Logo
news content
User
Kateqoriyalar

Analitika

İnsanı öldürən virus insanlığı xilas edə biləcəkmi?

Müəllif: Arif Əliyev

O, şahzadə-dilənçi, qadın-kişi, xristian-müsəlman-bütpərəst tanımır. Ən qüdrətli dövlətləri qınına çəkilməyə, sərhədlərini qıfıllamağa məcbur edir. Koronavirus insanları da evlərinə salıb, küçələrə it-pişiklər yiyəlik edir. Ölkələr daha tutmağa ərazi, adamlar talamağa sərvət axtarmırlar. Hərə öz damının altında olanına şükür deyir. Bu vurhavurun, bu çal-çapın axırında nəsə belə bir şey baş verməli idi.

Mən elmin qüdrətinə inanıram, onun virusun təbiətinə və sürətlə yayılma səbəblərinə verdiyi izahı qəbul edirəm. Amma kimsəsiz küçələrə, xəstəxanalara çevrilmiş otellərə, fəlakətdən qaçanları daşıyan təyyarələrə baxanda, dərman və ərzaq satan mağazalardan başqa bütün ticarət zallarını ya qapalı, ya boş görəndə ağlımdan özgə fikirlər də keçir.

Bəşəriyyət ilkin tələbatlar və dəyərlər səviyyəsinə qayıdır. İnsanlar sağlamlığını, evini, yaxınlarını qorumağa çalışır, ictimai yerlərdə ədəbli davranmağı, təmizliyə riayət etməyi öyrənirlər. Əl yumağa, haranı gəldi zibilləməməyə, yerə tüpürməməyə, adamın sifətinə asqırıb-öskürməməyə, bir tərli köynəkdə üç gün gəzməməyə, növbədə qarşıdakıların belinə minməməyə alışırlar. Əvvəllər həftələrlə yada salmadıqları qocalarına vaxt ayırırlar, övlad-nəvə üzü görürlər.

Nəinki ədəbdən uzaqlaşanlar, “atəş savuran kinli krallar”, dövlətlər də mənəviyyat və mədəniyyət qayğısı çəkməli olurlar. XXI əsrdə ilk dəfədir ki, səhiyyə xərcləri hərbi xərcləri üstələyir. Sələmçilik mərəzinə tutulmuş banklar faiz dərəcələrini sıfıra endirir. Gecə barları, fahişəxanalar, kazinolar, qəlyanxanalar bağlanır, narkotiklərin açıq satışına qadağalar qaytarılır, həbsxanalarda intizam yaradılır. Evsiz-eşiksizlər, hətta indiyədək sənədsiz yaşayan adamlar yada düşür, tənha qocalara yardım göstərilir, yaşlılara ehtiram tələb olunur. Axır ki, təhsilə də fikir verilir: onlayn dərslər keçilir, uşaqların canı savadsız müəllimlərdən, rüşvətxor direktorlardan qurtarır. Çal-çağırı qulaq batıran televiziyalar maarıfləndirici proqramlar, sosial çarxlar nümayiş etdirirlər. Diqqət yetirmisinizsə, elə bil, sosial şəbəkələrdə də gic-gic selfilər azalıb: camaat özündən çox koronavirusun şəkillərini paylaşır.

İllərdir qlobal istiləşmənin, ekoloji çirklənmənin törətdiyi və törədə biləcəyi fəlakətlərdən danışılır, dövlət başçıları sammitlərə yığışır, müqavilələr bağlayır, sonra onları pozurlar. Bu sammitlərə milyardlar xərclənir, təbiət isə təmizlənmir ki, təmizlənmir. Eşitmisinizmi, koronavirusun həmin dövlətləri karantinə göndərdiyi aylar ərzində Çinin səmasından tüstü-duman çəkilib, Venetsiya kanallarında balıqlar əmələ gəlib, delfinlər və nadir quşlar turistlərin onları qovduqları ərazilərdə görünməyə başlayıb. 2019-cu ildə dünyanı bürümüş nəhəng yanğınlar, daşqınlar, zəlzələlər insanlığı xəbərdar etmək üçün bəs olmamışdı. Çünki əksəriyyət bu fəlakətlərin acısını yaşamamışdı. Gözəgörünməz  virus qorxusunu isə 7,7 milyarddan hər kəs içində gəzdirir...

Pandemiyanın daha geniş yayıldığı ölkələrdən birindən dostum yazır ki, dünya nə qədər yeni texnologiyalara səcdə etsə də, kritik vəziyyətlərdə bəşəriyyət nicatını süni intellektdən və robotlardan deyil, Allahdan gözləyir. Onun yasaq bildiyi əməllərdən çəkinir, qadağan etdiyi heyvanları yemir. Və əgər bunu adətə çevirməsə, Yer kürəsini elə bizim əsrdə faciə gözləyir. Yer kürəsi isə insanların onu xilas etməyə çalışmaq əvəzinə, hər yanı batırdıqdan sonra köçüb getməyə başqa planet axtardıqlarını görür. Buna görə də özünü müdafiə üçün üsullar yaradır – hamını evlərə yığır.

Koronavirus xəstə planetin onu və bir-birlərini amansız istismar edən təkəbbürlü insanlara göndərdiyi ilk xəbərdarlıq deyil. Dara düşəndə hamı həmrəyliyə, məsuliyyətə, mərhəmətə, qayğıkeşliyə çağırır, tikəsini bölüşür. Genliyə çıxan kimi deyilən sözlər unudulur, zəif güclünün çörəyini qapır, boşalan həbsxanalar doldurulur, səngiyən döyüşlər qızışır...

Nə qədər ki, karantindəyik, evlərdə oturaq, əvvəl düşüncələrimizdə, sonra həyatımızda qayda yaradaq. Üzümüzə açılan yeni dünyaya qədəm qoyanda isə gələcəyimiz naminə onu qorumaq öhdəliyini yaddan çıxarmayaq. Nə insanlar Allahına, nə hökumətlər xalqına verdiyi vədləri unutmasın.