Logo
news content
User
Kateqoriyalar

Analitika

İzdihamlı günlər gəlir: “O bəladan yayınmaq üçün...”
İş və təhsil mövsümünün başlaması Bakı metrosunun da qayğılarını artırıb

“Qatardan düşməyə çalışırdım, bir xala da minmək istəyirdi. Qatarın içi kimi, platforma da tünlük idi. Qatara minən xala qabaqdan, düşən başqa bir xala da məni arxadan itələdi. Aralarında sıxışıb qaldım. Sonra ikisi birdən güc verib, məni sözün həqiqi mənasında çölə tulladılar. 

Əlbəttə, metrodakı sıxlıqdan çox narahat oluram. Hələ o sıxlıqda insanların bir-birinə yol verməməsi, əzib keçməsi daha da çətin vəziyyət yaradır. Ən çox da dərs və iş saatlarının başlaması, yaxud bitməsi vaxtı sıxlıq olur. Tələbəyəm, universitetə gedib-gələrkən metrodan istifadə edirəm və demək olar, əzilib, tapdalanmadığım gün yoxdur. Az qalıb, bir neçə gün sonra yenə başlayır həmin günlər...

Metrodakı sıxlıqdan narazı olan Bakı sakini Asya Müseyibova deyir ki, bu sıxlığın aradan qaldırılması üçün həll yolu tapmaq lazımdır.

“Metrodakı sıxlıq üzündən dəfələrlə təhlükəli hallarla rastlaşmışam. Bu problem məni çox narahat edir və metrodan istifadəmi məhdudlaşdırır. Problemin həlli tezliklə gerçəkləşməlidir. Adi günlərdə sıxlıqla ən çox tələbələrin və işləyən şəxslərin gediş-gəliş zamanı, habelə futbol oyunları, konsert və tədbirlər, bayram günləri kimi əlamətdar zamanlarda da rastlaşıram. Metrodakı sıxlıq artıq hamı üçün adi hala çevrilib. Hətta qatardakı bütün oturacaqlar dolu, ayaq üstdə isə tək-tük insan olanda hər kəs sevinir ki, qatar nə yaxşı boşdur. Bu şərait insanlara həm fiziki, həm də mənəvi ziyan vurur. Ümid edirəm, tezliklə bu izdiham bəlasından qurtularıq”.

Məsələdən narazılığını bildirən digər Bakı sakini Şəbnəm Əfəndizadə də deyir ki, bu problemin həlli ilə bağlı alternativ yollar düşünülməli və icra edilməlidir.

Son zamanlarda, xüsusən də pandemiyadan sonrakı dövrdə digər regionlardakı insanların kütləvi halda Bakıya köçməsi ilə şəhər əhalisinin sayında xeyli artım müşahidə olunub. Əhalinin 70-80 faizinin metrodan istifadə etdiyini düşünsək, bu artımın metroda hansı vəziyyəti yaratdığı aydın olar.

Bakı Metropoliteni yarana vaxt - 1967-ci ildə Azərbaycan əhalisinin sayı 3815.7 nəfər idi. Bunun təxminən 860 min nəfəri Bakıda yaşayırdı. Metro qatarları 5 vaqondan ibarət qurulmuşdu və sərnişinlər qatara rahatlıqla yerləşirdi. Bu gün isə Bakıda, qeyri-rəsmi məlumatlara görə, paytaxtda təxminən 5 milyon insan yaşayır. Əhali 6 dəfə artıb, metro vaqonlarının sayı və platformaların sahəsi isə dəyişməyib. Düzdür, stansiyaların sayı artıb. Hətta son illərdə yeni yaranan stansiyalarda platformanın uzunluğu 5 vaqondan daha artığı üçün nəzərdə tutulub. Lakin qatarların tutumu və vaqon sayı dəyişmir. Beləliklə, sərnişindaşıma qabiliyyəti də artmır. Bəs, belə olan halda, sıxlıq problemi necə həll edilməlidir? Gələcəkdə vaqon sayını artırmaq, eləcə də stansiya platformalarını uzatmaq mümkündürmü?

