Küləkdən, Günəşdən və sudan payımızı necə alaq? – TƏKLİFLƏR
Azərbaycan alternativ enerji ölkəsinə çevrilmək üçün bu addımları atmalıdır
10 Noyabr 2023
Bunu Mirzə Ələkbər Sabir hələ keçən əsrin əvvəllərində deyib:
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz...
Azərbaycanın alternativ enerji siyasəti ilə bağlı bundan öncə dərc etdiyimiz birinci və ikinci yazını bir daha nəzərdən keçirsək, yekun nəticəni Sabirin 100 il əvvəlki sözləri ilə ifadə edə bilərik. Potensial var, mütəxəssis var, dövlətin bu sahəyə ayıracaq vəsaiti var, lakin yaşıl enerji sektorunda Azərbaycan nəinki Avropadan, hətta qonşu Gürcüstandan da çox geridədir!!!
Bunun səbəblərini yuxarıda yada saldığımız əvvəlki məqalələrdən bilirik. Bəs vəziyyəti necə düzəltmək olar?
Beləliklə, old.pressklub.az-ın mövzuya dair sonuncu yazısında bu suala cavab tapmağa çalışacağıq. Sadəcə tənqid problemin həlli yolunu deyil, onun mövcudluğunu göstərir. Tənqidin yanında buraxılan səhvləriı düzəltmək üçün təkliflər də yer almalıdır. Belə təklifləri toplamaq məqsədi ilə, bəzi “əlaqədar təşkilatlardan” fərqli olaraq, sahənin bilicilərinə müraciət etdik.
Ölkəmizin bərpa olunan enerji mənbələri üzrə say-seçmə mütəxəssislərindən olan, ancaq bəlli səbəblərdən adının çəkilməsini istəməyən həmsöhbətimiz N.Z. ilk növbədə hökumətin hüquqi boşluqları aradan qaldırmalı olduğunu deyir:
“Əvvəlcə, bu sahədə normativ hüquqi baza təkmilləşdirilməlidir. Boşluqlar çoxdur. Vətəndaşların alternativ enerjiyə əlçatanlığı təmin edilməlidir. Məsələn, istəyən bacarıqlı şəxs öz evində, sahəsində panellər quraşdıra, hətta buradan əldə etdiyi artıq enerjini qonşularına sata bilməlidir. Bu həm “Azərişıq”ın sektordakı monopoliyasına son qoymaq istiqamətində addım olacaq, həm də vətəndaşların daha ucuz enerji ala bilməsini təmin edəcək. Bu yolla Azərbaycan hətta iri stansiyalar quraşdırıb böyük pullar xərcləmədən ölkənin enerji ilə təminatında alternativ enerjinin payını artıra bilər. Sahə ilə məşğul olan uğurlu kadrlar işə cəlb edilməli, həyata keçirilən layihələrdə şəffaflıq təmin edilməli, alternativ enerji sektorunda stimullaşdırcı mexanizmlər işə salınmalı, güzəştli tariflər formalaşdırılmalıdır”.
Ekspert Prezidentin “yaşıl enerji zonası” elan etdiyi Qarabağda daha səmərəli layihələrin icra edilməsini vacib sayır:
İşğaldan azad edilmiş Sərsəng su anbarı
“Xüsusilə, son günlərdə aktuallaşan, Qarabağ regionunda həyata keçirilən alternativ enerji layihələri, ən başlıcası, BP-nin proyektləri dəqiq incələnməlidir. Məsələn, o regionda külək elektrik stansiyaları tikilir. Qarabağda belə külək nə gəzir? Ora üçün əlverişli olan su elektrik stansiyalarıdır. Onların risk payı da azdır. Şuşa üçün isə yarımstansiyalar daha effektivdir. Şuşada iri stansiyaların tikilməsi əlverişli deyil. Ona görə də hökumət Qaraabağın 650 milyon kilovatsaatdan çox olan hidroenerji potensialından istifadə etmək üçün SES-lərin sayını artırmalıdır”.
