İnternet kəskin bahalaşır: “Bu, ağlasığmazdır”
İnhisarçılar açıq-aşkar əhalini soymağa çalışır, antiinhisar qurumu açıqlama yaydı
14 Avqust 2024
Avqustun 15-dən etibarən Azərbaycanda internetin qiyməti 40 faiz bahalaşdırılır. Bu barədə hələ ötən ayın sonlarında ölkənin internet xidməti bazarında böyük paya malik olan “Aztelekom” MMC və “Baktelekom” MMC birgə məlumat yaymışdı. İnhisarçı şirkətlərin əldə etdiyi razılaşmaya görə, həmin tarixdən internet paketinin minimum aylıq qiyməti 40 Mbit/s üçün 18 manatdan 100 Mbit/s üçün 25 manata qaldırılacaq.
Şirkətlər qiymətləri qaldırmış digər inhisarçı dövlət qurumlarının praktikasına müraciət ediblər: keyfiyyət yaxşılaşır, qiymətlər əslində ucuzlaşır. Adıçəkilən qurumların izahatında qeyd olunur ki, internetin sürəti 2,5 dəfə artırılacağı üçün qiymət ucuzlaşmış sayılır və bununla da Mbit/s-nin qiyməti 45 qəpikdən 25 qəpiyə enəcək.
Amma nə “Aztelekom” MMC, nə də “Baktelekom” MMC aydınlıq gətirməyiblər ki, yüksək trafik sürətini təmin edəcək texniki imkanlara malikdirlər, ya yox... Beləliklə, Azərbaycanda internetin aylıq ödənişi minimum 25 manatdan başlayacaq. Bu tarixə qədər sözügedən paketin dəyəri 15-18 manat təşkil edirdi.
Qeyd edək ki, qiymət, sürət və internet azadlığına görə Azərbaycanın reytinqi dəyişkəndir. Məsələn, qiymət dünya ölkələri ilə müqayisədə baha deyil, Böyük Britaniyanın “Cable” şirkəti genişzolaqlı internetə çıxış qiymətləri ilə bağlı tərtib etdiyi reytinq cədvəlində 219 ölkə arasında Azərbaycan 14-cü yerdə qərarlaşıb. Azərbaycan bu göstərici ilə Cənubi Qafqaz regionunda liderdir. Belə ki, Gürcüstan reytinqdə 19-cu (paketin dəyəri 13,49 ABŞ dollardır), Ermənistan isə 29-cu (16,84 ABŞ dolları) yerdədir. Bu, indiki tariflərlə belədir, 40 fazilik bahalıqdan sonra siyahıda əhəmiyyətli “irəliləyiş” əldə olunacağı, Cənubi Qafqazda birinciliyi əldə edəcəymiz şübhə doğurmur.
İnternetin sürətinə gəlincə, “Cable” şirkəti ötən il Azərbaycanın 220 ölkə arasında 10 Mbps ilə 171-ci yerdə qərarlaşdığını açıqlayıb. Reytinqə əsasən MDB ölkələrində orta sürət 22,92-dir. Regionda genişzolaqlı internetin sürətinə görə ən yaxşı ölkələr Rusiya, Ukrayna və Belarusdur. Türkmənistan və Tacikistan internetin sürətinə görə yavaş ölkələr arasındadır.
İnhisarçı şirkətlər avqustun 15-dən 100 Mbit/s internet vəd etsələr də bu süərti fasiləsiuz, keyfiyyətli şəkildə əhaliyə çatdıracaqları inandırıcı deyil. Qeyd olunduğu kimi, “Aztelekom” MMC və “Baktelekom” MMC bununla bağlı ictimaiyyətə məlumat təqdim etməyiblər.
