Logo
news content
User
Kateqoriyalar

Analitika

İrəvan reqlamenti açıqladı: Yeni sənəddə nələr var?
Sərhədlərin dəqiqləşdirilməsi prosesi vüsət götürür, amma...

Sentyabrın 2-də rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətini tənzimləyən əsasnamənin mətnini dərc edib.

Avqustun 30-da imzalanan sənədə əsasən, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası barədə razılığa gəliblər. Lakin bu razılaşmanın yekun olmadığı, sülh müqaviləsi imzalandıqdan sonra prosesin başqa prinsiplər əsasında davam etdirə biləcəyi vurğulanır.

Əgər gələcəkdə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişdə başqa müddəalar nəzərdə tutularsa, o zaman bu fundamental prinsip yuxarıda qeyd olunan sazişdə müəyyən edilmiş prinsiplərə uyğun olacaq”, - Ermənistan hökumətinin dərc etdiyi sənəddə deyilir. 

Reqlament, proseslə bağlı texniki məlumatları və ümumi dili ehtiva edən cəmi 7 maddədən ibarətdir. Məsələn, 4-cü maddə “sərhədlərin optimallaşdırılması” imkanından bəhs edir. Tərəflər həmçinin sərhədyanı yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi, qəbiristanlıqların, mədəni-tarixi irsin, mühəndislik, energetika, nəqliyyat və digər infrastrukturun qorunması məsələlərini də nəzərdən keçirə bilərlər.

Xatırladaq ki, 2024-cü il fevralın 24-də baş nazirin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə komissiyaların 8-ci iclasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Qazax rayonunun Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində olan hissəsinin delimitasiyası və demarkasiyası ilə bağlı razılıq əldə olunub. 

Bu müqavilə əsasında Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal olunmuş 4 kəndi Azərbaycana qaytarılıb və bu kəndlər istiqamətində sərhədin 12,7 kilometrlik hissəsi müəyyən edilib.

Bu saziş həm də iyulun 1-dək sərhəd komissiyalarının sonrakı birgə fəaliyyətini tənzimləyən sənədin işlənib hazırlanmasını və imzalanmasını nəzərdə tuturdu. Sənəd iki ay gec imzalanıb və bununla da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar arasında danışıqların davam etdirilməsi üçün hüquqi baza yaradılıb.

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan jurnalistlərə bildirib ki, reqlament Mher Qriqoryan və Şahin Mustafayev tərəfindən imzalanıb. Ermənistan hökuməti sənədi sentyabrın 5-də keçiriləcək iclasında təsdiqləyəcək və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərəcək. Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sənəd ratifikasiya üçün parlamentə göndəriləcək. Prosesin hər iki tərəfdən sinxron şəkildə aparılacağı gözlənilir.

Əsasnamədəki yuxarıda qeyd olunan (sülh sazişinin qəbulundan sonra proses gələcəkdə başqa prinsiplər üzrə də davam edə bilər – red.) bənd nə deməkdir, gələcəkdə sərhədlərin delimitasiyası və demarkasiyası Alma-Ata Bəyannaməsinə deyil, başqa prinsiplərə əsaslana bilər? Sənəddə sərhədlərin delimitasiyasına hansı ərazidən başlanacağı, hansı sovet xəritəsindən istifadə ediləcəyi göstərilmir. Ermənistanın baş naziri Nikol Paşinyan ötən şənbə günü bildirib ki, bu məsələlər hələ razılaşdırılmayıb.

Erməni kartoqraf Ruben Qalçyan erməni mətbuatına bildirib ki, bu razılaşma o deməkdir ki, sərhəd komissiyaları yerlərdəki vəziyyəti nəzərə alaraq, istifadə olunan son sovet xəritələrindən kənara çıxa bilər.

Əgər məsələn, qəbiristanlıq sərhədin demarkasiyası və çəkilişindən əvvəl salınıbsa, sonra böyüyübsə, o komitənin deməyə haqqı var ki, sərhədi burada bu qədər irəli çəkəcəm, filan nöqtədə bu qədər geri çəkiləcəm”. Yol boyu su, qaz borusu, elektrik kabeli yerin altından keçirsə, o yol başqasının nəzarətində ola bilməz”, - Ruben Qalçyan bildirib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Presskıub.az-şərhində bildirib ki, Qazax bölgəsində 12,7 km sərhədin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında həll edilməsi artıq yekunlaşıb. "Amma, görünür 1000 km-lik sərhədin tam delimitasiyası və demarkasiyasının sonadək yalnız bu bəyannamə əsasında aparılması tərəflərin maraqlarını əks etdirmir", - o əlavə edib.

İ. İsmayıl səbəblərdən biri kimi SSRİ dövründə ərazilərin yalnız dövlət qərarları ilə deyil, bəzən yerli bölgə rəhbərləri tərəfindən müəyyən razılaşmaları əsasında verilməsini göstərir:

"Amma bu yeganə səbəb deyil. Məsələn, Ermənistan tərəf Azərbaycanın guya 2022-ci il 13-14 sentyabrda 150 kv. kilometrdən çox ərazini tutduğunu iddia edir. Delimitasiya edilmiş 12.7 kv.km-lik ərazi Alma-Ata bəyannaməsinə əsaslansa da, 1975-ci il xəritəsi əsasında işlər görüldü. Ona görə də, hesab edirəm ki, “başqa prinsiplər” deyəndə, yalnız məlum bəyannamənin əsas götürülməyəcəyi, dövlətlərarası komissiyanın yerindəcə razılaşma əldə etməsi prinsipi nəzərdə tutulur. Burada yalnız müxtəlif illərin xəritələrindən istifadə edilməsi deyil, qəbiristanlıq, enerji xətləri və digər məsələlərin nəzərə alınıb, komissiyanın konsensusa gəlməsi də tamamilə mümkündür". 

Bəs, Qazax bölgəsindən sonra delimitasiya və demarkasiya işləri sərhədin hansı istiqamətində davam etdirilə bilər? 

Ekspert qeyd edib ki, cəmi 12,7 kv.km.-lik sərhəd Ermənistanda çox narahatlıq yaradan siyasi proseslərə səbəb oldu və bu narahatlıq hələ aradan qalxmayıb:

"Ona görə də, növbəti istiqamət əgər yenidən həssas bölgələrdən, tutaq ki, Göycə, Basarkeçər, Qubadlı və ya Laçın istiqamətində (Qaragöl ətrafı) başlayarsa Ermənistanda Paşinyana əks olan qüvvələr bəhanə kimi yenidən siyasi gərginlik yarada bilərlər. Amma hazırda mübahisə yaratmayan sərhəd zolaqları var və tərəflər məhz bu ərazilərdə delimitasiya işlərinə başlasalar, hesab edirəm ki, sonrakı mərhələdə xüsusi narahatlıq yaranmaya bilər. Yəni razılaşmalar sürətlənər". 

İlham İsmayıl hesab edir ki, burada narahatedici məqam regional güclərin - Rusiya və İranın bu prosesə qarşı təxribatlar törətməsi ehtimalıdır. "Məhz bu təxribatların nəticəsidir ki, iyulun 1-də nəzərdə tutulmuş komissiyaların işi sentyabrın 5-ə qədər uzanıb və bu son vaxt da deyil", - ekspert vurğulayıb.

Turqut