Logo
news content
User
Kateqoriyalar

Analitika

İnterneti olmayan şagirdlərin imtahan problemi

Ötən ilin mart ayından məktəblərdə dərslər distant formada davam edir. Sentyabrda bir sıra siniflərin ənənəvi təhsilə geri dönməsinə baxmayaraq, daha sonra koronavirusa yoluxanların sırasında müəllim və şagirdlərin də olması məktəblərin yenidən qapanmaya getməsinə səbəb oldu.

İndi isə imtahan sessiyaları başlayıb. Sürətli internetin olmaması səbəbindən distant imtahan verə bilməyən məktəblilər ənənəvi qaydada məktəblərdə imtahan verə biləcəklər. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Sual yaranır: əgər interneti olmayan məktəblilər varsa, deməli, onlar indiyə kimi online dərslərə də qoşula bilməyib. Əgər belədirsə, həmin məktəblilər necə imtahan verəcəklər?

Sualımızı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov cavablandırdı.

İsrafilov bildirdi ki, distant təhsilin tətbiqi və onlayn rejimə keçidlə bağlı bu tədris yarımilində kiçik summativlərin keçirilməməsi, yalnız böyük summativ qiymətləndirmənin aparılması barədə genış müzakirələr olub, qiymət yox, öyrənmə əsas götürülərək, dekabr ayında şagirdlərin təkcə bilik göstəricilərini deyil, elektron sistemin imkanlarını da dəyərləndirmək məqsədilə milli qiymətləndirmə aparılıb:

“Tədqiqat xarakterli qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi olub. Son nəticə kimi, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib ki, bu da karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması məsələlərini tənzimləyir”.

İsrafilov qeyd etdi ki, maarifləndirmə məqsədilə karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə Təhsil Nazirliyinin "Facebook" səhifəsi üzərindən canlı müzakirələr keçirilib, yerlərə müvafiq təlimatlar göndərilib.

Ekspert xatırlatdı ki, qaydaya görə, təhsilalan summativ qiymətləndirmədə üzürlü səbəbdən (tibbi arayış təqdim edildikdə, bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur:

“O ki qaldı nəticənin qənaedici olub-olmayacağına, istəsək də, istəməsək də, vəziyyətdən asılı olaraq məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydalarının tələblərini qəbul etməliyik və bunun keyfiyyətə təsiri ilə bağlı hər hansı  mübahisələndirməyə ehtiyac görmürəm. Nazirin də etiraf etdiyi kimi, təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir”.

Ülviyyə Şahin