Logo
news content
User
Kateqoriyalar

Analitika

“İndi Ermənistanla iki məsələni həll etməliyik…”
Ekspert: “Naxçıvana gedən yolun statusu Ermənistandan Xankəndinə gedən yolun statusu ilə eyni ola bilməz”

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edərkən telekanallara müsahibəsində Blinken və Paşinyanla keçirdiyi danışıqlarla bağlı sualları cavablandırıb. O, deyib: “Əgər söhbət sərhədlərin delimitasiyasından gedirsə, o zaman nəzarət-buraxılış məntəqələri Zəngəzur dəhlizinin hər iki tərəfində, eləcə də Laçın rayonu ilə Ermənistan sərhədində yaradılmalıdır”.

Dövlət başçısı bu mövzuya ilk dəfə toxunmur. O, hələ keçən il erməni tərəfinə açıq mesaj verərək demişdi ki, dəhlizlərə nəzarət məsələsi yalnız “güzgü” prinsipi əsasında həll oluna bilər. Zəngəzur dəhlizinin hər iki tərəfində gömrük-sərhəd keçid məntəqələri qoymaq istəyirsiniz? O zaman Azərbaycan da Laçın dəhlizinin girişində analoji sərhəd zastavasının yaradılması hüququnu özündə saxlayır. Digər məqbul variant ondan ibarətdir ki, tərəflərdən heç biri bu və ya digər yerdə nəzarət-buraxılış məntəqəsi qurmur, rabitə açıq və nəzarətsiz fəaliyyət göstərir.

Ermənistan bu təkliflə hələ də razılaşmayıb. Bunu onların azərbaycanlı ekoloqların dekabrın 12-dən Laçın dəhlizində davam edən aksiyası ilə bağlı müxtəlif beynəlxalq strukturlara etdiyi şikayətlər də sübut edir. Bu şikayətlərə görə, guya aksiya sadə insanların Ermənistandan Qarabağa getməsinə mane olur. 

Elə Zəngəzur nəqliyyat kommunikasiyalarında da işlər ölü nöqtədən tərpənmir. Müharibədən iki ildən çox vaxt keçməsinə baxmayaraq, Araz boyu Naxçıvandan Azərbaycanın əsas hissəsinə gedən nə avtomobil yolu, nə də dəmir yolu bərpa olunmayıb.

Beləliklə, proses dalana dirənib. Sual yaranır: Bakı bundan sonra nə edəcək? Ermənistan-Azərbaycan sərhədində Laçın yolunun girişində tam hüquqlu gömrük-sərhəd keçid məntəqəsi yaranacaqmı? Əgər yaranacaqsa, onda nə vaxt? Axı ekoloji fəallar Şuşa yaxınlığındakı dövlət sərhədinə qanuni nəzarəti əbədi olaraq əvəz edə bilməzlər.

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı baxımından Münhendə keçirilən görüşləri müsbət qiymətləndirmək olar. 

“Bu, həmçinin, Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni formatını aktuallaşdıra bilər. ABŞ, Avropa İttifaqı və Rusiya Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təminatçısı deyil. Birincisi, Cənubi Qafqazın üç ölkəsi bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Böyük regional və dünya güclərinin regionda gedən hərbi-siyasi proseslərə müdaxiləsi isə gərginliyin artmasına və ziddiyyətlərin artmasına səbəb olur.

Azərbaycan və Ermənistan arasında davamlı sülhün əsas şərti məhz bir-birinin ərazi bütövlüyünə hörmətdir. Ermənistan rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etsə də, danışıqlarda “Dağlıq Qarabağ” ifadəsini müzakirəyə çıxarmaq istəyir. Bu isə sülh prosesini pozmağa və ya gecikdirməyə xidmət edir.

Azərbaycan prezidenti Münhendə ABŞ-ın dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə Ermənistan və Azərbaycan sərhədlərində nəzarət-buraxılış məntəqəsinin yaradılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarından ayrıdır. Aydın oldu ki, ABŞ və Aİ nümayəndələri bu məsələdə İ.Əliyevlə eyni mövqedədirlər.

Hazırda ekoloji fəalların aksiyası qismən öz məqsədinə nail olub. Azərbaycan ərazisindən faydalı qazıntıların çıxarılması müşahidə olunmur. Yəqin ki, gələcəkdə bu uzunmüddətli aksiya hərbi və ya polis postları ilə əvəz oluna bilər. Sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan istənilən vaxt Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı xüsusi əməliyyat keçirə bilər.

Hazırda Azərbaycan Ermənistanla iki əsas məsələni həll etmək ərəfəsindədir. Birincisi, sərhədlərdə keçid məntəqələrinin yaradılması, ikincisi isə Naxçıvana yol açılması. Bu yollardan istifadə zamanı tərəflərin statusu dəqiq müəyyən edilməlidir. Naxçıvan Azərbaycanın bir hissəsidir və ora gedən yolun statusu Ermənistandan Xankəndinə gedən yolun statusu ilə eyni ola bilməz. Ermənistan vətəndaşlarının Qarabağa giriş-çıxışı ilə erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə giriş-çıxışı eyni rejimdə tənzimlənə bilməz.

Təəssüf ki, sülh danışıqlarının uğuru təkcə Azərbaycan və Ermənistandan asılı deyil. Problemlərin həllində xarici amillərin rolu danılmazdır. ABŞ, Fransa, Rusiya və İranın yanaşmaları danışıqların konstruktivliyinə təsir edir”, - Məmmədli yekunlaşdırıb.

Rauf Orucov