Logo
news content
User
Kateqoriyalar

Analitika

İrəvan təhlükəli oyun oynayır
Ticarət böyüdükcə Ermənistan uzaqlaşır; Rusiya real təzyiq mexanizmlərini işə salacaqmı?

Bu həftə Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib. Gözlənildiyi kimi, bu qərar Rusiyanın kəskin etirazına səbəb olub. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bu narazılığı hədə-qorxu dili ilə “Rusiya Ermənistanı qardaş ölkə sayır və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrarlamayacaq” cümləsi ilə İrəvana çatdırıb.  

Daha əvvəl Moskva müttəfiqlərini bu yoldan çəkindirmək üçün iki ölkənin ticarət dövriyyəsində görünməmiş sürətlə böyüyən ticarət həcmlərini xatırladırdı. 

Məsələn, 1 ay əvvəl - iyunun 25-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk demişdi ki, Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq qərarı qəbul etsə, Rusiya bazarına rüsumdan azad girişini və Moskva tərəfindən verilən digər imtiyazları itirəcək. Bu bəyanat Ermənistanın hökumətyönlü hüquqşünaslarından Arman Yeqoyanın Baş nazir Nikol Paşinyan və onun siyasi komandasının Aİ-yə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirdiyi barədə açıqlaması fonunda səsləndirilmişdi. 

Overçukun sözlərinə görə, Ermənistanın siyasi vektorunun getdikcə daha çox Qərbə meylləndiyini görməzliyə vurmaq mümkün deyil. O, vurğulamışdı ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-biri ilə uyuşmayan birliklərdir:

“Hər hansı bir ölkənin Rusiyaya yaxınlıqdan faydalanması həm də onun bizim təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyi bədəldir. Odur ki, ortaya hər hansı qeyri-regional oyunçuların çıxmasının, əlbəttə, nəticələri olacaq”.

Overçuk bəyan edib ki, Moskva bu məsələdə kiməsə hədiyyə etmək niyyətində deyil.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də ötən həftə xəbərdarlıq etmişdi ki, Ermənistanın Qərbə doğru bundan sonra da meyllənməsinin iqtisadi nəticələri olacaq. Nazir müavini vurğulamışdı ki, bu, Ermənistanın əsas ixrac bazarını itirməsi ilə nəticələnəcək. İrəvanın ötənilki xarici ticarətinin 35 faizi Rusiyanın payına düşür. Avropa İttifaqının payı isə cəmi 13 faizdir.

Rusiya ötən il Ermənistandan 8.4 milyard dollarlıq mal idxal edib. Qeyd edək ki, Ermənistanın Rusiyaya ixracı 2022-ci ildən  - Ukraynaya qarşı müharibədən sonra kəskin sıçrayışla artıb.

Bu günlərdə Şuşada keçirilən beynəlxalq media forumunda Azərbaycan Prezidenti İlham Əliyev də bu qeyri-adi yüksəlişə diqqət çəkmişdi:

“Rusiya ilə Azərbaycan arasında siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Bu, bizə çox maraqlıdır. Maraqlıdır ki, Ermənistan nəyin hesabına öz ixracını bu qədər artıra bilib. Bu, necə deyərlər, ritorik sualdır. Ancaq bizim ticarət dövriyyəmiz son bir ildə təxminən 17 faiz artıb - 4 milyard 300 və ya 4 milyard 400-ə bərabər olub. Bu, sabit artımdır”.

Maraqlıdır, Qərbin Rusiyaya qarşı 14 sanksiya paketi qəbul etdiyi bir şəraitdə iki ölkə arasında sıçrayış edən ticarət həcmləri nə ilə bağlıdır, necə formalaşır?

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində xatırladıb ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi Ukraynada müharibə başlayandan bəri sürətlə artır. Onun sözlərinə görə, bu il rekord həddə artım olub. “Ötən il bu həcm 7.3 milyard dollar idisə, bu ilin 5 ayında artıq 6 milyard dolları keçib. İlin sonuna 12-13 milyard dollara çatacaq”, - ekspert əlavə edib.