N.Z. ümumilikdə hökumətin cəmi iki strateji qərr qəbul etməklə alternativ enerji sahəsinin gələcəyini xilas edə biləcəyini iddia edir:
“Azərbaycanın meqalayihələrə və meqastansiyalara ehtiyacı yoxdur. Bu sahədəki tədbirlər planına yenidən baxılmalıdır. Energetika Nazirliyindəki mütəxəssislər (qalıblarsa) anlamalıdırlar ki, yaşıl enerji ixrac üçün yox, lokal istifadə üçün rentabelli sayılır. Hazırda Azərbaycanın bərpa olunan enerji resursları istifadə ediləndən azı 4 dəfə artıqdır. Ona görə də hökumət peşəkar energetikləri işə cəlb etmək və ixrac strategiyasını dəyişməklə, maksimum səmərəlilik və rentabelliyi təmin etməlidir. Bunun üçünsə hökumətin həyata keçirdiyi “yaşıl enerji” proqramına bərpa olunan enerji mənbələri üzrə mütəxəssislərimiz cəlb edilməlidir. Beləliklə, ixrac yönümlü strategiya lokal istifadə yönümlü strategiyaya çevrilməli və hazırlanacaq yeni tədbirlər planı ancaq və ancaq yerli mütəxəssislərə tapşırılmalıdır. Çünki yerli mütəxəssislər bu ərazinin iqlimi, coğrafiyası və sosial durumuna bələddir”.
Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri, alternativ enerji mənbələrinin öyrənilməsi üzrə mütəxəssis Ceyhun Xəlilov da maraqlı təkliflər səsləndirir:
“Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da kifayət qədər azaldar. Ölkənin təbii potensialından istifadə etməklə, biz elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkanı qazanarıq”.
C.Xəlilov deyir ki, Yer qatının istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə, həmçinin təbabətdə geniş istifadə olunur. Azərbaycan Respublikasının ərazisi də termal sularla zəngindir. Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı ərazilərdə olan termal sular vasitəsi ilə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın böyük bir hissəsini ödəmək mümkündür.
Ekspertin fikrincə, kənd təsərrüfatında istixanalar bu yolla istilik enerjisi ilə təmin olunsa, sahibkar həm qazanxana üçün əlavə avadanlıq xərclərindən, həm də məişət qazından istifadə xərclərindən azad edilər. O, məsələnin həlli üçün sınaqdan keçirilmiş “texniki formul”u da cızır: “Yerin altından çıxan isti su iki kontur sistem olaraq çalışan esenjorlar vasitəsi ilə istixananın dəmir borulama sisteminə göndərilir. Borular isə lazımi temperaturda qızaraq, havanı isidir”.
Ceyhun Xəlilov qeyd edir ki, Bakı və Abşeron arxipelaqında yerləşən 50-yə yaxın adanın təxminən yarısı külək generatorlarının quraşdırılması üçün çox əlverişli yer sayıla bilər: “Dörd tərəfi dənizlə əhatə olunmuş kiçik ərazilərdə küləyin axımının sürəti düzənlik ərazilərdən daha faydalıdır. Gələcəkdə adalarda müxtəlif universitetlərin testlər apara bilmələri üçün laboratoriya imkanları yaradılarsa, bu sahədə yeni layihələr işlənə bilər ki, bu da alternativ enerji sahəsində yeniliklərin ortaya qoyulmasına və yerli startapların yaranmasına gətirib çıxarar”.
Mütəxəssis, həmçinin, alternativ enerjidən hərbi hissələrdə və postlarda istifadə edilməsinin zərurətə çevrildiyini qeyd edir:
“2016-cı ilin aprel döyüşlərində, Vətən müharibəsində və Qarabağda aparılan antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi düşmən postlarına nəzər yetirərkən maraqlı bir detalı aşkarladım. Ermənilər öz postlarında müxtəlif günəş panelləri və kiçik külək generatorlarından istifadə edirdilər. Bu, görüntülərdə açıq-aydın görünür. Bəs bizim ordumuzda niyə bunlardan istifadə edilmir? Şərqi Zəngəzurda, xüsusilə Ermənistanla dövlət sərhədində dəniz səviyyəsindən üç min metr hündürlükdə yerləşən postlarımız var. Buzluq zirvəsində, Murov dağlarında və digər ərazilərdə əsgərlərimiz çətin şəraitdə xidmət edir. Düşünürəm ki, bu ərazilər külək enerjisindən istifadə üçün əlverişlidir. Postlarımızda külək generatorlarından istifadə edilsə, yalnız ənənəvi enerjiyə qənaət edilməyəcək, habelə orada məhdud olan elektrik və istilik sistemləri üçün alternativ resurs yaradılacaq”.
