Logo
news content
User
Kateqoriyalar

Analitika

Kraliçaların qarşıdurması
Bukinhem susur, kuboku Letisiya apardı

İngiltərənin qadın milli komandası futbol üzrə dünya çempionatının finalında gərgin mübarizədə İspaniyadan üstün ola bilmədi. İspanlar 1-0 uddular. Qələbə qolunu Kaldenti Oliverin ötürməsindən sonra 29-cu dəqiqədə Olqa Karmono vurdu. 

Avstraliyanın Sidney şəhərində keçirilən matçı 75 min tamaşaçı izləyib, daha çoxu isə televizorda baxıb. 

Hər iki finalçılar – İngiltərə və İspaniya – 1991-ci ildən keçirilən qadın dünya çempionatı tarixində ilk dəfə qızıl medallar uğrunda mübarizə aparırdılar. 

İspaniya kraliçası Letisiya da final oyununa baxmağa gəlmişdi. Britaniya kral ailəsinin üzvləri ingilis futbolçulara uğur arzuladılar, amma finala getmədilər. Buna görə də yerli tabloidlər tərəfindən amansızca tənqid edildilər. 

İngiltərə millisinə (kişilər) dəyərli kuboku sonuncu dəfə 1966-cı ildə qazanmaq nəsib olub, o vaxtdan isə əlçatmaz olaraq qalır. 

Matçın birinci yarısı əsasən bərabər mübarizədə keçdi, amma ispanlar daha inadcıl və uğurlu oldular: 29-cu dəqiqədə Olqa Karmono topu qapıya göndərdi, hissəyə əlavə olunan dəqiqələrdə Ona Battle az qala ikinci qolu vuracaqdı, azacıq dəqiqliyi çatmadı. 

İkinci hissədə ispanlar penaltidən yararlana bilmədilər: ingilislərin qapıçısı Meri Erps ispan Cenni Ermozonun zərbəsini qaytardı.

Şərhçilərin fikrincə, ispanlar daha ağıllı futbol oynayaraq rəqiblərini üstələyirdilər. İngilislər bir neçə dəfə təhlükəli vəziyyət yarada bildilər, amma reallaşdırmağa nail olmadılar. 

Məğlubların xüsusən ikinci hissə ilə bağlı hakimliyə xeyli iradları yarandı. 

İkinci hissəyə əlavə olunan 13 (!) dəqiqəyə baxmayaraq, ingilislər məğlubiyyətdən qurtula bilmədilər. 

İngiltərə millisinin keçmiş qapıçısı Reyçel Braun-Finnisin fikrincə, ingilislər bütün oyunu daha çox ümidlə oynayırdılar, nəinki keyfiyyət və dəqiqliklə. 

İspaniya son iki ildə qadın futbolunda fenomenal nailiyyətlər əldə edib. Onlar 17 və 20 yaşlı qızlar arasında dünya çempionu idilər, indi də qadınlar arasında eyni uğuru qazandılar. 

Yeni rekordlar

Bu, tamamilə proqnozlaşdırılmayan dünya çempionatı idi. İspaniyanın qrupun son oyununda 0-4 hesablı darmadağınından heç üç həftə keçməyib. Çoxları qələbənin Yaponiyaya qismət olacağını düşünürdü.

Çempionat bir sıra rekordları təzələdi. Burada ilk dəfə 32 komanda iştirak etdi, keçən dəfə onların sayı 24 idi. Hər oyunu orta hesabla 29 min tamaşaçı izlədi. 

Qadın futbolu heç zaman indiki kimi televiziya auditoriyasına malik olmamışdı. Avstraliya, Kolumbiya, Çin və Almaniyada milli rekordlar yenilənib. Yeni Zelandiyada milli komandanın ilk oyununu 39% tamaşaçı izləyib – heç kişi futbolu da belə rəqəmlə öyünə bilməz.  

Avqustun 18-də FİFA prezidenti Canni İnfantino çempionatın bütün gözləntiləri doğrultduğunu, hətta üstələdiyini bildirdi.  Onun sözlərinə görə, iştirakçı komandaların sayını 24-dən 32-ə qaldırarkən qeyri-bərabər səviyyəli komandaların oynayacağı və bəzi oyunlarda 15-0 kimi darmadağın nəticələrin qeydə alınacağı əndişəsi vardı. 

Amma belə olmadı: çempionat oyunlarının çoxu bərabər mübarizədə keçdi. Bundan əlavə, Almaniya və Braziliya kimi aşkar favoritlər qrupdan çıxa bilmədilər. Dördqat dünya çempionu ABŞ isə 1/8 finalda İsveçə uduzdu. 

İnfantino 2023-cü il dünya çempionatının 570 milyon dollar gətirdiyi və zərərlə yekunlaşmadığını bildirib (müqayisə üçün: kişilər arasında Qatarda keçirilən son dünya çempionatı FİFA-ya 10,5 milyard dollar gətirib).

Özü də FİFA bu dəfə iştirakçılara rekord həddə mükafatlar təyin edib. Onların ümumi fondu 110 milyon dollar (kişilərdə 440 milyon) olub.

Dünya çempionu İspaniya komandası 4,29 milyon, İngiltərə 3 milyon, bürünc mükafatçı İsveç 2,61 milyon, dördüncü yeri tutan Avstraliya isə 2,45 milyon dollar alacaq. 

Daha aşağı  nəticə göstərən komandalar da pulsuz qalmayacaqlar. Qrupdan çıxa bilməyən 16 komandaya ümumən 1,56 milyon dollar, mübarizəni 1/8 finalda dayandıran 8 komandaya ümumən 1,87 milyon dollar, 1/4 finalda ələnən 4 komandaya isə ümumən 2,18 milyon dollar veriləcək.

Buna əlavə, hər bir oyunçuya da, komandasının nəticəsindən asılı olaraq, pul veriləcək. Məsələn, ispanların hər biri 270 min dollar, ingilislərin hər biri isə 195 min dollar alacaq. Kişi futbolu ilə müqayisədə qadın futbolunda maaşların xeyli aşağı olduğunu nəzərə alsaq, bu məbləğlər qadınlar üçün böyük dəstək və motivasiyadır. 

“Press Klub”dan: Qadınlar arasında dünya çempionatı 1991-ci ildən keçirilir. Avstraliya və Yeni Zelandiyada keçirilən son çempionat say etibarilə 9-cu idi. Əvvəlki səkkiz çempionatda ABŞ komandası dörd dəfə (1991, 1999, 2015, 2019) dünya çempionu olub. Almaniya iki dəfə (2003, 2007), Norveç (1995) və Yaponiya (2011) bir dəfə çempion olublar. 

ABŞ komandası dörd çempionluqdan əlavə, bir gümüş və üç bürünc medal qazanıb. Bu çempionatda ilk dəfə medalsız qaldı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c8v5m4q70lgo