Logo
news content
User
Kateqoriyalar

Analitika

Kitab oğurluğu məsum hərəkətdirmi?

“Əli və Nino” kitab mağazaları şəbəkəsindən 2 ədəd kitab oğurlanması barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumat iyunun 8-də sosial şəbəkədə əsas müzakirə mövzusuna çevrildi. Məlumatda deyilirdi ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsilə də lentə alınıb.

DİN-in hadisənin videosunu da yayması sosial mediada etirazları daha da artırdı. İnsanlar sanki təhlükəli cinayətkarlar yaxalanıbmış kimi, DİN-in bu faktla öyünməsini qınadılar. Az sonra DİN videonu sildi. Gənclərin isə sərbəst buraxıldığı məlum oldu.

Oğurluqda təqsirləndirilən şəxslərdən biri - Elməddin Süleymanlı olayla bağlı videomüraciət yayıb. O bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar. Kitablar isə yerindəcə mağazaya təhvil verilib. Maraqlıdır ki, E. Süleymanlı sıradan biri deyil. O, Türkiyə universitetlərindən birində kino təhsili alıb, bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.

Hadisəyə rəy bildirən sosial şəbəkə istifadəçilərinin əksəriyyətin mövqeyi belə oldu ki, gənclərin 2 kitaba görə saxlanılması doğru deyil. Hətta buna görə məşhur mağazalar şəbəkəsini qınayanlar da oldu.

Bəs, kitab oğurluğunu məsum bir hərəkət hesab etmək olarmı? Bu cür yanaşma nə dərəcədə doğrudur? Polisin görüntüləri çəkib paylaşması qanunidirmi?

"Kitabevim.az" mağazasının rəhbəri, ədəbiyyatçı Şamil Sadiq “Press Klub”a açıqlamasında bildirdi ki, kitab mövzusu gələndə hamı məsələyə həssas yanaşır:

“Sosial şəbkələrdə hadisəyə münasibət bildirən insanlar iki qrupa bölündü: bəziləri kitab oğurluğu ilə bağlı mağazanı tənqid edir, bəziləri isə düşünür ki, mağazadan kitab oğurlamaq cinayətdir”.

Ş.Sadıq da kitab oğurlamağı düzgün hal hesab etmir:

“Əgər kitab oğurlayan adam həqiqətən oxumaq arzusundadırsa, o, istənilən kitab mağazasına yaxınlaşıb desə ki, “mən filan kitabı oxumaq istəyirəm, amma pulum yoxdur”, düşünürəm ki, mağaza sahibi və yaxud müəllif həmin kitabı o insana sevə-sevə təqdim edər. Özüm də daxil olmaqla, bir çox müəllif bir-birimizə kitab vermək və hədiyyə etməkdə istəkliyik, kimlərinsə kitab oxuması üçün əldən-ayaqdan gedirik. Əgər həmin insan müraciət etsəydi ki, imkanım yoxdur, amma bu kitabı oxumaq istəyirəm, əminəm ki, ona kitabı hədiyyə edərdilər. Hətta sosial şəbəkədə bircə kəlmə yazsaydı ki, filan kitabı ala bilmirəm, dəstəyə ehtiyacım var, bir çox insan ona dəstək verəcəkdi. Ona görə də, ümumiyyətlə, oğurluq halı heç kimin qəbul etmədiyi, xoş olmayan mənfi bir hərəkətdir. Həmin şəxs kitab deyil, pul və ya başqa bir əşya da götürə bilərdi”.

Ş. Sadiq hesab edir ki, bu, şou xarakterli hadisə olub:

“Ona görə də, birmənalı şəkildə kitab oğurlayanaları qınayıram. Bizim də mağazada bu cür hallar olub, hətta həmin insanlar kameralara düşüblər. Biz şəxsən buna görə heç bir yerə şikayət etməmişik. Amma mağazanın polis orqanlarına şikayət etməsini haqlı hesab edirəm. “Ali və Nino” bizim rəqibimiz olsa da və müəyyən müəlliflərini bəyənməsəm də, açıq etiraf edim ki, kitab evinin üstünə bu qədər gedilməsinin tərəfdarı deyiləm. Fakt odur ki, oğurluq hadisəsi baş verib, hadisə də qınanmalıdır”.

Şamil Sadiq “kitab oğurlamaq cinayət deyil” şəklində yanaşmaları pafos sayır:

“Bu cümlənin altında yatan məna odur ki, siz təki kitab oxuyun - istər oğurlayın, istər alın, amma təki oxuyun. Halbuki istər kitab olsun, istər pul, hər nə olursa, olsun, oğurluq cinayət əməlidir”.

Hüquqşünas Zaur Əliyev də dəyərindən və nə olmasından asılı olmayaraq, oğurluq

hadisəsinin baş verdiyini xatırlatdı:

“Hadisədən əməliyyat çəkilişi edib, paylaşıblar. İşin mahiyyəti o qədər də ağır deyil, həbs olunmalarını düzgün hal hesab etmirəm. 10 manat yox idi ki, dərhal verilsin və bu iş bağlansın? Çox güman ki, bu məsələdə inzibati qaydada cəza tətbiq etmək olardı. Çünki 500 manata qədər oğurluq hadisəsi törətmiş şəxsə həbs verilmir”.

Ülviyyə Şahin