Politoloq qeyd edir ki, ticarətdə əsas artım telefon, məişət avadanlıqları məhsullarının Avropa və dünyanın müxtəlif ölkələrindən alınıb, Rusiyaya ixrac edilməsi ilə bağlıdır:

“Ötən ilin sonundan isə qızılın, brilyantın, almazın Ermənistan üzərindən ixracı artmağa başlayıb. Çünki ötən ilin sonunda Avropa İttifaqı 13-cü sanksiya paketini qəbul etməklə qızıl və brilyantın Rusiyadan ixracını qadağan etdi. Müharibə başlayandan sonrakı 2 il ərzində Avropa özü Rusiyadan birbaşa almaz alırdı. 2023-cü ilin noyabrında qadağa qüvvəyə minəndən sonra – dekabrda artıq Ermənistan vasitəsi ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya istiqamətində 5 milyard dollarlıq qızıl və brilyant satışı dövriyyədə olub. Bunu, əlbəttə, Rusiya - Ermənistan ticarət dövriyyəsinə də aid etmək olar”. 

F.Məmmədov ticarət mexanizmini də açıb:

“Brilyant və ya almaz Rusiyadan Ermənistana rüsumsuz daxil olur, çünki Gömrük İttifaqının üzvüdür. Qaydalara görə, Ermənistanda bir ay qalan mallar onun öz məhsulu hesab olunur. Daha sonra bu mallar Ermənistan məhsulları kimi BƏƏ-də və Belçikanın birjalarında satılır. Şirkətlər avro və dollarda baş verən atımdan mənfəətini götürür, daha sonra əsasən Rusiyanın dövlət şirkətlərinə rublla ödəyirlər. Bu əməliyyatlarda Ermənistan şirkətləri yaxşıca qazanır. Bu işlə məşğul olan əsas bir şirkətdir, o da Paşinyanın partiyasından olan Xaçatur Sukiasyana məxsusdur. Bu şirkət ilin sonunda Ermənistanın büdcəsinə ən çox vergi ödəyən şirkət olacaq”. 

Ekspert vurğulayr ki, bütün bu əməliyyatlar Avropa ittifaqı və ABŞ-nin gözü qarşısında baş verir. O, Aİ ə ABŞ-dən sanksiyalarla bağlı Ermənistana səfərlər edildiyini xatırladır. “Sanki onlara yol göstərirlər ki, daha hansı yollarla sanksiyadan yayınıb, pul qazana bilərlər. Çünki Ermənistanda qızıl, brilyantın satışı ilə dövlət şirkəti məşğul idi, bu şirkət ötən il Rusiyanın dövlət şirkəti “Alross”la əməkdaşlığı dayandırdı, amma onun əvəzinə özəl şirkətlər yaradıldı. Sanki Ermənistana şərait yaradılır ki, reeksport apara bilsin və sanksiyalardan yayınmaqda Rusiyaya daha yaxşı partnyor olmaq imkanı qazansın”, - F.Məmmədov vurğulayıb.

Qeyd edək ki, artan ticarət həcminə baxmayaraq, Ermənistan Rusiyanın “qırmızı xətlərini” keçib, Avropa İttifaqı ilə viza sadələşdirilməsinə çalışır. Bu, uzunmüddətli proses olsa da, hiss olunur ki, Aİ yeni “müttəfiqinin” xətrinə daha qısa yolla gedərək, ermənilərə bu imtiyazları vermək istəyir. Sanki Ukraynadakı müharibədən dolayı təzyiq alətləri korşalan Rusiyanın indiki durumundan maksimum faydalanmaq niyyəti var. Peskov, Overçuk, Qaluzin və b. rəsmilərin xəbərdarlıqları Paşinyanı dayandırmaq iqtidarında deyil. Görünür, nə qədər faydalı olsa belə, çiçəklənən ticarəti qayçılamaq lazım gələcək…

Turqut