Bütün bunlarla birlikdə, ekspert ölkənin “yaşıl enerji” sektorundakı əsas çatışmazlığın təhsil seqmenti ilə bağlı olduğunu bildiri və bu sahədə islahatlar aparılmasını təklif edir:
“Bizim “adət” etdiyimiz qaydaya görə, əvvəlcə hər hansı bir texnoloji yenilik ölkəyə gətirilir, sonra bu texnoloji avadanlığı işlətməyi öyrənmək üçün müəyyən sayda kadr xaricə göndərilir. Bərpa olunan enerji sektorunda da vəziyyət eynidir. Halbuki, bizim mütəxəssisləri xaricə kurslara göndərmək əvəzinə, o kurslar Azərbaycanda tədris edilsə, ali məktəblər bu işə cəlb olunsa, daha səmərəli olar. Xaricdən gətirilən mütəxəssislərin hesabına böyük və davamlı nailiyyət əldə etmək çətindir. Bütün energetikləri də xaricə təhsilə göndərə bilmərik. Qısası, Azərbaycanda bərpa olunan enerji praktiki bir sahə kimi tədris və tədqiq edilməlidir”.
Ceyhun Xəlilov bu sahədə azərbaycanlı mütəxəssislərin sayının heç də az olmadığını bildirir. Ancaq onların real işlərə cəlb olunmasında problemlər görür.
“Mütəxəssislərimiz ya çıxıb xarici ölkələrə gedir, ya da öz sahəsində iş tapa bilmədiyindən sektorunu dəyişir. Xaricdəki mütəxəssislərimizlə əlaqə saxlayırıq. Sual verirlər ki, ölkəyə qayıtsam, harada çalışacam? Dörd il əvvəl bu suala veriləcək bir cavab var idi: Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi. Lakin təəssüflər olsun ki, 2019-cu ildə agentlik ləğv edildi və hazırda, yanılmıramsa, Energetika Nazirliyinin nəzdində “fəaliyyət” göstərir. Nazirliyinsə bu sahəyə yanaşması məlumdur”.
Ekspertin fikrincə, ölkədə bərpa olunan enerji mənbələrini daimi araşdıran, yeni hesabatlar hazırlayan bir institut olmalıdır: “O institut müstəqil agentlik kimi formalaşmalı və Prezidentə hesabat verməlidir. Hökumət “yaşıl enerji” sahəsində uğur qazanmaq istəyirsə, bu sahəni onun bilicilərinə tapşırıb, kənarda dayanmalıır. Həmin institutun laboratoriyası yenilikçi energetiklərə və ya startapçılara açıq olmalıdır”.
Belə təkliflərin siyahısını uzatmaq olar. Mütəxəssislər iddia edirlər ki, onların icrası ölkədə “yaşıl enerji” sahəsində böyük sıçrayışı təmin etməyə qadirdir. Ancaq təkliflərin yenə də kağızda qalacağı, sadəcə oxunub unudulacağı ehtimalı, bəlkə, daha böyükdür.
Azərbaycan neft və qaz resursları ilə köhnədən zəngin bir ölkədir. Di gəl, nə hikmətdirsə, əhalinin böyük əksəriyyəti tarix boyu bu zənginlikdən öz nəsibini almayıb. İndi, ilk neft bumundan düz bir əsr yarım sonra ölkənin coğrafiyası və iqlimi bir daha bu xalqın üzünə gülüb. İndi o, neftdən və qazdan payına düşəni almasa belə, küləkdən, Günəşdən, sudan nəsibinə düşəni enerji formasında ala bilər. Bunun üçünsə “Amerika kəşf etmək” lazım deyil. Sadəcə istək, təşviq, dəstək və... düzgün idarəçilik yetərlidir.
Press Klub