“İlham Əliyev qələmini yerə qoymamış, təklif edirəm…”
25 Oktyabr 2019
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Rutgers universitetinin professoru, iqfisadçı alim Qubad İbadoğlu Azərbaycanda başlanmış struktur və kadr dəyişikliklərinə münasibət bildirərkən qeyd edib ki, çox güman, onlar davam edəcək. Amma alimin fikrincə, ölkədə struktur islahatları ilə bağlı konsepsiya və proqramın olmadığı görünür, onlar sistemli şəkildə həyata keçirilmir.
“Ölkədə belə dəyişikliklərə həqiqətən ehtiyac var, - professor Qubad İbadoğlu deyir. - Eyni zamanda mövcud institutların birləşdirilməsi, daha da təkmilləşdirilməsi üçün bir sıra institutların səlahiyyətlərində dəyişikliklər aparılması çox önəmlidir. Amma bu, proqram çərçivəsində baş verməlidir. Görsənməlidir ki, Azərbaycanın idarəetmə sistemində hansı strukturlar fəaliyyət göstərəcək, onlar arasında münasibətlər, koordinasiya əlaqələri necə qurulacaq, bu strukturlar necə optimallaşdırılacaq, büdcə baxımından hansı rasionallığa gətirib çıxaracaq və nəticədə büdcədə idarəetmə xərclərinin azalmasını təmin edə biləcəkmi? Çünki həmin idarəetmə xərcləri üst-üstə büdcənin ümumi xərclərinin 7,5%-ə qədəridir, bu da az deyil”.
Başqa bir çıxışında Qubad İbadoğlu prezidentə, “qələmini yerə qoymamış”, islahatların dairəsini genişləndirməyi təklif edir:
1) gələn ildən tibbi sığortanın tətbiqini nəzərə alaraq, Səhiyyə nazirliyi ləğv edilsin və ya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə birləşdirilsin; 2) silahlı qüvvələrin texniki təchizatını bir mərkəzdən idarə etmək üçün Müdafiə Sənayesi nazirliyi Müdafiə nazirliyinə birləşdirilsin; 3) Fövqəladə Hallar nazirliyi ləğv edilsin və onun bazasında dövlət komitəsi yaradılsın; 4) əksər idmançıların polis orqanlarında çalışdığını, gənclər siyasəti ilə prezidentin özünün məşğul olduğunu nəzərə alaraq, Gənclər və İdman nazirliyi ləğv edilsin; 5) qeyri-neft sektoru ilə neft-qaz sektoru arasında balansı təmin etmək üçün Energetika nazirliyi də İqtisadiyyat nazirliyinə birləşdirilsin.
“Beləliklə, ölkədə nazirliklərin sayını 12-yə qədər azaltmaq mümkündür ki, bu da idarəetmənin optimallaşmasına və büdcə xərclərinin azaldılmasına gətirib çaxaracaq”, deyə alim təkliflərini yekunlaşdırır.