Logo
news content
User
Kateqoriyalar

Analitika

İranda epidemioloji gərginlik və siyasi legitimlik problemi

Müəllif: Şahin Cəfərli

2020-ci il yaxşı başlamadı. Bu ümumiləşdirmə bütün dünyaya aiddir, amma İranı ayrıca qeyd etməyə dəyər. Türkiyəli sosial şəbəkə istifadəçilərinin yaradıcılığının məhsulu olan “Şükür, pis günlər arxada qaldı, amma indi daha pis günlər başlayır” aforizmini İrana şamil etmək indi tam yerinə düşür. 

ABŞ prezidenti Tramp 2018-ci ilin sonlarına yaxın (noyabr) İran iqtisadiyyatının koronar arteriyaları olan neft-kimya, gəmiçilik və bank sektorlarına qarşı sanksiyaları bərpa etdikdən sonra 2019-cu il cənub qonşumuz üçün çox çətin keçdi. Ağır sosial-iqtisadi vəziyyət ötən ilin noyabrında 1500-ə yaxın insanın ölümü ilə nəticələnən qanlı küçə etirazları ilə müşayiət olundu. (Yeri gəlmişkən, həmin aksiyaların fəal iştirakçılarından 3-ü bir neçə gün əvvəl edama məhkum edildi.) 2020-ci ilin əvvəlindən bəri İran üçün bəd xəbərlər bir-birini əvəz edir: yanvarın 3-də İraqda İranın bölgədəki hərbi-kəşfiyyat əməliyyatlarına başçılıq edən general Qasım Süleymani ABŞ ordusunun dron zərbəsi ilə öldürüldü, bu hadisədən bir neçə saat sonra İslam İnqilabı Keşikçiləri Korpusu Tehrandan havaya qalxan, Ukraynaya məxsus sərnişin təyyarəsini raketlə vurdu və əksəriyyəti iranlılar olan 176 nəfər öldü, bu faciəvi səhvin etiraf olunmasından sonra Tehran başda olmaqla, bir sıra şəhərlərdə yenidən etirazlar başladı, Süleymaninin dəfn mərasimində isə 70-dən çox adam can verdi... 

Bütün bunlar azmış kimi, indi də koronavirus bəlası İranın başının üstünü alıb. Son günlər məlum oldu ki, Çində baş qaldıran və Dünya Səhiyyə Təşkilatının Covid-19 adını verdiyi bu virusun ən çox yayıldığı ikinci ölkə məhz İrandır. Bəs, bu qorxuducu həqiqət niyə son günlər ortaya çıxdı? Əsas səbəb budur ki, fevralın 21-də İslami Məşvərət Məclisinə (parlament) seçki keçiriləcəkdi və ali rəhbərlik maraqlı idi ki, iştirak faizi mümkün qədər yüksək olsun. (Bu mövzuya aşağıda qayıdacağıq.) Virus xəbərləri və bunun doğura biləcəyi panika isə seçici fəallığını azalda bilərdi. Bütün cəhdlərə baxmayaraq, seçkidən iki gün əvvəl ölkədə - özü də vilayəti-fəqihin ideoloji mərkəzi olan Qumda koronavirusun yayıldığı və 2 nəfərin öldüyü barədə xəbərləri gizlətmək mümkün olmadı. Rejimin virusun yayılmasını gizlətməsi bizim subyektiv qənaətimiz deyil, informasiyadır. Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Rza Qədir bildirib ki, koronavirusa yoluxanların sayının açıqlanması ilk günlər Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. 

Artıq İranda yüzlərlə adam xəstəxanalarda karantin altına alınıb. Yoluxanların və ölənlərin sayı ilə real vəziyyət arasında uyğunsuzluq şübhə doğurmur. Ölkənin bir çox əyalətində (son məlumata əsasən 14 əyalət) məktəblər tətil edilib, universitet yataqxanaları qapadılıb, insanların kütləvi toplaşdığı tədbirlər – futbol qarşılaşmaları, sənət fəaliyyətləri dayandırılıb. Virus siyasətçilərə də bulaşıb. Tehranın 13-cü rayonunun bələdiyyə sədri Ramazanzadə karantinə alınıb. Gilan əyalətindən seçilən 2 yeni millət vəkilində də virus aşkarlanıb. Son günlər Ramazanzadənin salamlaşdığı adamlardan biri olan Tehran şəhər bələdiyyə sədri Möhsen Haşimi yoluxub-yoluxmadığını öyrənmək üçün analiz verib və evindən çıxmır. M.Haşimi bildirib ki, virus paytaxtda geniş yayılsa, bütövlükdə Tehran karantin zonası elan olunacaq. Əgər M.Haşiminin virusa yoluxduğu müəyyən edilərsə, onda son günlər onun görüşdüyü digər siyasətçi və dövlət adamları da şübhə altında qalacaq. 