Mövzu ilə bağlı old.pressklub.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, vaqonların sayının artırılması və platformaların uzadılması texniki cəhətdən mümkün deyil: “Pandemiya dövründə metropoliten fəaliyyətinin dayandırılmasını nəzərə almasaq, son illərdə metroda sərnişindaşıma artan tempdə gedir. Bu ilin aprel ayında metropoliten ənənəvi hərəkət qrafikini bərpa etdi. 2019-cu ildə təxmini 236 milyon sərnişin daşınmışdır. Bu da gündəlik sərnişin daşıma statistikasını 650.000 edir. Düzdür, hazırda sərnişin daşınmasında sıxlıq müşahidə olunur. Texniki cəhətdən mümkün olan maksimal hərəkət qrafiki tətbiq edilir. Yəni, “28 may” və “ Həzi Aslanov” istiqamətində aktiv saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilir. Bu, hazırda tətbiq edilə biləcək ən minimal rəqəmdir. Təbii ki, “28 may”da xətlər birləşdiyinə görə, “İçərişəhər” və “Dərnəgül” istiqamətində intervallar 2 dəfə çox olur. Metropolitenin probleminin təməlində bu dayanır. Vaqon sayı ilə bağlı problem yoxdur. Stansiyaların konkret ölçüləri var. Bu ölçülərin dəyişilməsi qeyri-mümkündür. Platformanın uzadılması inşaat prosesidir. Stansiya sökülüb yenidən yığılmalıdır, çünki platformanın uzadılması daha çox tutumlu vaqonlara hesablanmalıdır. Sərnişin tutumu baxımından hər hansı texniki tədbir görülə bilmir. Bunun üçün də tənzimləmələr fərqli qaydada aparılır. Bu tənzimləmələr platformaların yüklənməsinə, eskalatorların hərəkətinə, vestibül və keçid sahələrinə olan xüsusi diqqətdən ibarətdir. Həmçinin xüsusi sıxlıq olanda sərnişinlərin girişdən stansiyaya buraxılması ilə bağlı tənzimləmələr aparılır”. 

Müsahibimiz Bakı Metropolitenindəki sıxlığın aradan qaldırılması üçün hazırlanan layihədən də söz açıb. O, bildirib ki, hazırda problemin həlli ilə bağlı xətlərin ayrılması məsələsi çox mühümdür. Bu, Bakı metropoliteninin prioritet vəzifələri sırasındadır. Hətta Bakı şəhərinin yeni baş planında nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı metroya önəm verilir: “Metropolitenin konseptual inkişaf sxeminə uyğun olaraq, həmin layihədə məhz xətlərin ayrılması məsələsi nəzərə alınıb. Xətlərin ayrılması hər bir xəttin müstəqil fəaliyyət göstərməsi deməkdir. Ümumiyyətlə, o plana görə, 2 vacib istiqamətdə tədbirlər görülməlidir. Birincisi, xətlərin ayrılması, ikincisi isə gələcəkdə dairəvi xəttin yaradılmasıdır. Xətlərin ayrılması ilə bağlı bu gün “Dərnəgül” stansiyasından sonra 3, “Xətai”dən sonra 4 stansiyanın inşası nəzərdə tutulur və xətlər ayrılacağı üçün” İçərişəhər” stansiyasından sonra 1 , tövsiyə olunan 2 stansiya inşa olunmalıdır. Hər bir xəttin müstəqil təşkili zamanı sonuncu stansiyadan sonra qatarın geri dönə biləcəyi sahə yaradılmalır. Buna “keçid kamerası” deyilir. Bu gün biz “Dərnəgül” və “İçərişəhər” stansiyalarında problem yaşayırıq. Qatar həmin stansiyaya daxil olur və eyni yerdən qayıdaraq, əks yola keçir. Bu da qatarların hərəkət ardıcıllığında problem yaradır. Bakı metrosunun daha səmərəli fəaliyyətinin təmin edilməsi üçün xətlərin ayrılması çox əhəmiyyətlidir”.

Həmsöhbətimiz bəzi yeni xətlərin tikintisinin başa çatmaq üzrə olduğunu deyir: “Bakı metrosunda yaşıl və qırmızı xətlər üçün artıq heç nə etmək olmaz. Bənövşəyi və bundan sonra tikiləcək yeni xətlər üçün 7 vaqonluq qatarlar nəzərdə tutulub. Hazırda bənövşəyi xəttin “Xocasən”dən “8 noyabr”a qədər 4 stansiyası var. Həmin xətdə 7 vaqonluq qatarlar hərəkət edəcək. Yeni xətlərin istismara verilməsi təxminən 2025-ci ilin birinci yarısı üçün nəzərdə tutulur”. 