İnternet azadlığının səviyyəsi də bərbaddır. "Freedom House" insan haqları təşkilatının "İnternet Azadlığı 2023" adlı hesabatında Azərbaycan yenə də interneti azad olmayan ölkələrin yanında yer alıb. Məhdudlaşdırmalar sırasında sosial media platformalarının, siyasi, sosial və dini kontentli vebsaytların bloklanması, hökumətyönlü şərhçilərin onlayn platformalarda diskussiyaları manipulyasiya etməsi göstərilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bəyan edib ki, həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. “Ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq, 9 faizdən 92 faizə yüksəlib”, - məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, artıq ölkənin 30 rayonunda 90 faizdən çox, 23 rayonunda 70-90 faiz arası və digərlərində isə 65 faizə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də nazirliyin məlumatını təsdiqləyir, deyir ki, ölkə boyu keyfiyyətli internet xidmətlərinə əlçatanlıq müsbət istiqamətdə kəskin dəyişib. Onun sözlərinə görə, on illər boyu həllini gözləyən bu problemi RİNN cəmi 3 il ərzində, öz daxili resursları ilə həll edə bilib. “Artıq ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq səviyyəsi 90%-dən çoxdur”, - o əlavə edib.
“Aztelekom” MMC və “Baktelekom” MMC-nin kəskin qiymət artımı qərarını tənqid edən ekspert əvvəlcə bahalaşmanın xronologiyasına diqqət çəkir:
2022-ci ilədək olan dövr:
4 Mbit/s - 10 manat
10 Mbit/s - 12.5 manat
2022:
15 Mbit/s - 15 manat
30 Mbit/s - 18 manat
2023:
40 Mbit/s – 18 manat
2024, 15 avqust:
100 Mbit/s - 25 manat.
Ekspert hesab edir ki, nazirliyin operatorlarının indiki atdığı addımlar, infrastruktur qurulan anda ağına-bozuna, tələbata baxmadan, hansısa dünya reytinqində irəliləmək xatirinə tarif siyasəti tətbiq etmək sadəcə ağlasığmazdır. “Cənablar, bu, heç bir halda doğru yanaşma deyil!”- Gündüz hökumət rəsmilərinə çağırış edib
O, xatırladır k, rəsmi statistikaya görə də ölkə əhalisinn təxminən yarısı kəndlərdə yaşayır: “Biz bir daha hökumətə müraciət edirik. Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək. İmkan verək ki kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər.
Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumət min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əıldə etsin, nəhayət regionlar da inkişaf etsin onda gəlin heç olmasa bir müddət kəndlərdə minimal internet tariflərinə toxunmayaq. Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın. Az da olsa inanmaq istərdim ki, o nəhənglikdə Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda bilər, heç olmasa, bu təkliflərə diqqət yetirə bilərlər”.
Osman Gündüz hesab edir ki, regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir:
“Regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib, bu internet sürətini əldə edirdi. Ötən ildən “Aztelekom” bu minimal sürəti 50 % qaldırıb 18 manat (40 Mbit/s) etmişdi.
İndi isə “Aztelekom” yenidən bu minimal tarifi 40% qaldıraraq, 25 manat etməyi düşünür.
Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zəruri olan internetin qiyməti son iki ildə toplam 100% qalxıb. Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir”.
Ekspert Antiinhisar qurumlarına və İKTA-ya müraciət edərək, bahalaşmaya müdaxilə etməyə çağırıb:
“Sizin gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi 2 dəfə qaldırıb. Istehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. “Aztelekom” da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır
Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir?”
O.Gündüz proqnozlaşdırır ki, bahalaşmanın ciddi mənfi təsirləri olacaq:
“Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq;
Regionların və kəndlərdə rəqəmsal transformasiya ləngiyəcək;
Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq;
Antiinhisar və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görsənəcək və s”.
Günün sonunda məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən gözlənilən açıqlama gəlib. “Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur”, - qurum bildirir.
Qeyd olunur ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir: “Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”.
Məlumatda vurğulanır ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb:
“Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasını şərh edən Osman Gündüz hesab edir ki, bu xəmir hələ çox su aparacaq: “Nəsə demək çətindir, amma güman ki, kosmetik yumşalma ola bilər”.
Turqut