
“Keşişin teatrı” bitir: Paşinyan konstitusiyanı dəyişə bilər
“Tavuş hərəkatı” öləziyir, hakimiyyət kart-blanş əldə edib
18 May 2024
Ermənistanda anti-hakimiyyət qüvvələrinin təşkil etdiyi “Tavuş Vətən Uğrunda” hərəkatı öləziməyə doğru gedir. Hərəkatın lideri, yepiskop Barat Qalstanyanın çağırışı ilə ən böyük aksiya mayın 9-da İrəvanın mərkəzi “Respublika” meydanında baş tutub. Sonrakı günlərdə etirazçıların sıraları seyrəlib, hazırda onlar maksimum bir neçə yüz nəfərlik qruplarla hökumət binalarının qarşısında etiraz aksiyası keçirir, küçə və prospektləri bağlayırlar və s.
Dünən – mayın 17-də keşiş Baqrat İrəvanın mərkəzində genişmiqyaslı mitinq keçiriləcəyinin anonsunu verib, amma aksiyanın yerini və vaxtını açıqlamayıb. Qalstanyan daha sonra Erməni Milli Konqresinin (AMK) nümayəndələri ilə görüşüb. Görüşdə təşkilatın vitse-prezidentləri Levon Zurabyan və Aram Manukyan iştirak etsə də, birinci prezident Ter-Petrosyan arxiyepiskopla üz-üzə gəlməkdən imtina edib.
“Tavuş hərakatı” Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə qarşıdır, İrəvanın atdığı addımları, o cümlədən işğalda olan 4 kəndin geri qaytarılmasını ölkəyə xəyanət sayaraq, Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Siyasi müxalifət bu hərəkatı aktiv şəkildə dəstəkləyir, onun təşkilati, media və insan resursları, o cümlədən maliyyə qaynaqları anti-hökumət hərəkatın genişlənməsinə səfərbər olunub. Amma qeyd olunduğu kimi, kilsənin açıq dəstəyinə və təşkilatçılığına baxmayaraq, erməni cəmiyyəti ona dəstək vermədi. Bunu bir neçə səbəblə əlaqələndirmək olar:
Birincisi, “Tavuş hərəkatı” Azərbaycanla sülh prosesinə qarşı çıxır, amma alternativlər təklif etmir. Baş nazir Paşinyan bu amili daim qabardır və Azərbaycanla sərhədlərin müəyyən olunmasının, təhlükəsizlik qarantiyaları əldə edilməsinin alternativinin müharibə olduğunu bəyan edib. “Bu müharibə o qədər də haqsız olmayacaq”, - Paşinyan vurğulayıb. Baş nazirin bu çıxışı cəmiyyətdə ciddi rezonans yaratdı və əsas təbəqələr tərəfindən qəbul edildi. İctimai rəydə bu fikir hakimdir ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayıb, Avropa İttifaqına inteqrasiya xəttini davam etdirməlidir. Rusiya artıq müttəfiq deyil, onun israrla ölkədə hərbi-siyasi varlığını saxlamağa çalışması Ermənistanı çıxılmaz vəziyyətə salacaq. Ona görə, hazırki şəraitdən maksimum yaralanaraq, Qərbin iqtisadi, siyasi dəstəyini əldə etməklə, gələcəkdə sülh sazişi imzalayaraq, Türkiyə və Azərbaycanla sərhədləri açmaqla ölkəni indiki dalandan çıxarmaq olar. “Tavuş hərəkatı” Rusiya ilə ənənəvi “müttəfiqliyin” tərəfdarı olmaqla, cəmiyyətin əsas hissəsinin bu istəklərinə qarşı yönəlib.
İkinci amil Ermənistanda nüfuzdan düşmüş keçmiş siyasi elitanın – hazırkı müxalifətin anti-hakimiyyət etirazlarını dəstəkləməsi və ondan faydalanmağa çalışmasıdır. Bu qüvvələr aparıcı rolda olmasalar da hakimiyyət onları ictimai rəydə ifşa etməyi bacardı və nəticə etibarı ilə “Tavuş hərəkatı”nın ictimai dəstəkdən məhrum qalmasına gətirib çıxardı. Məlumdur ki, 44 günlük müharibədən sonra müxalifət qüvvələri hakimiyyəti devirmək üçün fasiləsiz etirazlar təşkil edib, hətta qeyri-qanuni aksiyalara əl atıb. Amma Paşinyan hökuməti Azərbaycanla müharibə istəməyən cəmiyyətin dəstəyi hesabına qalib gəldi və hazırda dominant qüvvə olaraq, ölkəni idarə edir.
