Logo
news content
User
Kateqoriyalar

Analitika

Kiribati qədər də olmadıq...
Beynəlxalq insan haqları günü Azərbaycanda necə qarşılanır?

Kiribati adında dövlət eşitmişdiniz? Çoxumuz “yox” deyəcək, çünki həqiqətən də dünyanın, necə deyərlər, adlı-sanlı, öndə gələn dövlətlərindən deyil. Cırtdan-filan da deyil, 5 milyon kvadrat kilometr ərazisi var. Ərazi deyəndə ki, düz-əməlli ərazi də deməzsən - Sakit Okeanın ortasında, 33 adadan və atoldan ibarət bir ölkədir. Amma nə olsun, bu Kiribati hər il dekabrın 10-nu dövlət bayramı kimi qeyd edir. Müstəqillilk, Zəfər günü kimi səs-küylü adı da yoxdur bu bayramın. 10 dekabr – dünya İnsan Haqları Günüdür. Özü də Kiribati özündən çıxartmayıb bunu. BMT Baş Assambleyası 1948-ci il dekabrın 10-da qətnamə qəbul edib ki, hər il bu gün dünyada İnsan Haqları Günü kimi qeyd edilsin. BMT-də yumruğunu masaya çırpıb səs-küy salan dövlətlərin hərəsi bir cür yola verir bu günü, bax, həmin Kiribati isə özünün 13 hərflik əlifbasının verdiyi imkanlarla, sözün əsl mənasında, kirimişcə, amma əsl bayram keçirir...  

Hə, indi baxaq görək, kiribatililərin gətir-götürlə qutladıqları bu günü Azərbaycan hansı nailiyyətlərlə qarşılayır? 

***

“Ölkəmizdə insan haqlarının vəziyyəti, təəssüf ki, yaxşı deyil. Bu, müxtəlif aspektlərdə insan hüquqlarının vəziyyətini müəyyən edən və ölçən hesabatlarda da açıq şəkildə görünür”.

Bu sözləri media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli old.pressklub.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanda media azadlığının vəziyyəti dünyada ifadə azadlığının ən aşağı yerdə olan namizədləri içərisindədir və demək olar ki, 150-dən aşağıdadır: “Eyni zamanda digər insan hüquqları ilə bağlı beynəlxalq hesabatlarda Azərbaycan təəssüf ki, insan hüquqları vəziyyətində ən kəskin pozuntular olan ölkələr siyahısına salınıb”.

Bu günlərdə Abzas Media və Kanal13-ün rəhbərlərinin və digər jurnalistlərin həbs olunduğunu xatırladan mütəxəssis, cəmiyyətin böyük bir hissəsinin azad mediaya ac olduğunu və belə olan halda jurnalistlərin bu tip həbslərdən çox ciddi şəkildə təsirləndiklərini və növbənin onlara gələcəyindən qorxduqlarını bildirib. 

“Gələk siyasi məhbus məsələsinə. Yenə təəssüf ki, ölkədə siyasi motivli həbslər həmişə olub, indi də var. Avropa İnsan Hüquqları məhkəməsinin verdiyi qərarlar bu tip həbslərin siyasi məqsədli olduğunu təsdiqləyir”.

Hüquq müdafiəçisi bildirir ki, digər bir məsələ Azərbaycanda siyasi azadlıqların vəziyyəti ilə bağlıdır. Onun fikrincə, siyasi fəaliyyətlə məşğul olma azadlığı kifayət qədər dardır. 2020-ci ilin dekabr ayında qəbul edilən siyasi partiyalar haqqında yeni qanun siyasi fəaliyyətləri bir az da məhdudlaşdırdı və bu il ərzində 20-dən çox siyasi partiya öz fəaliyyətini dayandırdı: “Fəaliyyət göstərənlər də faktiki olaraq xeyli sayda problemlərlə üz-üzə qalıblar. Bununla bağlı çoxlu inzibati öhdəliklər var. Bunlar da özlüyündə siyasi fəaliyyəti məhdudlaşdırır. Demək olar ki birləşmə və sərbəst toplaşma azadlığı ilə bağlı çoxsaylı problemlər hələ də qalır”. 

