Logo
news content
User
Kateqoriyalar

Analitika

İran: Üç mümkün ssenari
Ekspert: Pezeşkianın başçılıq etdiyi islahatçıların şansı azdır, çünki onlar azlıqdadır

Son günlər İranda daxili vəziyyət kəskin şəkildə gərginləşib. Bunun əsas səbəbi ölkə miqyasında geniş vüsət alan anti-hökumət etirazlarıdır.

KİV-in yaydığı məlumatlara görə, etiraz aksiyaları ölkənin bütün 31 vilayətini və 180-dən artıq şəhəri əhatə edib. Aksiyalar dərin iqtisadi böhran və mövcud rejimdən artan narazılıq fonunda baş verir.

Məlumatlara əsasən, son günlər ərzində ölənlərin sayı yüzlərlədir. Müxtəlif mənbələr bu rəqəmin 500 nəfərdən 1000 nəfərə qədər olduğunu bildirir. Minlərlə insan saxlanılıb. Hakimiyyət isə rəsmi olaraq təhlükəsizlik qüvvələrinin 100-dən artıq əməkdaşının həlak olduğunu iddia edir.

Etirazçılar arasında əlaqəni çətinləşdirmək məqsədilə ölkədə artıq 90 saatdan çoxdur ki, ümumi “internet blokadası” tətbiq olunub.

Ali dini lider Əli Xamenei etirazçıları “terrorçular” və “muzdlular” adlandıraraq, faktiki olaraq iğtişaşların yatırılması üçün döyüş silahlarından istifadəyə yaşıl işıq yandırıb. Ordu isə “xarici müdaxiləyə” qarşı milli maraqları qorumağa hazır olduğunu bəyan edib.

Etirazlar fonunda ABŞ və İsrailin mümkün hərbi müdaxilə variantlarını nəzərdən keçirdiyi bildirilir. İran parlamentinin spikeri xəbərdarlıq edib ki, hücum baş verərsə, ABŞ bazaları və İsrail ərazisi cavab zərbələri üçün “qanuni hədəf” olacaq.

Məlumdur ki, 2025-ci ildən etibarən İrana qarşı BMT-nin bərpa edilmiş sanksiyaları qüvvədədir və bu, ölkə iqtisadiyyatına ciddi təzyiq göstərməkdə davam edir. İqtisadi vəziyyət kritik olaraq qalır: milli valyutanın kəskin dəyərdən düşməsi və yüksək inflyasiya hazırkı üsyanın əsas katalizatorlarına çevrilib. Qarışıqlıqlar səbəbindən bazarlar bağlanır, o cümlədən Tehranın əsas bazarı fəaliyyətini dayandırıb.

Artıq təxminən iki həftədir davam edən bu etirazlar necə qiymətləndirilməlidir? Onlar hansı nəticələrə gətirib çıxara bilər? Bu proseslərin regionumuza, xüsusilə Azərbaycana mümkün təsiri necə ola bilər?

Pressklub.az-ın suallarını tanınmış politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Çingiz Məmmədov cavablandırıb.

Onun sözlərinə görə, hazırda məlumat çatışmazlığı açıq şəkildə hiss olunur. Çünki son bir neçə gündə İranda internet tamamilə kəsilib və bu da baş verənlərlə bağlı dolğun və etibarlı informasiya əldə etməyi ciddi şəkildə məhdudlaşdırır. “Bununla belə, mövcud vəziyyətin inkişafı ilə bağlı üç əsas ssenarini qeyd etmək mümkündür.

Birinci və ən real ssenari ondan ibarətdir ki, indiyədək gücdən məhdud şəkildə istifadə edən hakimiyyət etirazların tam güc yolu ilə yatırılmasına keçə bilər. Bu ssenari ən inandırıcı variant hesab olunur. Çünki etirazların coğrafiyası geniş olsa da, onlar hələlik nə 2009-cu ildəki hadisələrin, nə də 2022-ci ildə “baş örtüyünü düzgün taxmadığına” görə öldürülən Məsha Əminin ilə bağlı başlayan aksiyaların miqyasına çatmayıb. Hakimiyyət dini elitaya və faktiki olaraq “dövlət daxilində dövlət” sayılan, nəhəng resurslara malik İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) arxalanaraq öz daxili birliyini qoruyur.

İkinci ssenari o halda mümkündür ki, hakimiyyətin güc tətbiqi əks reaksiya doğursun və indiyədək səssiz narazılıq göstərən təbəqnin də prosesə qoşulması ilə etirazlar kütləvi xarakter alsın. Artıq müşahidə olunur ki, fars millətçiləri sonuncu şahın oğlunun hakimiyyətə qayıdışı şüarları ilə çıxış etməyə başlayıblar. Söhbət hələ hakimiyyətə gəlməmişdən əvvəl özünü “Cavid şah” elan etmiş Rza Pəhləvidən gedir. Onu dəstəkləyənlər arasında aşağıdakı qruplar var:

– İranın məhz mərkəzləşdirilmiş fars dövləti kimi qorunmasını prioritet sayanlar;
– İranın zəifləməsində maraqlı olan, lakin eyni zamanda onu saxlayaraq Səudiyyə Ərəbistanına, Türkiyəyə, hətta Azərbaycana qarşı alət kimi istifadə etmək istəyən müəyyən Qərb dairələri;
– Əli Xameneinin ətrafındakı “dərin dövlət” daxilində mövcud rejimin mümkün məğlubiyyətini görən və İranın fars dövləti kimi saxlanmasını istəyən müəyyən qüvvələr.

Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, Pəhləvinin hakimiyyətə gəlişi qeyri-fars etnik qruplar, ilk növbədə isə azərbaycanlılar arasında ciddi narazılıq yaradacaq. Bu halda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq xeyli çətin olacaq”, – politoloq deyir

Ekspertin fikrincə, üçüncü ssenari ən az ehtimal olunan, lakin İran xalqı və onun qonşuları, xüsusilə də Azərbaycan üçün ən arzuolunan variantdır. Bu, islahatların davam etdirilməsi yoludur. “Bu islahatlar real hakimiyyətin mövcud dini elita və onunla birlikdə hərəkət edən SEPAH-dan mülki hakimiyyətə – prezident administrasiyasına ötürülməsini nəzərdə tutmalıdır.

Belə bir ssenari ölkə daxilində – iqtisadiyyatda və sosial sahədə, eləcə də beynəlxalq münasibətlərdə, sanksiyalar səbəbindən zədələnmiş ölkə imicinin bərpasında müsbət dəyişikliklərə gətirib çıxara bilər. Bu, sanksiyaların ləğvinə də kömək edə bilər. Halbuki sanksiyalar İranın “İslam inqilabının ixracı” siyasətinin nəticəsidir və Tehran bu siyasətə, təxminən, bir trilyon dollara yaxın vəsait xərcləyib. Lakin Pezeşkianın başçılıq etdiyi islahatçıların şansı yüksək deyil. Çünki onlar azlıq təşkil edir və azad mətbuatın, siyasi partiyaların olmadığı bir şəraitdə mühafizəkarların və SEPAH-ın ciddi müqaviməti ilə üzləşirlər”, – Çingiz Məmmədov yekunlaşdırıb.

Rauf Orucov