“Nevzorov” kanalındakı bu və digər çoxlu feykləri başqa akkauntlar da paylaşır, o cümlədən başqa dillərdə. Kanalın Teleqramda milyondan çox izləyici var və hər paylaşıma yüzminlərlə adam baxır. 

Həqiqi P!nk feyk Ronaldoya qarşı

Hər iki tərəf şou-biznes ulduzlarını öz tərəflərinə çəkmək istəyir, amma onların da konfliktlə bağlı fikir bildirmək üçün ürəkləri getmədiyindən, feyklər işə salınır. Müğənni Pink “Summer Carnival” konsert turu çərçivəsində 2023-cü ilin yayından Avropada, ABŞ-da və Kanadada çıxış edir. Rəqs nömrələrinin birində artistlər rəngli lentlər çıxararaq, yelləməyə başlayırlar. Bu, X şəbəkəsində İsrailin rəsmi akkauntunun diqqətini çəkib və həmin parça oktyabrın 15-də “Sağ ol, P!nk ” sözləri ilə paylaşılıb. Daha əvvəl isə Amerikanın israilpərəst təşkilatı “Creative Community for Peace” paylaşmışdı və konsertdə İsrail bayraqlarının dalğalandırıldığını iddia etmişdi. Video milyonlarla izlənilib.

Amma P!nk bir neçə saatdan sonra reaksiya verərək, Poi bayraqlarından istifadə etdiyini və bunun İsraillə əlaqəsi olmadığını bildirdi. Bundan sonra həm “Creative Community for Peace” təşkilatı, həm İsrailin rəsmi akkauntu paylaşımlarını sildilər. 

Elə həmin günlər X və Facebook şəbəkələrində futbolçu Kriştianu Ronaldonun guya fələstinli uşaqları dəstəklədiyi video yayıldı. Görüntünün üzərinə mahnı qoyulub və videonun əvvəlində Ronaldonun nə dediyini anlamaq asan deyil. 

Əslində həmin video 2016-cı ildə paylaşılıb. Orada Ronaldo suriyalı uşaqlara müraciət edir: “Bütün dünya sizinlədir. Bizi sizin haqqınızda düşünürük. Biz sizinləyik”. 

Sosial şəbəkə istifadəçiləri və jurnalistlər informasiyanı paylaşmadan yoxlamaq üçün azacıq səy göstərsəyidlər, Fələstindəki savaş haqqında feyklərin əksəriyyəti geniş yayılmazdı. Yalan informasiya çox vaxt onu yoxlamağın çətin olduğuna görə deyil, heç kəsin yoxlamağa çalışmadığından yayılır.

Hazırladı: Yadigar Sadıqlı

https://theins.ru/antifake/266181