Müsahibimiz maraqlı bir məqama toxundu. Deyir ki, beynəlxalq səviyyədə iradlardan biri Qarabağda yaşayan erməni əsilli əhali ilə bağlı məsələdir, lakin beynəlxalq təşkilatların yeganə olaraq davamlı yanlış mövqe tutduqları məsələ məhz bu məsələdir: “Qarabağda yaşayan ermənilər uzun müddət Azərbaycanın suverenliyini və hüququnu tanımadan ərazidə separatçı bir rejim qurmuşdular və həmin rejim çərçivəsində də Azərbaycan vətəndaşlığından imtina etmişdilər. 20 sentyabrda aparılan anti-terror əməliyyatı nəticəsində Qarabağdakı bu separatçı qüvvələr tərksilah olundu. Orada yaşayan erməni əsilli əhaliyə Azərbaycan hökuməti çağırış etdi ki, onlar Azərbaycan qanunvericiliyini qəbul etdikləri halda Azərbaycanda qalıb yaşaya bilərlər. Buna baxmayaraq, Ermənistan hökumətinin və separatçı rejimin rəhbərlərinin təsiri ilə erməni sakinlər Azərbaycan ərazisini könüllü şəkildə tərk etdilər”. 

Ələsgər Məmmədli qeyd edir ki, indi də Ermənistan hökuməti onların geri dönüşünü önləmək üçün addımlar atır. Məsələn, Azərbaycanın reintegration.gov.az saytının Ermənistanda açılışına blok qoyulub və Ermənistana köçən insanların Azərbaycan hökumətinin dəvətinə reaksiya vermə imkanlarını məhdudlaşdırıb. Beynəlxalq qurumlar bu faktları görmədən açıqlama verdiyi zaman məsələ, əlbəttə, qərəzli olur və eyni zamanda, haqlı olaraq Azərbaycanda yalnız hökumətin yox, bütün əhalinin etirazına səbəb olur. Ona görə də beynəlxalq qurumlar bu tip məsələlərdə neytral mövqe tutmalı və obyektiv olub faktları doğru qiymətləndirməlidirlər: “Azərbaycanın 1988-ci ildə Ermənistandan zorla köçürülən sakinlərdən fərli olaraq, ermənilərin zorla köçürülməsini iddia etmək yanlışdır. Bu, heç bir fakta əsaslanmır. Azərbaycandan gedən ermənilər ilə Ermənistandan qovulan azərbaycanlıları eyniləşdirmək mümkün deyil”. 

Polis, məhkəmə və prokurorluğun fəaliyyəti ilə bağlı iradlara gəldikdə, müsahibimiz deyir ki, bunlar yerində iradlardır. O, 2023-cü il iyul ayında Gədəbəyin Söyüdlü kəndində baş verən hadisədə polisin davranışının adekvat olmadığını və heç bir hüquqi çərçivəyə sığmadığını vurğuladı.

Müsahibimiz sonda qeyd etdi ki, insan hüquqları günü ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyəti cəmiyyəti düşündürəcək həyəcan siqnalı çalır. Bu həyəcan siqnalının səsini hər kəs duymalıdır. Nəzarət edici qurumlar həqiqi funksiyalarını icra etməlidirlər ki vətəndaşlar özlərini azad və rahat mühitdə hiss etsinlər. Əks halda, dövlətə olan inam və etimad ciddi şəkildə sarsıla bilər.

“Beynəlxalq hesabatlarda bizim dövlət hüquqları qorumayan, söz azadlığı olmayan, korrupsiyanın tüğyan etdiyi dövlət kimi göstərilir”. 

Bu sözləri hüquq müdafiəçisi, qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu saytımıza açıqlamasında bildirib.

Müsahibimiz xatırladır ki, son 30 ildə 1 milyondan çox qaçqın və 400 min köçkünü olan, iki müharibə görən, sonda isə öz torpaqlarımızı geri qaytaran bir dövlətik. Sözsüz ki, həm hökumət, həm də millət olaraq təmkinli olmalıyıq. 

“Beynəlxalq təşkilatlar 30 ildə bu insanların, qaçqınların və köçkünlərin hüquqlarını bir dəfə də olsun yada salmayıblar. Amma bu gün bu təşkilatlar ermənilərin Qarabağdan getməsinə görə haray salıblar. Azərbaycanlılardan fərqli olaraq, Qarabağdan köçən ermənilərdən bir nəfər belə zərər çəkməyib. Halbuki bizi öz torpaqlarımızdan vəhşicəsinə çıxartmışdılar. Budurmu beynəlxalq təşkilatların ədaləti?” 

