İran yenə “siqnal” göndərir
Moskva Tehranın xəbərdarlıqlarını görəcəkmi?
18 Sentyabr 2024
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Maleki artıq ikinci dəfə Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edib. “Mehr” xəbər verir ki, o, Rusiyanın bu dəhlizlə bağlı iddialarının qəbuledilməz olduğunu bildirib.
Parlamentin bazar günü keçirilən açıq iclasında çıxış edən Fəda Hüseyn Maleki bildirib ki, Rusiya rəsmiləri bu yaxınlarda Zəngəzur dəhlizi ilə bağlı iddia qaldırıblar və bu iddia İran xalqı və parlamenti üçün qəbuledilməz olduğundan, Xarici İşlər Nazirliyi Rusiya tərəfinə sərt xəbərdarlıq etməlidir.
O, xatırladıb ki, İran Ukraynadakı müharibədə Rusiyanın tərəfini tutmaqda ittiham olunur. Malekinin sözlərinə görə, buna baxmayaraq ruslar İranın üç adasını (Böyük və Kiçik Tunbs və Əbu Musa) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid olduğunu hesab edir və İran üçün qəbuledilməz olan Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər.
Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü əlavə edib ki, bundan başqa, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu da İran üçün qəbuledilməz olduğundan Moskvaya xəbərdarlıq edilməlidir.
Maraqlıdır, deputatın bu inadkarlığı nə ilə bağlıdır? Görünür, İran hakimiyyəti öz narazılığını Moskvaya məhz bu deputat vasitəsilə çatdırmaq qərarına gəlib. Bəs Tehran Kremldən konkret olaraq nəyə nail olmaq istəyir?
Pressklub.az-ın suallarını Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov cavablandırıb.
Onun fikrincə, rəsmi Tehran hesab edir ki, Rusiyanın Zəngəzurdan keçən kommunikasiya xəttinə nəzarəti İranın Ermənistandan Gürcüstana və oradan da xarici dünyaya çıxmaq imkanının üzərindən xətt çəkəcək.
“Konkret olaraq bu vəziyyətə gəlincə, mənə elə gəlir ki, İran regionda yalnız coğrafi qonşusu olan qüvvələrin fəallıq göstərməli olduğu fikrini müdafiə edir. Hesab edir ki, coğrafi qonşular heç bir qüvvəni istisna etmədən, konsensus əsasında qərar verməlidirlər. Məsələn, 2020-ci ildə Ermənistanla Azərbaycan arasında müharibə başa çatandan sonra problemlər həll olunan zaman İranın düşdüyü vəziyyət onu qətiyyən qane etmir. O zaman Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan müharibədən sonrakı məsələləri özləri həll edərək, İranı heç bir şəkildə bu məsələyə qatılmağa qoymadılar”, - alim xatırladıb.
Onun sözlərinə görə, Tehran yenidən regional proseslərə təsir imkanlarından məhrum ola və bütün qərarların (təkcə indiki deyil, sonrakı qərarlarında) onun iştirakı olmadan verilə biləcəyini başa düşür. “İranın artıq beynəlxalq sanksiyalar altında olduğu bir vəziyyətdə regionda dost adlandırdığı qüvvələrin onu qərar qəbul etmək imkanından məhrum etməsi isə xüsusilə pis olacaq. Yəni, İran istənilən halda Cənubi Qafqazda öz əhəmiyyətini artırmaq niyyətindədir. Yaxud, regiona təsir uğrunda mübarizədə özünün iştirakını digər iştirakçılarla müqayisədə bərabər səviyyəyə qaldırmaq istəyir. Ona görə də, Tehranın iştirakı olmadan qəbul edilən istənilən məsələnin onun tərəfindən bu və ya digər şəkildə mübahisə predmetinə çevrilməsi təbiidir”, - Abbasov hesab edir.
Rauf Orucov