Logo
news content
User
Kateqoriyalar

Analitika

“İsrail bir addım atsa, Türkiyə iki addım atacaq”

Müəllif: Seymur Həzi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrupu toplantısında yeni mesajlar verib. O deyib ki, 2021-ci ildən ABŞ və Avropa Birliyi ilə münasibətlərdə yeni səhifə açılacaq. Bu bəyanatdan sonra Aralıq dənizindəki mübahisəli sularda üzən “Oruc Rəis” gəmisi geri çağırılıb və Türkiyə tərəfi bildirib ki, Yunanıstanla dialoqa hazırdır. Xatırladaq ki, Yunanıstan məhz “Oruc Rəis” gəmisi mübahisəli sularda olduğu üçün Türkiyə ilə dialoqdan imtina etmişdi.

Bu arada yayılan bir xəbərdə Yunanıstanın müdafiə sənayesinə aid şirkətlərin mühüm hissəsinin İsrail tərəfindən alındığı bildirilir:

“Yunanıstanın Maliyyə nazirliyi ölkənin ən böyük müdafiə sənayesi şirkəti olan ELVO-nun səhmlərinin böyük hissəsinin İsrail konsorsiumuna satıldığını açıqlayıb. Yunanıstan Maliyyə naziri Xristos Staikuras ERT telekanalına açıqlamasında bildirib ki, ölkənin müdafiə sənayesinin yenidən qurulması üçün çalışırıq. ELVO 2014-cü ildə iflasa uğradıqdan sonra zavodları dövlət tərəfindən milliləşdirilməyə başlayıb. Yunanıstan müdafiə sənayesində böyük əhəmiyyətə malik şirkət zirehli texnika istehsalı ilə məşğuldur. Yunanıstan Maliyyə nazirliyinin rəsmiləri ELVO-nun səhmlərinin yüzdə 79-nun İsrail şirkətlərinin qurduğu konsorsiumun nəzarəti altında olacağı, yüzdə 21-nin isə Yunanıstan dövlətində qalacağı barədə məlumat veriblər”.

Başqa bir xəbərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə müşaviri Məsud Haqqı Caşın, uyğun şərtlər olarsa, Türkiyə ilə İsrail arasındakı münasibətlərin martda bərpa edilə biləcəyini bildirib:

“İsrail bir addım atsa, Türkiyə iki addım atacaq. Səfir göndərəcəyik, mart ayına kimi münasibətlər düzələcək. Ərdoğanın müşaviri deyib ki, Türkiyə əvvəllər İsraildən çoxlu silah alıb. Yenidən ala bilər. Biz müdafiə sənayemizi birlikdə gücləndirə bilərik. İsrail böyük həcmdə neft-qaz istehsal edir. Hansı ki, İsraildə 8 milyon insan yaşayır. İsrail bu nefti-qazı hara satacaq? Təbii ki, ən yaxşı variant Türkiyənin üzərindən çəkilən boru xətti ilə Avropa bazarıdır”.

Nə baş verir? Dünya haradan dəyişir?

Bu xəbərlərdən görünür ki, Türkiyə ilə İsrail arasında yaxınlaşmaya dair Əl-Cəzirənin yaydığı məlumat əsassız deyilmiş. Ərdoğanın müşaviri isə açıqlamasında daha dərin qatlara enir: söhbət təkcə diplomatik əlaqələrin qurulmasından deyil, həm də ticarət əlaqələrinin strateji planlamalara daxil edilməsindən gedir.

Yunanıstanın İsraillə yaxınlaşması prosesi də növbəti mərhələsini yaşayır. Burada iki mühüm amil rol oynayır. Birincisi, iqtisadi maraqlar və ikincisi, bölgənin təhlükəsizlik məsələləri. Artıq uzun zamandır ki, ayrıca təhlükəsizlik problemlərinin həllinə cəhdlər tarazlığın tez-tez pozulmasına səbəb olub. Görünür, məhz buna görə həm də iqtisadi bağlantılar yaratmaqla bundan sonra münasibətlərin qalıcı olmasını təmin etmək xətti götürülüb.

Türkiyə-İsrail yaxınlaşmasına Azərbaycanın 44 günlük hərbi əməliyyatları dövründə siyasi koordinasiya üzrə işlər müəyyən şərait yaratdı, bunun ardından Birləşmiş Ştatlar da iki ölkə arasında münasibətlərin istiləşməsində maraqlı olduğunu göstərdi. Türkiyənin ABŞ və AB ilə yeni səhifə açacağını bəyan etməsi isə tablonu tamamlayır.

Aralıq dənizi hövzəsində uzun sürən qeyri-müəyyənlik yekunlaşmaq üzrədir. Bir tərəfdən Türkiyə-İsrail və Türkiyə-Yunanıstan, digər tərəfdən Türkiyə-ABŞ və Türkiyə-AB münasibətlərinin yaxşılaşması əslində “Qərb cəbhəsi”nin  bölgədə yenidən möhkəmlənməsi üçün ciddi təkan ola bilər.

Qarşıda kimlər var?

Aralıq dənizi hövzəsi tək müxtəlif qüvvələrin “görüş yeri” deyil, göründüyü kimi, həm də maraqların kəsişdiyi əsas mərkəzdir. Burada İran, Suriya, Liviya, Türkiyə, İsrail, Yunanıstan ən “qaynar” ölkələr kimi hazırda diqqəti cəlb edir.

Bir neçə il öncəyə qədər bu bölgədə sadəcə “NATO və qeyriləri” bölgüsü var idi. Zaman keçdikcə Türkiyə ilə bəzi digər ölkələrin münasibətləri yeni iddialar və müharibələr fonunda ikitərəfli qaydada pozuldu və nəticədə vəziyyət xeyli mürəkkəb xarakter aldı. Amma bütün bunlarla yanaşı, “Qərb cəbhəsi”nin yeganə rəsmi üzvü kimi, Türkiyə həm Liviyada, həm Suriyada Rusiyanın irəliləməsinə qarşı dirəniş göstərdi. Baxmayaraq ki, ABŞ-la F-35 layihəsindəki anlaşılmazlıqdan sonra Türkiyə hökuməti Rusiyadan S400 raket sistemləri almağa qərar verdi. Yəni, bir nöqtədə yan-yana olan maraqlar, başqa nöqtədə qarşı-qarşıya gəlməklə mürəkkəb mənzərə yaradıb. Ancaq yenidən toparlanma cəhdləri deməyə əsas verir ki, İran və Rusiyanın liderlik etdiyi, Suriyanın da daxil olduğu blok artıq sistemli və rabitəli bir müqavimətlə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyənin Cənubi Qafqazda da son əsrdə ilk dəfə Rusiya ilə qarşı-qarşıya olduğunu gördük. Yeni siyasi bloklaşmada “Qafqaz cəbhəsi”nin taleyinin necə olacağını zamanla görəcəyik. Hər halda Qafqazda siyasət yürüdənlərin niyyəti buna az təsir etməyəcək.