Novella Cəfəroğlu qeyd edir ki, Azərbaycanda siyasi məhbuslar da var. Son zamanlarda jurnalistlər və blogerlər də tutulublar. Bununla bağlı prokurorluq, DİN və Ali məhkəmənin başçıları ilə görüşlər planlaşdırılmışdı: “Jurnalistlərə olan təzyiqi doğurdan da başa düşmək olmur. Açıq yazılmır ki, nəyin üstündə həbs olunublar. Təkcə Azərbaycanda deyil, Avropada da, Amerikada da siyasi çıxışlarla bağlı yüzlərlə insan həbs olunub. Hamımız öz nöqsanlarımızı görüb, onları düzəltsək, heç kəsin qabağında başımız aşağı olmayacaq”.

Müsahibimiz deyir ki, əslində, ayrıca insan haqları günü olmamalıdır, biz hər gün insanların haqlarını qorumalıyıq: “Mənim üçün hər gün insan haqları günüdür. Hər bir insana dəyər versən, onun hüquqlarını qorusan, o sənin üçün dövləti cənnətə çevirər. Bu, mənim sözlərim deyil, bunu İsrailin baş naziri Golda Mayer deyib: “Bizə səhra verdilər, biz hər bir insana dəyər verdik, onlar bizə bu səhradan cənnət düzəltdilər”.

Digər müsahiblərimiz kimi, iqtisadçı Natiq Cəfərli də Azərbaycanda siyasi azadlıqlar, hüquqi azadlıqlar, siyasi məhbuslarla bağlı çox ciddi problemlərin olduğunu bildirdi. 

“Bu elə Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə, qanunvericiliyin pisləşməsi ilə sübut olunur. Son illərdə Azərbaycanda QHT qanunvericiliyi də pisləşdirilib, qrant haqqında qanunvericilik, media haqqında qanun və siyasi partiyalar haqqında qanun pisə doğru dəyişdirilib. Bütün bunlar onu göstərir ki, haqq və azadlıqlarla bağlı ciddi problemlər var”. 

Müsahibimiz old.pressklub.az-a açıqlamasında deyir ki, Azərbaycan Avropa Şurasının üzvü kimi qanun layihələri ilə bağlı Venesiya Komissiyasının rəy və tövsiyələrini nəzərə almaq öhdəliyi götürüb. Venesiya komissiyası həm QHT qanunvericiliyi, həm media qanunvericiliyi, həm də siyasi partiyalar haqqında qanunların beynəlxalq standartlara, Avropa Şurasının standartlarına uyğun olmadığını açıq şəkildə bildirib. Amma təəssüf ki, hökumət bu tövsiyələrin heç birinə əməl etməyib: “Bu problemlərin həlli köklü islahatlardan keçir. Bu köklü islahatlar isə həm hüquqi, həm siyasi - vətəndaş cəmiyyətinin, həm də medianın gücləndirilməsindən keçir. Təəssüf ki, biz indi əks istiqamətdə hadisələrin gedişatına şahidlik edirik”. 

Natiq Cəfərli deyir ki bu problemlərin həllinin açar nöqtəsi məhkəmə hakimiyyəti və məhkəmə sistemidir: “Azərbaycanda azad və ədalətli məhkəmə sistemi qurulsa, məhkəmə qərarları ədalətlə və qanunlara uyğun olaraq müstəqil şəkildə verilsə, presedent hüquqları yaranar. Bu presedentlər digər sahələrdə vəziyyətin müsbət mənada dəyişməsinə təsir göstərər”.

“Azərbaycanda insan hüquqlarının vəziyyəti son dərəcə pisdir”. 

Bu sözləri hüquq müdafiəçisi Rüfət Səfərov old.pressklub.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, həmtəsisçisi olduğu “Müdafiə xətti” insan haqları təşkilatı cari ili repressiya ili kimi qiymətləndirir. O, iddia edir ki, siyasi məhbusların sayı 300-ə yaxınlaşıb: “Blogerlər, ictimai fəallar, partiya rəhbərləri, iqtisadçılar, siyasi fəallar, dindarlar, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin hesabına Azərbaycanda 300-ə yaxın siyasi məhbuslar var. Təkcə son günlər ərzində 6 jurnalist alternativ informasiyanı tirajladığına görə həbs ediliblər”. 

