Logo
news content
User
Kateqoriyalar

Analitika

“Kəlbəcərə gedib, atamın məzarına bir ovuc torpaq gətirəcəyəm…”

Kəlbəcər artıq azaddır. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrda Kəlbəcər ərazisinə daxil oldular. Bu hadisə əvvəl 15 noyabra nəzərdə tutulmuşdu, ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə ermənilərə daha 10 gün vaxt verildi.

Əslən Kəlbəcər rayonundan olan həmkarlarımızla əlaqə saxlayıb, onların hisslərini öyrəndik.

Araşdırmaçı jurnalist Elxan Salahov:

“Çox kövrək hisslər keçirirəm. İnsan bilmir fikirlərini necə ifadə etsin. Çox qarışıq hisslərdir. Bu hisslərin içində kədər, sevinc, qəhrəmanlıq, qürur da var. Sevinirik ki, yurdumuz 28 il sonra işğaldan azad olunur. Şükürlər olsun ki, ordumuzun gücü, qüdrəti sayəsində, bir güllə atmadan biz Kəlbəcərimizi azad edə bildik. Amma bu, o demək deyil ki, Kəlbəcər uğrunda şəhid verilməyib. Kəlbəcər uğrunda istər 1992-ci ilin aprelində rayon işğal olunarkən, istərsə 1993-cü ilin payızında Murovdağ əməliyyatı başlayan zaman, istərsə də 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin mart-aprel aylarına qədər nə qədər şəhidlər vermişik. O vaxt biz Kəlbəcərin böyük hissəsini, yaşayış məntəqələrinin bir çoxunu geri alsaq da, əlimizdə saxlaya bilmədik. Bu il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücumları zamanı da Kəlbəcər uğrunda çoxlu sayda şəhidlər verdik - bütün cəbhəboyu vuruşan igidlərimiz, canı, qanı bahasına irəliləyən qardaşlarımız elə həm də Laçın, Kəlbəcər üçün qan tökdülər. Şükürlər olsun ki, onların qanı yerdə qalmadı, biz bu gün Kəlbəcərin işğaldan azad olunması sevincini göz yaşları, qürur hissi ilə qeyd edə bilirik. 28 ildə biz o qədər iztirablar çəkmişik, o qədər Vətən yanğısı ilə alışıb-yanmışıq ki… Bizim o qədər itkilərimiz olub ki, bundan sonra inanmıram ki, Azərbaycan xalqı torpağımızın ən kiçik qarışının belə düşmən tapdağı altında qalmasına razı olsun. Azərbaycan xalqı buna heç zaman imkan verməz. Adi silahlarla, bıçaqla qayalara dırmaşıb, Şuşa kimi alınmaz bir qalanı düşməndən xilas edən Azərbaycan övladları bir daha bu torpaqlara erməni ayağının dəyməsinə imkan verməyəcəklər”.

“Tərəqqi” medalı sahibi, teleaparıcı Nigar Sabirqızı:

“Mənim atam kəlbəcərli idi. Bizi hər il yay tətilində ora aparardı. 15 yaşıma kimi Kəlbəcəri görmüşəm. Sonuncu dəfə orada 1991-ci ildə olmuşam. 29 ildir görmürəm, amma indi Kəlbəcərin görüntülərinə baxanda mənə elə gəlir ki, dünən görmüşəm oranı. O qədər doğma gəlir ki mənə... Kəlbəcərin təbiəti olduqca füsunkardır. İnşallah, arzulayan hər kəs gedib, görəcək. Əsas atama görə sevinirəm. O, Kəlbəcəri yenidən görməyi çox arzulayırdı. Amma qismət olmadı. Bu gün atam kimi bu həsrətlə dünyadan köçən minlərlə insanın ruhu şaddır. Mən inanıram ki, atam Kəlbəcərin qayıdışını bilir. İnşallah, Kəlbəcərə gedib, onun məzarına bir ovuc torpaq gətirmək istəyirəm. Bütün kəlbəcərliləri təbrik edirəm. Bütün xalqımızın gözü aydın olsun!”

