İrəvan iki od arasında
Ermənistan mütləq KTMT-ni tərk edəcək, hər şey zamana bağlıdır...
12 May 2024
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bir neçə gün öncə bildirib ki, İrəvan bu il “KTMT büdcəsi haqqında” qərara qoşulmaqdan imtina edir. Bununla da, Ermənistan təşkilatın fəaliyyətini maliyyələşdirməni dayandırır.
“Ermənistan 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan geri çəkilir. Eyni zamanda, İrəvan bu qərarın məhdud formatda qəbul edilməsinə etiraz etməyəcək”, - o deyib.
Ermənistan baş naziri Nikol Paşinyan fevral ayında bəyan edib ki, ölkəsinin KTMT-də iştirakı dondurulub. Azərbaycan hərbi əməliyyat keçirərək qondarma “Dağlıq Qarabağ Respublikasını” ləğv etdikdən sonra Paşinyan KTMT-nin bir sıra tədbirlərində, o cümlədən ötən ilin noyabrında Minskdə keçirilən sammitdə iştirak etməyib.
Baş nazir bu ilin mart ayında bildirib ki, təşkilat üzvləri öhdəliklərini yerinə yetirməsələr və Ermənistandakı məsuliyyət zonasını tanımasalar, ölkəsi ümumiyyətlə KTMT-dən çıxacaq. O, əlavə edib ki, Ermənistan KTMT-yə problem yaratmayıb: “Bütün problemlər bizim KTMT-nin Ermənistanda məsuliyyət zonası məsələsini qaldırıb, cavab almamağımızdan sonra yaranıb”.
Ermənistanın bu yeni sərt qərarı KTMT üçün hansı formada başa çata bilər? İrəvan bütün prosesi tədricən bu hərbi ittifaqdan çıxmağa doğru aparır? Ermənistanın ödənişdən imtina qərarı bloka üzv olan digər ölkələrin də təşkilatdan uzaqlaşmağa başlaması üçün siqnal ola bilərmi?
Tanınmış hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinin keçmiş əməkdaşı Azad İsazadə fikirlərini Pressklub.az-la bölüşüb.
“Bəli, Ermənistan çox asta-asta, ehtiyatla, tədricən KTMT-dən uzaqlaşmağa çalışır və buna görə bəzən şübhə yaranır – bəlkə bu oyundur? Bu, Paşinyanın guya getmək istədiyinin nümayişidr? Axı o, həm də eyni zamanda KTMT-nin tərkibində qalır və bu təşkilatı tam tərk etmir. Amma təbii ki, maliyyənin dayandırılması Ermənistanın KTMT-dən uzaqlaşmaq yolunda növbəti addımdır”, - hərbi analitik deyir.
Bununla yanaşı, o hesab edir ki, biz problemin KTMT-də deyil, Ermənistanla Rusiyanın münasibətlərində olduğunu başa düşməliyik. “Aydındır ki, KTMT Moskvanın əsas rol oynadığı hərbi blokdur. Ermənistan isə KTMT-dən azacıq uzaqlaşmaqla siqnal verir - ya siz bizə (o cümlədən Azərbaycanla danışıqlar prosesində) dəstək verirsiniz, ya da biz tamamilə ayrılacağıq.
Düşünmürəm ki, maliyyələşmənin dayandırılması KTMT-nin dağılmasına gətirib çıxaracaq - aydındır ki, əsas maliyyə yükü Rusiyanın üzərinə düşür və Ermənistanın pulları burada xüsusi əhəmiyyət kəsb etmir. Amma əlbəttə ki, bu, xoşagəlməz bir presedentdir. Hazırda təşkilatın digər üzvlərindən heç bir xüsusi reaksiya olmayacaq. Amma münasibətlərin zərrə qədər pisləşməsi halında, əgər KTMT növbəti dəfə hansısa üzv ölkəyə dəstək verməsə (məsələn, bir müddət əvvəl Qırğızıstan və Tacikistan arasında münaqişə olub, blokun üzvləri və KTMT orda özlərini göstərməyiblər, amma Qazaxıstanda kütləvi etirazlar zamanı dərhal qoşun yeridiblər), onda həmin dövlət də presedentdən istifadə edib, ittifaqdan çıxmaq yolunu tuta bilər”, - İsazadə deyir.
Onun fikrincə, Ermənistan bəzi üçüncü ölkələrdən ona təhdid olmadığı barədə ciddi təminat aldıqdan sonra (yeri gəlmişkən, bu, Azərbaycan və Türkiyə ola bilər) KTMT-dən çıxacaq. “Biz hücum etməyi planlaşdırmadığımızı dəfələrlə bəyan etsək də, görünür Ermənistana bizdən başqa hansısa digər təminat lazımdır. İrəvan indi Fransadan ciddi şəkildə təminat axtarır. Amma Ermənistan rəhbərliyi eyni zamanda başa düşür ki, Paris etibarsız müttəfiqə ola bilər. Bu zaman Rusiyanı tərk edən və Fransadan heç nə almayan Ermənistan ümumiyyətlə tək qala bilər. Ona görə də indi iki qütb arasında mövqe tutmağa çalışır”, - ekspert yekunlaşdırıb.
Rauf Orucov