Müsahibimiz deyir ki, insan hüquqları ideyasının əsasında 2 başlıca prinsip dayanır- insan ləyaqəti və bərabərlik. Amma təəssüf hissi ilə qeyd edir ki, bu gün Azərbaycanda hüquq siyasətinə mənsub olan dairələr, hüquq mühafizə orqanları Azərbaycan vətəndaşının, insanının ləyaqətini bir çox hallarda tapdalayır, əzir. 

Rüfət Səfərov deyir ki, həm milli qanunvericilikdə, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiya, pakt və bəyannamələrdə təsbit edilən təməl insan hüquqları, təəssüf ki, bu gün Azərbaycanda pozulmaqdadır. Söz, fikir, mətbuat, məlumat azadlığı çox kobud sürətdə Azərbaycan hakimiyyəti tərəfindən tapdalanır. Tənqidi düşüncə tərzinə malik olan fərdlərin, Azərbaycan vətəndaşlarının cəmiyyətin və dövlətin idarəçiliyində iştirak haqqı gözlənilmir: “Mən şübhə etmirəm ki, Azərbaycanda hakimiyyətlər arasında bir balans mövcud deyil. Məhkəmələr, təəssüf ki, Ali İcra hakimiyyətinin bir hüquqi davamı kimi dırnaqarası diqqət cəlb edir. Parlament yenə də Ali İcra hakimiyyətinin dırnaq arası uzantısı, əlavəsi kimi işləyir. Dolayısı ilə Azərbaycanda sərt və avtoritar idarəetmə mövcuddur. Burada alternativ fikrə, rəyə yer yoxdur. Siyasi partiyaların fəaliyyəti əngəllənir. Azad medianın fəaliyyəti buxovlanır”. 

Müsahibimiz təəssüf hissi ilə deyir ki, Azərbaycan hakimiyyəti insan haqları sahəsində ixtisaslaşan yerli təşkilatların və beynəlxalq strukturların, mərkəzlərin hesabat indekslərini davamlı olaraq rədd edir. 

Rüfət Səfərov sonda qeyd etdi ki, hüquq müdafiəçilərinin və müstəqil mərkəzlərin davamlı olaraq Beynəlxalq təşkilatlara çağırışları olub ki, rəsmi Bakı ilə təmasları zaman insan haqları mövzusunu konkret qoysunlar. Amma bir çox hallarda ilk sıraya enerji, iqtisadi problemlər çıxarılır, sonra vaxt olarsa, insan haqlarına yer ayrılır. 

“Hər bir ölkədə, ölkəni idarə edən hökumətlərdən əlavə, ictimai nəzarəti təmin edən qeyri-hökumət təşkilatları da mövcud olmalı və azad fəaliyyət göstərməlidir”. 

Bu sözləri hüquqşünas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib. 

O, qeyd edib ki, bu təşkilatlar əsasən vətəndaş cəmiyyəti təşkilatıdır. Hansı ki, bunlar əsasən ölkənin mövcud vəziyyətini, insanların hüquqi, iqtisadi, sosial vəziyyətini təftiş edir. Hökumətin mövcud vəziyyətlə bağlı təqdim etdiyi hesabatlara, o cümlədən araşdırmalara alternativ araşdırma və hesabatlar təqdim edir. Belə olan təqdirdə, həm hökumət özünə çəki-düzən verir, həm beynəlxalq təşkilatlar ölkədəki vəziyyətlə bağlı daha müfəssəl məlumatlara malik olurlar. 

“Əlbəttə, Azərbaycanda insan haqlarının vəziyyəti ümumi şəkildə götürsək, dalğavari hərəkət edir. Məsələn, 10 il bundan əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə etsək, bu gün hüquqların qorunmasında az da olsa, irəliləyiş var. İnzibati və məhkəmə sistemində dövlətin apardığı islahatlar nəticəsində vəziyyət təkmilləşməyə doğru gedir. Çatışmazlıqlar var və bunlar beynəlxalq hesabatlara görə ölkədə insan hüquqlarının vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Ümid edirəm ki, bununla bağlı qanunvericilik aktları daha da təkminləşdiriləcək və bu sahədə ciddi addımlar atılacaq”.