“Türküstan” qəzetinin və “Türküstan.info” saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal:

“Kəlbəcərin işğaldan azad olunması mənim, mənim kimi minlərlə kəlbəcərli və ümid edirəm ki, bütün azərbaycanlılar üçün əvəzedilməz, əlçatmaz bir hadisədir. 17 yaşımda tərk etdiyim, üzərindən 27 il keçdikdən sonra işğaldan azad olunan Kəlbəcərlə bağlı yaşantılarımızı sözlə ifadə etmək çox çətindir. Mən belə bir müqayisə apararaq deyirəm ki, insanlar adətən əsgərlikdə olanda, müddətin ən son günlərində saatları, dəqiqələri, saniyələri saymağa başlayırlar ki, görəsən, nə zaman tərxis olunacaq. Bizim son günlər Kəlbəcərlə bağlı gözləntilərimiz də təxminən buna bənzər idi. Düzdür, Kəlbəcərin azad olunmasına biz on gün əvvəl hazırlaşmışdıq. Mənfur düşmən ən son anda belə pisliyini davam etdirərək Kəlbəcərə qovuşmağımızı yenə ləngitdi. Kəlbəcərdən ayrılanda həm də 11-ci sinifi bitirib, ali məktəbə hazırlaşmaq, yeniyetməlikdən gəncliyə qədəm qoyaraq sayılı arzularımızı gerçəkləşdirmək ümidiylə yaşayırdıq və belə bir anda, yaşımızın o vaxtında birdən-birə işğalla qarşılaşdıq. Həyatımız birdən-birə dəyişdi və həyatın dibinə düşdük, ağır qaçqınlıq həyatını yaşadıq. Həm mənəvi, həm psixoloji baxımdan çökdük. Həm bizim, həm Qarabağdan olan qaçqınlarımızın özlərinə gəlib, toparlanması, ayaq üstdə qalması üçün uzun illər tələb olundu. İndi yaşadığımız bu günlər sanki bir möcüzədir. Baxın, üç-beş ay əvvəl bəlkə də heç bununla bağlı müzakirələr belə getmirdi, xəyal idi. Yalnız hansısa bəyanatlar, bu bəyanat ətrafında müzakirələr və s... Mən indi baş verənlərə Tanrının bir möcüzəsi də deyirəm. Çünki Azərbaycan xalqının gözlədiyi, amma bu anda olub-olmayacağı bəlli olmayan hadisələr baş verdi. Nəticədə torpaqlarımızın böyük bir qismini işğaldan azad edə bildik. Mən həmişə Kəlbəcəri bir yurd yeri, doğulub boya-başa çatdığım bir yerdən əlavə, insan kimi təsəvvür etmişəm. Onu ən əziz insanım hesab etmişəm. Ondan uzaq olmağı da ən əziz, ən dogma insandan uzaq qalmaq kimi yaşamışam. Və bu gün Kəlbəcərin yenidən bizim olmasını məhz ən əziz insanımla yenidən qovuşmağım kimi dəyərləndirirəm. Bu baxımdan özümü xoşbəxt insan hesab edə bilərəm. Düşünürəm ki, bundan sonra həm özümlə, həm övladımın hansısa uğuru ilə bağlı həyatımda elə bir hadisə ola bilməz ki, bugünkü tarixi adlayıb keçsin”.

Jurnalist Xalid Vahidoğlu:

“27 il 7 ay 25 günlük işğala son qoyulur. Neçə yaxınım Kəlbəcər həsrətinə dözməyərək dünyasını dəyişdi. Şəxsən tanıdığım neçə kəlbəcərli ömründən illər verməyə hazır idi ki, bircə saatlıq Kəlbəcərə qayıda bilsin. İndi səbirsizliklə kəndimizə dönəcəyim günü gözləyirəm. Tanrıya şükür edirəm ki, biz yenidən öz torpaqlarımızda yaşaya biləcəyik. Mən doğulduğum torpaqda cəmi 14 il yaşaya bilmişəm. Amma məni Başlıbelə bağlayan hissləri ifadə etməyə söz tapa bilmirəm. 14 illik həyat o qədər maraqlı olub, hafizəmdə elə əksini tapıb ki, nə 27 il 7 ay 25 günlük ayrılıq, nə məcburi köçkünlük, nə də 1993-cü ildən sonra yaşadığım maraqlı, maraqsız günlər o illərə kölgə sala bilməyib. Bugünədək bir çox ölkələrə gedib, mətbəxlərindən dada bilsəm də, mənim üçün ən ləzzətli təam 3 gün ac-susuz yol gəldikdən sonra 1993-cü ildə Murov dağında əsgərlərin verdiyi çörək olub. Həyatımın ən xoşbəxt anı da Başlıbelə qayıdıb, orada yaşayacağım zaman olacaq. Kəlbəcər işğaldan azad olundu, bundan sonra bütün yaralarımız yavaş-yavaş sağalacaq. 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan əsgərlərinin döyüş meydanındakı qələbəsini siyasi arenada möhkəmləndirən Ali Baş Komandanın Laçın, Xocalı, Xocavənd, Ağdərə, Xankəndində də bayrağımızın dalğalanmasını təmin edəcəyinə ümidliyik”.

Ülviyyə Şahin