Bundan əlavə, B. Məmmədov Bakı Metropoliteninin qarşıdan gələn iş mövsümünə hazır olduğunu qeyd etdi: “Təhsil ocaqlarının yerləşdiyi məkanlar üzrə onların bir və ikinci növbələrinə uyğun olaraq qatarların hərəkət cədvəli xüsusi qaydada tənzimlənib. Passiv dövr olan yay fəslinin başa çatması və aktiv dövrün başlanması ilə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün Bakı Metropoliteni mümkün olan ən sıx hərəkət qrafikini təmin edəcək”.

Qarşıdan iş mövsümü gəlir. İşləyənlər və oxuyanlar məşğuliyyətlərinə davam edəcək. Bu da o deməkdir ki, şəhərdə, ən çox da metroda sıxlıq yenidən artacaq. Hər gün metro stansiyalarında izdiham yaranacaq. Kiminin klaustrofobiyası (qapalı yerdə olmaqdan qorxma), kiminin təzyiqi, kiminin də ürəyi tutacaq. Belə insanlar yeraltı nəqliyyat isifadəsindən çəkinsə də, getdikəri yerə gecikməmək üçün öz sağlamlıqlarını riskə atırlar, amma nə fayda... Hərəkətin elə pik vaxtları olur ki, insanlar qapıları zorla bağlanan 2-3 qatarı ard-arda ötürməli olurlar. 

Metrostansiyalardakı sıxlıq insanların yaralı yeridir. Bu haldan narazı olsalar da ondan istifadə etməyə məcbur qalırlar.

Problemin həlli ilə bağlı old.pressklub.az saytına danışan ekspert Ərşad Hüseynov hesab edir ki, stansiyaların sayı artırılmalıdr. 

“Bakı Metropolitenində sıxlığın qarşısını almaq üçün həm metropolitenin, həm də ictimai nəqliyyatın digər növlərinin inkişafına ehtiyac var. Avtobus marşrutlarının və metrostansiyaların intervalının sayını artırmaq lazımdır. Onlar dəqiq qrafiklə işləməlidir. Hazırda platformaları böyütmək xüsusi bir nəticə verməyəcək. Metropolitenin şəbəkəsini genişləndirmək lazımdır. Bakı şəhəri üçün 27 stansiya çox azdır. Dünya ölkələrində Bakı kimi şəhərlərdə stansiya sayı 10 dəfə çoxdur. Bu istiqamətdə işlər görülməlidir. Bakı metrosunun 2 əsas xətti - “28 may” və “Cəfər Cabbarlı” stansiyaları yanaşı olduğuna görə xətlər üst-üstə düşür. Fərqli xətlərlə gedən qatarlar “28 may” və” Cəfər Cabbarlı” stansiyasında eyni relsdən istifadə edirlər. Bu problem həll edilməlidir. Xətlər kəsişməməlidir”. 

Gördüyümüz kimi, mütəxəssislər problemin həllini xətlərin ayrılmasında görür. Lakin plan 2025-ci ildə gerçəkləşəcək. Bu da o deməkdir ki, metropolitendə yaşanan sıxlıq və gərginlik hələ 2 il, bəlkə də daha çox davam edəcək. Bu müddətdə isə ehtiyatlı və səbirli olmaqdan başqa, əlimizdən bir şey gəlməz. 

Yeri gəlmişkən, Sumqayıt və Xırdalan şəhərlərinin, o cümlədən Abşeron rayonunun sakinləri də əksəriyyət etibarilə Bakı metrosundan istifadə edir. Elə Bakı daxilində də metroya ehtiyacı olan bir çox yaşayış yerləri var. Belə yerlərdə yeni metrostansiyalar yaradılsa, həm şəhərdəki, həm də metropolitendəki tıxac azalar. 

Qarşıdan gələn izdihamlı günlərdə bir-birimizi incitməkdən, gərginlikdən çəkinməli, xoşgörülü olmağa çalışmalıyıq. Ümid edək ki, xətlərin ayrılması prosesi bu problemin həllində effektli olacaq.  

Günay Elşən