Logo
news content
User
Kateqoriyalar

Analitika

Karantininiz mübarək...
Nə o təhlükə var, nə bu təhlükə: Səbəbi heç kim bilmir, amma rejimdəcə yaşayırıq 

Yenə də olmadı, yenə də uzadıldı! Xüsusi karantin vəziyyəti davam edir!

Cəmiyyət fərqli məlumata ümid etsə də, daha çox karantinin uzadılması xəbərini gözləyirdi. Elə də oldu. Dekabrın 11-də ölkədə xüsusi karantin rejiminin müddətinin yenidən uzadılması barədə qərar imzalandı. Bu dəfə düz aprelin 2-nə kim... 

Demək olar ki, bütün dünyada karantin rejimi aradan qaldırılıb, quru sərhədlər açılıb. Heç KİV də dəhşətli koronovirus barədə xəbərləri tirajlamır. Arabir, statistika xətrinə məlumat verilir. Dünyanın bizim sərhədimizdən kənar hissəsində yaşayan insanlar koronavirusa qalib gəlindiyini danışır, öz işlərinə qaldıqları yerdən davam edirlər. Dünya azad səyahətə qayıdıb.

Azərbaycanda isə əhali hər 3 aydan bir müddəti uzadılan, bitib-tükənməyən karantin rejimi ilə yaşamalı olur. Ölkədən yenə də ancaq təyyarə ilə çıxmaq olar. Onun da qiyməti od bahasına... 

Bəs ölkəmizdə bu problem niyə davam edir? Doğrudanmı tibbi nöqteyi-nəzərdən karantin rejiminin əsası var, bu rejim uzadılmasa ölkəmizdə epidemioloji vəziyyət pisləşəcək?

Tibb eksperti, həkim Vasif İsmayıl old.pressklub.az-a açıqlamasında bildirib ki, artıq COVID-19 pandemiya deyil, xüsusi təhlükəsi də qalmayıb: “Səbəbi isə insanlarda virusa qarşı immunitetin formalaşması oldu. Ona görə də, onun ilk dövrlərdə olduğu kimi ağır fəsadlara səbəb olması, yüksək öldürücülüyü mümkün deyil”. 

Həkim əlavə edir ki, Azərbaycanda karantin rejiminin uzadılmasının tibbi izahı yoxdur: “Bu tamamilə inzibati qərardır. Karantin rejiminin uzadılmasına tibbi nöqteyi-nəzərdən baxılması doğru deyil. Əsası yoxdur. Bu qapanmaların səbəbini başqa yerdə axtarmaq lazımdır”. 

Vasif İsmayıl xüsusi karantin rejiminin müddətinin uzadılmasının bir çox sahələrdə insanların həyatına mənfi təsir etdiyini bildirir: “Məsələ təkcə xaricə gedib səyahət etməkdə, müalicə almaqda deyil. Baxmayaraq ki, bu da vacibdir. Məsələn, mən özüm Gürcüstana getmək istəyirəm. Amma heç vaxt Gürcüstana təyyarə ilə uçmamışam. Şəxsi avtomobilimlə getmək istəyirəm. Sərhədlərin bağlı qalması insanları narahat edir və sərbəstliklərin əlindən alır. Sərhədlərin açılmaması iqtisadi problemlərə gətirib çıxarır. Bəzi insanların sərhədlərin qapalı olması səbəbindən biznes əlaqələri qura bilmirlər, biznesləri iflas olan şəxslər var. Eyni zamanda, Türkiyədə oxuyan tələbələrimizi də nəzərə almalıyıq. Onların arasında maddi durumu aşağı olanlar var. Rahat olmasa da, vaxtilə daha aşağı büdcəli avtobus əlaqəsi vardı. İndi bu da yoxdur. Xeyli tələbə var ki, maddi duruma görə iki ildən çoxdur evinə gələ bilmir. Yay aylarında da orada qalırlar. Həm ailələri, həm də özləri üçün çox çətin olur. İran ərazisindən keçməklə Naxçıvan yolu da bağlıdır. Bu baxımdan, sərhədlərin bağlı qalması insanlar üçün böyük problemdir”.

Cəmiyyətdə həm də belə bir rəy formalaşıb ki, hökumət sərhədləri bağlı saxlamaqla ölkədən valyuta çıxışının qarşısını alır. Bu mövqeyi hətta bəzi iqtisadçılar da bölüşür. Amma iqtisadçı Vahid Məhərrəmov old.pressklub.az-a açıqlamasında bu fikirlə razılaşmır: “Valyuta o vaxt ölkədən çıxır ki, hər hansı mala, məhsula ehtiyac yaransın. Sahibkarlar və ya adi insanlar qonşu ölkələrə səfər edir, həmin ölkələrdən mal-məhsul alıb gətirirlər. Belə olduqda ölkə əhalisinin tələbatının bir hissəsi ödənilir. Elə də asan deyil ki, Azərbaycandan dolları və ya avronu götürəsən, gedib onu hansısa ölkədə banka qoyasan. Ölkədən çıxarılan hər bir dolların və ya avronun hesabı var”. 