Bununla yanaşı, müsahibimiz deyir ki, Azərbaycanı istəməyən, onun inkişafının marağında olmayan, böhranın daha da dərinləşməsini istəyən bir sıra beynəlxalq təşkilatlar var ki, onlar öz məqsədləri naminə həqiqətən də daha "tünd" hesabat yaymağa meyllidirlər. Avropa Şurasının Avropa İnsan haqqları məhkəməsində qəbul etdiyi qərarlarda, eyni zamanda BMT-in hesabatlarında Azərbaycandakı insan hüquqlarının vəziyyəti heç də müsbət qiymətləndirilmir. Bunun məsuliyyəti icra qurumlarının üzərindədir. Ona görə də ölkədəki insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması məqsədilə mütləq şəkildə ciddi hüquqi islahatlar aparılmalıdır.

Son günlər bir neçə jurnalistin həbs olunmasına toxunan hüquqşünas qeyd edir ki, hökumət bunun jurnalistlərin cinayətkar fəaliyyəti ilə bağlı olduğunu iddia edir. Amma beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycanda olan vətəndaş cəmiyyəti üzvləri bu həbslərin sırf jurnalistlərin peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər. “Fikir və söz azadlığının boğulması heç bir ölkəyə başucalığı gətirməyib”. 

Müsahibimiz deyir ki, beynəlxalq və yerli vətəndaş cəmiyyəti qurumlarının hesabatlarında az fərqlə bir-birindən fərqlənən siyasi məhbuslar siyahısı var. Burada əsasən vaxtilə, 1995-ci ildə həbs olunan OMON-çuların adlarına rast gəlmək mümkündür. Həmçinin müxtəlif siyasi partiyaların, o cümlədən ölkədə dini dövlət qurmaq istəyən islamçıların və sırf siyasi fikirlərinə görə təqib olunan şəxslərin adlarını da həmin siyahıda görmək mümkündür: “Siyasi qurumların və şəxslərin bölücülüyü, separatçılığı təbliğ etməsi, konstitusion quruluşun dəyişilməsini istəməsi yolverilməzdir. Bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarının müvafiq addımlar atması normaldır”.

Hüquqşünas qeyd edir ki, 16 dekabr 2022-ci ildə qəbul edilmiş siyasi partiyalar haqqında qanun bir sıra beynəlxalq təşkilatların, Venesiya Komissiyasının hesabat rəyində qeyd olunduğu kimi, daha məhdudlaşdırıcı, hökumətin daha çox nəzarət edici bir funksiyaya malik olduğunu ortaya qoydu. 

Qarabağın erməni əhalisinin hüquqları barədə beynəlxalq təşkilatların iddialarına gəlincə, müsahibimiz deyir ki, erməni əhalinin yaşadıqları yeri tərk edərkən heç bir zorakılıqla üzləşməməsi, bir erməni sakinin belə burnunun qanamaması Azərbaycan dövlətinin, hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisi idi. Amma bir şəxs ki ölkədən çıxmaq istəyirsə, o şəxsi məcbur ölkədə yaşatmaq mümkün deyil.  

Ramil Süleymanov deyir ki, polis, prokurorluq, hüquq mühafizə orqanları ölkənin daha çox araşdırma aparan və cinayətkarlığın qarşısını almaq üçün hesablanmış təsisat və qurumlardır. Bu sahədə polisin prokurorluğun fəaliyyətinə ən yüksək şəkildə siyasi iradə ortalığa qoyulmalıdır. Məhkəmə hakimiyyəti tamamilə müstəqil olmalıdır.

***

Beləliklə, Kiribati olmasaq da, dünya insan haqları gününü biz də qeyd edirik. Amma necə? Vəziyyəti ekspertlərin dilindən öyrəndik, o qədər də ürəkaçan deyil. Bir həqiqət də var ki, dövlətlər heç də həmişə hüquq və azadlıqları könüldən istəyərək vermir. O hüquq və azadlıqları çox hallarda və çox yerlərdə cəmiyyətlər özləri əldə edir. Prinsipial, təhsilli, cəsarətli insanların haqqı da, hüququ da heç vaxt çeynənə bilməz. 

Bayramınız mübarək!

Mədinə Useynova