Üçüncü amil Ermənistanda siyasi hakimiyyətin kifayət qədər monolit olması, hüquq mühafizə orqanlarının sadiqliyi, silahlı qüvvələrin siyasi proseslərdən kənarlaşdırılmasıdır. Ordu xeyli dərəcədə müxalifətə və Rusiyaya bağlı kadrlardan təmizlənib və ya qalanlar da zərərsiz hala gətirilib. Bir aya yaxındır davam edən etirazlar zamanı Paşinyan komandasından və onun müttəfiqlərindən istefalar baş vermədi. Parlamentdə müxalifətin Baş nazirin impiçmentini təşkil edə bilməməsinin əsas səbəbi də iqtidardan qopmaların olmaması ilə bağlıdır.
Dördüncü amil, müxalifətin diaspordan və kənar qüvvələrdən ciddi dəstək əldə edə bilməməsidir. Ümumiyyətlə, xarici təsir faktoru prosesdə işlək olmadı. Qeyd olunduğu kimi, Rusiyanın aşkar-gizli dəstəyi müxalifət üzərindən olduğuna görə, geniş kütlələrin prosesə qoşulmasını əngəllədi. ABŞ, Fransa başda olmaqla Qərb ölkələri isə Paşinyana ciddi siyasi, təhlükəsizlik dəstəyi verdi. Bu da cəmiyyətin mövqeyinə təsir edən amillərdən biridir.
Beşincisi, Azərbaycanın revanşist qüvvələrə qarşı sərt mövqeyi və Paşinyan hakimiyyətinə xəbərdarlığı da Ermənistan cəmiyyətinə ciddi təsir etdi. Prezident İlham Əliyev bu yaxınlarda Şuşada bəyan etdi ki, revanşistlərin addımları Azərbaycanın adekvat sərt reaksiyasına səbəb olacaq. Dövlət başçısı dolayısı ilə Paşinyanı ölkədə qayda-qanun yaratmağa, sərhədlərin dəqiqləşdirilməsi, sülh sazişi ilə bağlı ikitərəfli prosesi davam etdirməyə çağırdı.
Altıncı amil, etirazlara rəğmən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi dayanmadı. İki gün əvvəl sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olan işçi qrupu protokol imzalayaraq, demarkasiya və delimitasiya işlərinin 1976-cı il xəritəsinə uyğun aparılmasını razılaşdırdı. Nikol Paşinyan bu addımı böyük uğur adlandırıb. Baş nazir vurğulayıb ki, Ermənistanın suverenliyi və müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün çox mühüm təməl daşı qoyulub. “Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bu addım bütün Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsizliyi və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - o, əlavə edib.
Bir neçə gün əvvəl xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almatı şəhərində görüşərək, sülh gündəliyini müzakirə ediblər. Nazirlər görüşdən nikbin bəyanatla ayrılıblar. Ardınca isə Cenevrə şəhərində Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan növbəti dəfə bir araya gəlib. Proses davam edir...
Ermənistanda hadisələrin bu səpkidə davam etməsi Paşinyan hökumətinin ictimai dayaqlarını daha da möhkəmləndirir və ona Azərbaycanla sülh danışıqları prosesində daha genişmiqyaslı addımlar atmaq üçün kart-blanş verir. Qarşıdakı dövrdə hökumət Konstitusiya dəyişikliyi üçün düyməyə basa bilər. Həmçinin Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən qanunvericilik aktlarına, beynəlxalq sənədlərə yenidən baxa bilər. Paşinyanın özünün təbirincə desək, mifik, tarixi Ermənistandan real Ermənistana keçid etmək üçün unikal şərait yetişib. İrəvanın can atdığı Qərb strukturları da bu prosesi dəstəkləyir, Rusiyanın isə ona mane olmaq imkanları yoxdur.
Turqut