İqtisadçı bildirir ki, valyuta əsasən oliqarxlarda, məmurlardadır. Onlar da istədikləri vaxt istədikləri qədər valyutanı ölkədən çıxara bilirlər və onlara heç bir məhdudiyyət yoxdur. 

Vahid Məhərrəmov eyni zamanda sərhədlərin qapalı qalmasının ölkələr arasında ticarətə mənfi təsir göstərdiyini etiraf edir: “Azərbaycanın sərhəd kəndlərində yaşayanlar qonşu ölkələrdən məhsullar alırdı, onu öz avtomobilləri ilə gətirmək imkanları vardı. Orada müəyyən işlər görə bilərdilər. Amma indi bu imkanlar əllərindən alınıb. Mübadilə olmadan, gediş-gəliş olmadan isə ölkənin iqtisadiyyatı inkişaf edə bilməz. İnsanlar hansısa səbəbdən xaricə çıxmaq üçün mütləq təyyarədən istifadə etməlidirlər. Təyyarələrin də qiyməti yüksəkdir və əhalinin maddi imkanları buna yol vermir. Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlılar öz avtomobilləri ilə gedib-gələ bilirdilərsə, hazırkı vəziyyətdə onların gediş-gəlişi də çətinləşib. Təsəvvür edin, Gürcüstandan avtomobil gətirən şəxs əlavə 400 dollara yaxın vəsait xərcləyir. Özü təyyarə ilə uçmalıdır, avtomobil isə xüsusi avtomobil daşıyan maşınlarla gətirilir. Bakıda da həmin maşına görə müəyyən ödəniş etdikdən sonra təhvil verilir. 

Yaxud, əhalinin bir hissəsi müalicə üçün İrana, bir hissəsi Rusiyaya, bir digər hissəsi də Gürcüstana gedirdi. Qonşu Gürcüstanda Azərbaycana nisbətən dərmanlar 2-3, hətta bəzi dərmanlar 5 dəfə ucuzdur. Eləcə də İranda və Rusiyada da. İndi isə insanlar məcburiyyət qarşısında qalıb həm ərzaq məhsulları, həm dərman preparatları, həm də digər xidmətlər üçün daha çox vəsait xərcləməli olurlar. Uzun müddət belə şəraitdə yaşamaq insanlarda narahatlıq yaradır. İnsanlara bu qədər məhdudiyyət, bu qədər problem yaradılır. Amma yenə də, səbəb ölkədən valyutanı çıxarılmasına məhdudiyyət qoyulması deyil. Bu fikir tamamilə absurddur”.

Bəs onda səbəb nədir? Bəlkə açıq şəkildə deyilməyən, amma insanların öz aralarında danışdıqları təhlükəsizlik problemi? 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl old.pressklub.az-a açıqlamasında bildirib ki, hələ də karantin rejiminin uzadılması ilə bağlı əsaslandırılmış konkret səbəblər göstərilməməsi müxtəlif fikirlərin yaranmasına gətirib çıxarır: “Xüsusi karantin rejiminin tətbiqinin arxasında birmənalı olaraq nə dayandığını söyləmək, hansısa ehtimal irəli sürmək çətindir. Bu rejimin tətbiqinin yolxucu xəstəliklə əlaqələndirmək də mümkün deyil. Təhlükə ehtimalını qonşu dövlətlərlə, sərhədi keçəcək şəxslərlə birbaşa bağlamaq da olmur. Mümkündür ki, qonşu dövlətlərdən biri ilə bağlı nəsə ciddi hadisələr gözlənilib. Ehtimal edilib ki, orada yaşayanlar kütləvi şəkildə sərhəd keçmək istəsinlər və bunun qarşısını almaq məqsədi güdülüb. O da mümkündür ki, təhlükə hələ də aradan qalxmayıb”. 

Əsil səbəblər barədə rəy bildirmək çətindir, yalnız ehtimallar irəli sürülür və ehtimalların da inandırıcılığı şübhəlidir. Azərbaycan Qarabağ kimi ən böyük təhlükəni həll etdiyi üçün, sərhəddə yarana biləcək təhlükəni də dəf etməyə qadirdir. Sadəcə, hiss olunur ki, məsələ silahlı təhlükə deyil, kəşfiyyat, müxtəlif təxribatlar və gizli proseslərlə əlaqədar təhlükə ilə bağlıdır. Dəqiq proqnoz vermək çətindir”, - deyə ekspert fikrini tamamlayıb.

Belə... Heç kim, heç nə bilmir. Biz isə səbəbin necə olmasından asılı olmayaraq, hələ də xüsusi karantin rejimində yaşamağa məhkumuq.  

Ümid ancaq ona qalır ki, 3 ay sonra veriləcək bir sonrakı qərar bizi bitib-tükənməyən bu bəladan xilas edəcək...

Mədinə Useynova