Logo
news content
User
Kateqoriyalar

Analitika

İrəvan Moskva ilə münasibətlərin təhlükəli olduğunu görür...
Ekspert: “Rusiya ilə pis münasibətlər indi daha sərfəlidir və ermənilər bundan istifadə etmək qərarına gəliblər”

Ermənistan hökuməti yaxın həftələrdə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə bağlı qanun layihəsini parlamentə göndərəcək. Bu barədə brifinqdə ölkənin ədliyyə naziri Qriqor Minasyan bildirib.

“Hökumət aparatı yaxın vaxtlarda layihəni göndərəcəyi ilə bağlı açıqlama verib. Düşünürəm ki, bu, bir neçə həftənin məsələsidir”, - deyə o qeyd edib.

Ermənistan Konstitusiya Məhkəməsi bu il martın 24-də qəbul etdiyi qərarda Roma Statutunun ölkə konstitusiyasına zidd olmadığını bildirib və bu, Rusiya tərəfinin mənfi reaksiyasına səbəb olub.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyindəki mənbə TASS agentliyinə verdiyi açıqlamada qeyd edib ki, Rusiya erməni tərəfinə gələcəkdə Roma Statutuna qoşulmalarnın iki ölkə arasında münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyindən onu da əlavə ediblər ki, Moskva Rusiya Federasiyası rəhbərliyinə qarşı həbs orderlərinin verilməsi fonunda İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. 

Öz növbəsində, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan qeyd edib ki, İrəvan Roma Statutunun ratifikasiyası ilə bağlı gələcək fəaliyyətinin Ermənistan-Rusiya strateji münasibətlərinə xələl gətirməməsinə nail ola bilər.

Bəs buna necə nail olmaq olar? Axı, sənədin ratifikasiyasından sonra Ermənistan öz ərazisində peyda olacağı təqdirdə Putini həbs etməyə məcbur olacaq. İrəvanın statutun ratifikasiyası ilə bağlı seçimi onun Rusiya Federasiyası ilə münasibətlərinə necə təsir edəcək? Moskva Ermənistanın Roma Statutuna qoşulmasının qarşısını almaq üçün hansı addımları ata bilər? Onun bunu etmək üçün təsiri və qüvvəsi varmı?

Müstəqil politoloq Xəqani Cəfərli Press Klubun suallarını cavablandırıb.

Onun fikrincə, Nikol Paşinyan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin qərar və hökmlərinin Ermənistanda hüquqi qüvvəsini təmin edəcək Roma Statutunun parlamentdə ratifikasiya etməklə bağlı mövqeyi İrəvanın Moskvadan uzaqlaşmağa başladığından xəbər verir.

“Roma Statutunun parlamentdə ratifikasiyası Rusiya ilə münasibətləri gərginləşdirəcək. Lakin artıq İrəvan bundan narahat deyil. Əksinə, İrəvan Moskva ilə yaxşı münasibətləri özü üçün təhlükə sayır. Ona görə də, hər fürsətdə Rusiya ilə münasibətlərinin gərgin olduğu görüntüsü yaratmağa çalışır.

Ermənistan Rusiyadan istədiyi dəstəyi ala bilmədiyi üçün Moskvaya qəzəblidir. İndi hər kəsə aydındır ki, Rusiya istəsəydi belə, Ermənistanın istədiyi dəstəyi verə bilməzdi. Belə bir vəziyyətdə Rusiya ilə eyni hərbi-siyasi ittifaqda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsilçilik Ermənistan üçün ciddi problemlər yaratmağa başlayıb. Baş nazir Nikol Paşinyan bildirib ki, Qərb dövlətləri Ermənistana silah satmır, çünki o, Rusiyanın müttəfiqidir. Ona görə də Ermənistan hər vasitə ilə Rusiyanın müttəfiqi olmadığını göstərməyə çalışır.

Əslində, Ermənistanın bu yanaşması Rusiyanın digər müttəfiqlərinin siyasətində də hiss olunur. Qazaxıstanın Suriya böhranının həlli üçün Rusiya, Türkiyə və İranın əməkdaşlıq etdiyi “Astana formatı”nın görüşlərini keçirməkdən imtina etməsi bunun ən bariz nümunəsidir.

Rusiyanın bütün müttəfiqləri, o cümlədən Ermənistan Rusiya ilə yaxın münasibətlərin təhlükəli olduğunu açıq şəkildə görür. Əksinə, Rusiya ilə pis münasibətlər indi daha sərfəli olub. Ermənilər də Rusiya ilə münasibətləri pisləşdirib, bundan istifadə etmək qərarına gəliblər”, - deyə Xəqani Cəfərli yekunlaşdırıb.

Rauf Orucov