Ali dini lider Seyid Əli Xameneinin bu gün Tehranda keçirdiyi görüşdə iştirakçılarla arasındakı məsafənin uzaqlığı diqqət çəkib. Fotodan görünür ki, görüşü tərtib edənlər rəhbərin səhhətinin qayğısına qalıb. Xamenei çıxışında bəyan edib ki, əcnəbi media son aylar İrana qarşı neqativ kampaniya aparmaqla, seçkiyə günlər qalmış isə koronavirus xəbərlərini yaymaqla seçkidə iştirakı azaltmağa çalışıb. 

Biz bu sətirləri yazarkən İran Daxili İşlər Nazirliyi 21 fevral seçkilərində iştirakın neçə faiz olduğunu hələ açıqlamamışdı. İrandan gələn xəbərlər göstərir ki, rəqəmlər ali rəhbərlik üçün ürəkaçan deyil. İslam inqilabından bəri ən aşağı seçici fəallığının qeydə alındığı və 40-42% seçicinin səsverməyə gəldiyi bildirilir - özü də səsvermənin vaxtının 3 dəfə uzadılmasına və gecə saatlarına qədər davam etməsinə rəğmən... Paytaxtda isə rejim üçün daha qanqaraldıcı rəqəm qeydə alınıb – 27%. Bundan əvvəl ölkə üzrə ən aşağı göstərici 2014-cü il seçkilərində (51%), Tehranda ən aşağı göstərici isə 2008-ci il seçkilərində (35%) qeydə alınmışdı. Rəsmi dairələr seçkidən əvvəl vətəndaşları seçkiyə gətirmək üçün çox çalışdı. Bu, ona görə lazım idi ki, xalq-rəhbər vəhdəti və sistemin legitimliyi bütün dünyaya nümayiş etdirilsin. Lakin alınmadı. Məşhəd imam-cüməsi və ali rəhbərin təmsilçisi Mehdi Aləməlxuda deyib ki, seçkidə iştirak etməyənlər müsəlman deyil. Bu fikir yuxarılarda olan xəyal qırıqlığını və qəzəbi göstərir. Amma bu nəticənin ortaya çıxmasında əsas səbəbkar elə mövcud sistemin özüdür. Belə ki, İranda seçki prosesi Şurayi Negahban adlanan (Konstitusiyanın Mühafizəsi Şurası) konstitusion orqanın ciddi nəzarəti altındadır. Bu qurumun xeyir-duasını almayan namizəd seçkidə iştirak edə bilməz. Şuranın 12 üzvündən yarısı ali dini lider tərəfindən təyin olunan fəqihlər (ayətullahlar), digər yarısı isə məhkəmə sistemi başçısının təqdimatı ilə parlament tərəfindən təyin olunan hüquqşünaslardan ibarətdir. Məhkəmə sisteminin başçısını da ali rəhbər təyin etdiyi üçün Konstitusiyanın Mühafizəsi Şurası tamamilə Xameneinin nəzarəti altındadır. 

Şurayi Negahban bu seçkidə namizəd olmaq istəyənlərin təxminən yarısını (7900 nəfər) seçkiyə buraxmadı. Diskvalifikasiya edilənlərin əksəriyyəti islahatçı qanada mənsub siyasətçilərdir. Koronavirus qorxusu bəlkə də bəzi vətəndaşları seçki məntəqəsinə getməkdən çəkindirib, amma əsas səbəb siyasi xarakterlidir: islahatçı namizədlər seçkiyə buraxılmadığı üçün onların seçicilərinin boykotu və ümumən ölkədə artan narazılıq... İlkin nəticələr də göstərir ki, yeni parlamentdə mühafizəkarların böyük ağırlığı olacaq. Artıq İran elə bir mərhələyə gəlib çatıb ki, sistemdaxili müxalifətə də dözüm göstərilmir və onlara güvənilmir. Bu tablonun cəmiyyətdə gərginliyi və qütbləşdirməni daha da artıracağını söyləmək olar. Yeni İslami Məşvərət Məclisinin legitimliyi şübhəlidir, bu isə sistemin böhranını dərinləşdirəcək.